Universitet qəzetlərində təbliğat mexanizmi. Real durum və müasirlik!

Bir neçə gün öncə sosial şəbəkədə Aqrar Universitetin orqanı olan “Aqrar mütəxəssis” qəzetinin redaktoru Maarif Rzayevin paylaşdığı bir statusla  rastlaşdım. Düzü bu statusu bir yaradıcı insanın harayı kimi qəbul etdim.Bir vaxtlar adı çəkilən orqanın (əvvəllər “Kadr uğrunda” adlanırdı) əməkdaşı olmuş və qəzetin işini əsl yaradıcılıq üçün  qənaətbəxş hesab etməyərək, ərizəmlə işdən çıxmış bir insan kimi 27 illik vaxt məsafəsinin qəzetin işində heç bir dönüş yaratmadığını düşünmək zorundayam. O dövr üçün  stereotip sayılan qayda-qanunlardan imtina edərək, yeniliyə can atmaq, daha geniş fəaliyyət üçün meydana sahib olmaq arzusu ilə qəzetdən getdim. Üstündən bu illərin keçməsinə baxmayaraq, qəzet özünün inkişaf mərhələsinin pik həddindədir. Amma yenə də  öz köhnə ənənələrini qoruyub saxlamaqda, azad sözün yer tapmadığı bir məkana çevrilməkdədir. Ortaya bir sual çıxır:- Universitet qəzetləri günümüzün hansı reallığının qurbanıdır? Bu və digər məsələləri araşdırmağa çalışaq!

Maarif Rzayevin paylaşdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:

“Son 10 il ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin qocaman nəşrinə rəhbərlik etdiyim dövr media fəaliyyətimin maraqlı hissəsi kimi yadda qaldı. Çoxsaylı tədbirlər, elmi konfranslar, məhsuldar görüşlər elm adamları haqqında qələmə alınmış yazılar, tələbə həyatına dair fikirlər, müsahibələr, oçerklər, reportajlar və s. bu kimi ağır əqli əmək tələb edən jurnalist zəhməti tarixi salnamə kimi arxivləşdi. Bu gün çap medianı üstələyən elektron informasiya vasitələrinə önəm verilməsi qəzetə olan marağın xeyli azaldığını göstərir. Bu bir reallıqdır. Lakin etiraf etməliyik ki, qəzet oxumaq həvəsi olan insanlar hələ az deyildir. Dünyanın ən böyük şəhərlərində kitab və qəzet oxumaq dəb deyil, gündəlik ehtiyacdır. Bu gün Londonda, Moskvada, Parisdə və dünyanın digər iri  meqapolislərində metro və avtobuslar sözün əsl mənasında oxu zalını xatırladır. Bu şəhərlərin nüfuzlu təhsil ocaqlarında isə qəzet və kitab əllərdən düşmür. Bəs Azərbaycanda necə, iri təhsil müəssisələrində, o cümlədən ADAU-da  qəzet çapına ehtiyac varmı? Yeganə ali aqrar təhsil müəssisəsinin müəllim və tələbə kollektivinin, o cümlədən qəzetçilərin bu barədə fikirləri maraqlıdır. ADAU 90 yaşlı tarixi nəşrini qoruyacaq, ya “donduracaq”? Yanaşmalar müxtəlifdir. Məsələ burasındadır ki, yay aylarında universitetimizin informasiya qurumlarında baş verən dəyişiklik, yeni şöbənin yaradılması qəzetin baş redaktorunun sərbəst fəaliyyətində məhdudiyyətlərə istiqamətləndirilib. Yeni tələblər universitet nəşrinin “ölüm-qalım” məsələsini ortaya qoyub. Əslində bu tələblərin özündə belə bir yenilik müşahidə edilmir. Elə isə, Rektorluğun və universitetin uğur və nailiyyətlərini uzun illər( nə az, nə çox 90 ilə yaxın) vaxtaşırı işıqlandıran, ümumi problemlərimizi gündəmdə saxlamaqla təhsil müəssisəsinin xoşməramlı söz tribunasına çevrilmiş qəzetini və  onun redaktorunu ADAU-nun 100 illik yubileyi ərəfəsində aşağılamaq universitetə şərəf gətirirmi? Bu kimlərə və nə üçün lazımdır?

Xahiş edirəm müzakirələrdə fəal olun və fikirlərinizi yazılı şərh edin.Əvvəlcədən təşəkkürlər.”

Bu gün inkişafda olan cəmiyyətin həyatında KİV-in rolu əvəzedilməzdir.Sosial-siyasi, həmçinin bir sıra iqtisadi vəzifələr müasir KİV-in yaxından iştirakı və köməkliyi ilə həyata keçirilməkdədir. Bununla yanaşı, oxucu və ya tamaşaçı auditoriyası da günü-gündən genişlənməkdə, məlumatların sayı da durmadan çoxalmaqdadır. Ənənəvi jurnalistika qarşılaşdığı müasirlik ilə müqayisədə daha aciz görsənməkdədir. Bu yarışda qalib kim olacaq? Hər halda müasirlik öz sözünü oxucu niyyətində və mövcud durum ilə deməkdədir. Bu, kütləvi informasiya vasitələrinin bir sıra ənənəvi proseslərin strukturunda və məlumatların yayılması işində ciddi dəyişikliklərin həyata keçirilməsinə zəmin yaradır. Lakin, büdcədən maliyyələşən bu nəşrlər öz işində hansı dəyişiklikləri həyata keçirmək iqtidarındadır? Bu sual həmişə açıq olaraq qalacaqdır. Bəs, başqa cür necə olsun, axı  real həyatda yeni proqresiv texnologiyaların yaratdığı üstünlüklərdən imtina etmək mümkünsüz görsənir. Demək, müasir çap texnologiyaları, ənənəvi çap üsullarından imtinanı daim önə gətirir. Televiziya, sosial şəbəkələr, onlayn qəzetlər… müasir çap texnologiyasının yaratdığı bu üstünlüklər oxucu auditoriyasının böyük bir hissəsinin diqqətini özünə yönəltmişdir. Oxucu kütləsinin yalnız bir hissəsi ənənəvi nəşrlərin yaratdığı şəraitdən istifadə etməyə can atmaqdadır.

Qəzet  də kütləvi informasiya vasitəsi  olub, azı ayda bir dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşrdir. Qəzetlər xəbərləri və maraqlı faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində, insanların məlumatlandırılmasında mühüm rol oynayırlar( və yaxud oynamalıdırlar).

Lakin qəzetlər digər kütləvi informasiya vasitələri – televiziya və radio ilə müqayisədə müəyyən üstünlüklərə və daha artıq imkanlara malik deyildir. Bununla birlikdə, qəzet daha çox məlumatı daha müfəssəl şəkildə işıqlandıra bilir, radio və televiziyada gedən xəbərlər isə xülasə xarakteri daşıyır.  Qəzetlər də yerli xəbərlərin işıqlandırılması yönündə çalışır və bundan  başqa, informasiyanı məsələn, jurnallara nisbətən daha operativ sürətdə təqdim edir və şərh verirlər.

Qəzetlər əsasən gündəlik və həftəlik olurlar. Ayda bir dəfə nəşr olunan və dövlətimiz tərəfindən maliyyələşdirilən qəzetlər də mövcuddur ki, bunların sırasında ali təhsil ocaqlarında nəşr olunan qəzetlər də vardır. Bəs, köhnə təcrübədən yadigar qalan bu mexanizm təhsil ocaqlarında hansı əhəmiyyətə malikdir? Gündəlik həyatla ayaqlaşa bilirmi,hansı tərəfdən elmin inkişafına,  tələbə- müəllim heyətinin maraqlarına cavab verir? Tələbə və müəllimlər bu nəşrlərdə dərc olunan materiallara hansı dərəcədə maraq göstərirlər? Bu, onların təhsillə bağlı həyatına hansı dərəcədə təsir edir? Ümumiyyətlə, bu materiallar ayda bir dəfə dərc olunmaqla hansı dərəcədə operativdir? İnanıram ki, universitet qəzetləri sadaladığım məhz bu problemlərlə bu gün də qarşılaşırlar.

Universitet qəzeti-həmin təhsil ocağının iqtisadi, sosial və mədəni həyatında effektli vasitədir və təhsil həyatının güzgüsü olmalıdır. Bir zamanlar həqiqətən də belə idi. Sovetlər dönəmində ali təhsil ocaqlarının rəhbərliyi daim öz işinin səviyyəsini  bu qəzetlərlə qaldırmağa, qəzetlərin fəaliyyətini məharətlə düzgün səmtə istiqamətləndirməyə, təhsildə təlim-tərbiyə işinin ən yaxşı nümunələrini təbliğ etməyə, mövcud olan çatışmazlığın tənqidinə, bu sahəyə işgüzar və operativ reaksiya verilməsinə can atırdı. Yerli nəşrlərdə tənqidi çıxışlara tez bir zamanda reaksiya verilir, rəhbərlikdən bu tənqidlərə düzgün münasibət tələb olunurdu. Belə bir şəraitdə jurnalistika əsl mahiyyəti ilə oxucuların istənilən təbəqəsi üçün üz tutulan bir sahə idi.

Müasir tələblərlə ayaqlaşa bilməyən, günümüzün reallığı ilə səsləşməyən, yalnız qəzetin yeni nömrəsinin işıq üzü görməsi ilə kifayətlənən redaksiyalar öz işini bununla bitmiş hesab edirlər. Bu, onların çoxlu enerji və əmək sərf etdikləri gözəl bir işin səviyyəsini heçə endirir.

Onlayn jurnalistikanın əsas özəlliklərindən biri gündəlik operativ məlumatların (janr üslubundan və yazıların  xarakterindən asılı olmayaraq) oxucu kütləsinə vaxtlı-vaxtında çatdırmasından ibarətdir. Qəzet və jurnallar öz xarakteri ilə bu özəlliklərdən məhrumdurlar. Bu gün ənənəvi və müasir nəşr üsullarını araba və kosmik gəmilərlə müqayisə də etmək olar. Birincisi keçmişi, digəri isə müasirliyi xatırladır. Ali təhsil ocaqlarında onlayn jurnalistikaya üstünlük ən yaxşı işlərin təbliğinə, təhsildə və təlim-tərbiyədə daha üstün və zəif sahələrin aşkar edilməsinə, bütün kollektivin işinin səviyyəsinin vahid mənzərəsininin yaradılmasına şərait yaradardı.

Tələbə və müəllimlər bu gün sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər. Onların arasında yaradıcı, kreativ düşüncəyə malik, daim inkişafa can atan gənclər çoxdur və biz də bir təhsil portalı olaraq onların bizə göndərdiyi çoxsaylı materialları dərc etməkdəyik. Universitetlərdə tələbə-müəllim kollektivinin yaradıcılıq potensialını özündə əks etdirən media mərkəzlərinin, onlayn mətbu orqanlarının, universitet televiziyalarının təşkili universitetlərin təhsil həyatında böyük bir dönüşə səbəb olardı. Əgər universitet qəzetləri həqiqətən də sadaladığımız bu işlərin öhdəsindən gəlməyə qadir deyillərsə, onda, bu nəşrlərin lap 100 illik tarixə malik olması da önəmli deyildir. Və kimin jurnalistika sahəsində neçə il iş stajına malik olması da əldə bayraq edilməməlidir.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.