Tolerantlığın, mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi…

Məlum olduğu kimi fevralın 22-də Azərbaycaının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə – IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. Birinci Vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb. Ordeni Mehriban xanım Əliyevaya Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin təqdim edib.
Qeyd edək ki, bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə görə təltif olunurlar. Böyük Xaç – dövlət başçılarına və yüksəkvəzifəli dövlət xadimlərinə təqdim olunan xüsusi dərəcədir. İtaliya Respublikasının hazırkı Prezidenti Sercio Mattarella, İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri, o cümlədən Corcio Napolitano, həmçinin tac qoyulmuş şəxslər – İsveç kralı XVI Qustav, Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan Karlos və Belçika Kralı II Albert bu ordenə layiq görülənlər sırasındadır.
Azərbaycaının Birinci Vitse-prezidentinin bu ali mükafatla təltif edilməsi təsadüfi deyil. Mehriban xanım Əliyeva dünya miqyasında nüfuzlu ictimai xadim, humanitar diplomatiyanın ən görkəmli xadimlərindən biridir və son illərdə dünya sivilizasiyasının zənginləşməsinə dərin töhfə verən qadın lider kimi xüsusi diqqətəlayiq fəaliyyəti ilə seçilməkdədir. Onun müasir dünya mədəniyyətinə, humanitarizmə münasibəti və əvəzsiz xeyriyyəçilik fəaliyyəti beynəlxalq cəmiyyət tərəfindən bəyənilir, müxtəlif sosial, siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək obyektinə çevrilir. Bu baxımdan, Mehriban Əliyevanın qlobal miqyasda geniş vüsət alan xeyirxahlığı diqqətdən kənarda qalmır.
İctimai, sosial, elmi-mədəni, humanitar, idman və digər sahələrində misilsiz uğurlara imza atan Mehriban xanımının xidmətləri bu baxımdan hər zaman yüksək qiymətləndirmişdir. Bir çox ölkələrin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycanın Birinci xanımının ismi xüsusi olaraq qeyd edilir. Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə verdiyi böyük dəstəyə, xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə , ən yüksək ali mükafatlarla təltif edilmişdir.
Mehriban xanım Əliyevanın həm mədəni-humanitar, həm də ictimai- diplomatik fəaliyyətində İtaliya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın dünyada mədəniyyətlərarası dialoqun, multikulturalizm ideyasının genişlənməsində fədakar əməyi İtaliya üçün böyük maraq kəsb etmişdir. İki ölkə arasında mədəniyyət sahəsində möhkəm əlaqələr qurulmuşdur. Onun təşəbbüsü ilə həyata keçirilən sosial-mədəni tədbirlər, mədəniyyətlərarası dialoq təşəbbüsləri rəsmi Roma tərəfindən əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynamışdır.
2005-ci ilin mart ayında Prezident İlham Əliyevin İtaliya Respublikasına və Vatikan Dövlətinə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələnin başlanmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün ayrıca xüsusi səfər proqramının tərtib olunması onun güclü diplomat və ictmai statusunun göstəricidir. Mehriban Əliyeva həmin proqrama uyğun olaraq, möhtəşəm tarixi abidə kimi öz füsunkar gözəlliyi ilə seçilən Prezident sarayı ilə tanış olmuş, Romadakı uşaq xəstəxanasına və nadir incəsənət muzeylərinə baş çəkmişdir.
Mehriban Əliyevanın Vatikanda keçirdiyi görüşlərdə multikulturalizmə və tolerantlığa verdiyi töhfə yüksək qiymətləndirilmişdir. Bu görüşlərdə Heydər Əliyev Fondunun təşəbbüsü və vəsaiti hesabına həyata keçirilmiş layihələr təqdir edilmiş, Mehriban xanımın bu çətin və şərəfli işi, xeyirxahlığı, dəyərli ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Mehriban Əliyevanın İtaliya səfərləri zamanı Roma Papası ilə görüşləri də mühüm əhəmiyyət daşıyan hadisə kimi xarakterizə edilə bilər. Onun 2014-cü ilin iyun ayında Roma Papası Fransisk ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsi qeyd edilmiş, Mehriban Əliyevanın bu əməkdaşlığın mədəni irsin qorunması sahəsində xidmətləri təqdir olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Roma katakombalarının bərpası isə xüsusilə yüksək qiymətləndirilmişdir.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfərləri tərəflər arasında yaxın dostluq əlaqələrinin artmasına səbəb olmuş, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında 2012-ci ildə imzalanmış ikitərəfli müqavilə qardaşlıq, dostluq, əməkdaşlığın yeni müstəvidə inkişafına zəmin yaratmışdır. Fond ilə Vatikanın Mədəniyyət Nazirliyi arasında son illər humanitar sahədə olan əməkdaşlıq da dərinləşmiş, bu ölkədə mühüm layihələrin həyata keçirilməsi bəşəriyyət üçün xoş təsir bağışlayan nümunəvi addım kimi dəyərləndirilmişdir. Mehriban Əliyevanın dünya irsinin nadir incilərinə olan xüsusi hörməti Vatikanda bir çox dəyərli tarixi abidələrin bərpasına səbəb olmuşdur.
Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olmuşdur. Çoxmillətli, çoxkonfessiyalı ölkə kimi tolerantlıq və dözümlülük ideyaları üzərində qurulmuş Azərbaycan dövləti bu gün bütün dünyaya multikulturalizm nümunəsi təqdim edir. Ölkəmiz dinlərarası münasibətlərin ən səmərəli, ən xeyirxah forması olan güclü platforma yaradır. Bunun bariz nümunəsi xristian abidələrinə diqqətdir. Bu baxımdan, Roma imperiyası dövrünə aid olan Zevsin heykəlinin bərpa olunmasında Heydər Əliyev Fondunun xidmətləri əvəzolunmazdır. Müqəddəs Marçellinio və Pietro katakombaları ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında məhz bu katakombalar xristian aləmi üçün ən mühüm və ən müqəddəs abidələrdən hesab edilir. Məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət edən Vatikanın çağırışına Heydər Əliyev Fondunun cavab verməsi sivilizasiyalara, dəyərlərə verilən ən böyük ehtiram idi. Məhz Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilmişdir. İtaliya və dünya ictimaiyyəti Fondun bu addımını dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən sanballı töhfələr kimi qiymətləndirmişdir.
Heydər Əliyev Fondu öz fəaliyyətini genişləndirərək 2013-cü ildən etibarən İtaliyanın regionlarında da yeni layihənin həyata keçirilməsinə başlamışdır. Fondun yerinə yetirdiyi bu missiya iki ölkə arasında mədəni əlaqələrin inkişafına təsir etməklə yanaşı, İtaliya ictimaiyyəti arasında ölkəmizin müsbət imicinin formalaşdırılması və möhkəmləndirilməsi baxımından da mühüm rol oynamışdır.
Azərbaycan-İtaliya münasibətlərinin dinamikasına Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu ölkənin yüksək vəzifəli dövlət və hökumət üzvləri ilə keçirdiyi görüşlər müsbət təsir göstərmişdir. Bu görüşlərdə yeni layihələrin icrası ilə bağlı aparılan səmərəli danışıqlar əsas yer tutur. 2016-cı il martın 9-da Mehriban Əliyeva İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşündə də dövlətlər arasında sıx münasibətlərə təkan verən mühüm məsələlər ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji sahələrində mövcud olan uğurlu əməkdaşlığa toxunan Mehriban Əliyeva humanitar əlaqələrin xüsusi əhəmiyyətindən danışmışdır. Səfir Ciampaolo Kutillo son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada bir çox tədbirlərin həyata keçirilməsinin İtaliya ictimaiyyətində dərin minnətdarlıqla qarşılandığını diqqətə çatdırmışdır.
Mehriban xanımın 2016-cı il sentyabrın 29-da ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü də faydalı müzakirələr baxımından əlamətdar olmuşdur. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırmışdır.
İtaliaya Senatında nümayəndələri Azərbaycanla əlaqələrin yaxşı dostluq mühitində möhkəmləndiyini və gerçəkləşən layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildirmişlər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər. Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulamışdır.
Azərbaycan-İtaliya əlaqələrinin bütün sahələrdə artan dinamikası strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynamışdır. İtaliya Azərbaycanın Avropada ən güclü və böyük ticarət tərəfdaşı olmaqla yanaşı, beynəlxalq tədbirlərdə siyasi dəstəyini nümayiş etdirən ölkələrdən biridir. Rəsmi Roma Azərbaycanın haqlı mövqeyni hər zaman dəstəkləmiş, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin yanında olduğunu siyasi iradəsi ilə təsdiqləmişdir. Bu xidmətlərə görə, Azərbaycan hökuməti İtaliyanın dövlət və hökumət üzvlərini ən yüksək mükafatlarla təltif etmişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-İtaliya əlaqələrinin uğurla inkişafına verdiyi dərin töhfə qarşı tərəfin hər zaman yüksək siyasi hörmətin ifadəsi kimi qiymətləndirilmişdir. 2018-ci il iyulun 18-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində təltif etmə mərasimlərinin keçirilməsi dost ölkələr arasında siyasi münasibətlərin möhtəşəmliyini nümayiş etdirmişdir. Həmin səfər zamanı Mehriban Əliyevanın İtaliyanın “Xidmətlərinə görə” ordeni ilə mükafatlandırılması bu ehtiramın nümunəsi olmuşdur.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya 2020-ci il fevralın 19-dan 23-dək olan dövlət səfəri zamanı açıq müzakirələrdə və zəngin siyasi dialoqlarda bir daha Azərbaycanın dünyada sülh və təhlükəsizliyə, tolerantlığa töhvə verən dövlət olduğu bəyan edildi. Mehriban xanım Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşündə də Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürdüyü, xalqımızın rifah içərisində yaşadığı diqqətə çatdırıldı. Papa Fransiskin bəyan etdiyi kimi Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlər region üçün nümunədir, Azərbaycanda höküm sürən möhkəm sabitlik şəraitində bütün dini konfessiyalar, dini təriqətlər qardaşlıq şəraitində fəaliyyət göstərir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin müsəlmanlar, xristianlar və yəhudilər arasında olan dərin və güclü harmoniyanın əldə edilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri xüsusi yer tutur. Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi də məhz Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq səviyyədə verilən böyük dəyərdir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Vaqif Abdullayev adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.