Müəllimlik müqəddəs, şərəfli peşədir. Böyük, nəcib sənət olduğu qədər də məsuliyyətlidir. Bu məsuliyyət biz müəllimləri daha yaxşı işləməyə, şagirdlərdə elmə, biliyə, ictimai işlərə, yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirmək həvəsini artırmağa sövq edir.
Şagirdlər daxili dünyası, öz maraqları və tələbatı olan varlıqdır. Bu maraqları duymaq və lazımi istiqamətə yönəltmək özü də pedaqoqdan bir bacarıq və məharət tələb edir.
Şagirdlərin vətənpərvərlik tərbiyəsi məktəbimizdə aparılan tərbiyə işlərinin mərkəzində dayanır. Bunun nəticəsində başlıca diqqət, şagirdlərdə milli iftixar, vətənpərvərlik, milli mənlik, tarixi yaddaşın formalaşması kimi tərbiyəvi keyfiyyətlərin aşılanmasına yönəldilib. Bu səbəbdən, məktəbimizdə tədbirlərin məzmunlu təşkili və keçirilməsinə xüsusi əhəmiyyət verilir. Milli-mənəvi dəyərlərimizin şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını nəzərə alan müəllim kollektivi məktəbimizdə təşkil edilən tədbirlərin tərbiyəvi xarakter daşımasına böyük üstünlük verir. Bu tədbirlər sırasına şəhərimizin tarixi yerlərinə, görkəmli mütəfəkkir və ədiblərimizin, müharibə qəhrəmanlarının ev muzeylərinə ekskursiyalar, əmək və müharibə qəhrəmanları və ya sadəcə, təqaüdçülər ilə görüşləri də daxil etmək olar.
Belə görüşlərdən biri 16 yanvar 2019-cu il tarixdə məktəbimizdə Cavad xanın kötücəsi, Ziyadlı Valid Cavad oğlu, milli kinomuzda və milli teatr səhnəmizdə Cavad xan obrazını canlandıran, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı ilə keçirilmişdir. Görüşə “Cavad xan” fondunun prezidenti Valid bəy Ziyadlı ilə bərabər bu fondun vitse-prezidenti Müzadil Zauroğlu da qatılmışdı. Görüş çox təmtəraqlı keçmiş, məktəbin müəllim və şagird kollektivinin yaddaşında unudulmayacaq iz salan bir təəssürat yaratmışdı. Sonralar tədbirin iştirakçılarından biri – Müzadil Zauroğlu sosial şəbəkədə görüşdən aldığı təəssüratlarını belə qələmə almışdı:- “Dünən əvvəlcədən planlaşdırmadığımız, lakin çox maraqlı və faydalı bir tədbirimiz oldu. Gəncə şəhər 37 saylı məktəbin kollektivinin və şəxsən Aynur xanım Abbasovanın dəvəti ilə bu məktəbin şagirdləri ilə kiçik bir görüşümüz tutdu. Əminəm ki, bu tədbir, ələlxüs də Nurəddin müəllimin alovlu çıxışı balalarımızın xatirində ömür boyu unudulmayacaq bir iz buraxdı. Uşaqların baxışları, üz ifadələri, gözlərindəki qığılcım hər şeyi deyirdi…
Çox inanıram ki, bu qısa tədbirimizdə Vətənimiz, torpağımız, millətimiz üçün layiqli övladlar yetişdirilməsi yolunda kiçicik bir töhfə verə bildik.”
Məktəb uşaqlar üçün ikinci ev sayılır. Onlar bu evdə böyüyür, təhsil alır, gələcəyə vəsiqə alırlar. Onların bir vətəndaş kimi formalaşmasında əsas rolu məhz məktəb daşıyır.
Vətənpərvərlik tərbiyəsi aşağı siniflərdən başlayaraq paralel surətdə və bir çox istiqamətlərdə aparılır. Məktəbimizdə vətənpərvər vətəndaş tərbiyəsinin formalaşdırılmasında bir çox müvafiq fəaliyyət formalarının təşkilinə də yer verilir. Bütün bunlar sözsüz ki, bu tərbiyənin səviyyəsinin artırılmasına öz töhfəsini verir. Biz pedaqoqlar məktəblilərlə vətənpərvərlik tərbiyəsi işini bu istiqamətdə qurur, gənc nəsli təcrübədən keçmiş üsullarla xalqımıza, dövlətimizə məhəbbət ruhunda tərbiyə edir, dövlətimizin əbədiliyini və gücünü şagirdlərimizə təlqin edirik.
Aynur Abbasova, Gəncə şəhər 37 saylı ümumi orta məktəbin ibtidai sinif müəllimi.
Chox gerekli meseleye toxunursuz. Ugur olsun
Təşəkkür edirəm diqqətinizə görə.