Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Gənclər Sarayının binasının əsaslı şəkildə bərpasına başlanılır.
Etmtv.news Report-a istinadən xəbər verir ki, bunu şəhər meri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, bərpa və yenidənqurma işləri Tbilisi İnkişaf Fondu tərəfindən həyata keçirəcək. Mer binanın yaxşı vəziyyətdə olmadığını və bərpa işlərinin bir neçə il davam edəcəyini deyib.
– “Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 700 000 lari təşkil edəcək. İşlər 2023-cü ilin iyun ayınadək davam etdiriləcək. Binanın fasadı, interyeri, dam örtüyü və həyəti də yenilənəcək”. -deyə qeyd edən K.Kaladze tikilinin mədəni irs nümunəsi olduğunu və bütün işlərin xüsusi diqqətlə aparılacağını bildirib.
Qeyd edək ki, binada təmir-bərpa işləri ilə bağlı tender ötən ilin martında elan olunub. İşlərin 2021-ci ildə yekunlaşdırılacağı bildirilsə də, pandemiya səbəbindən müddət təxirə salınıb.