Məktəbin üzərinə düşən ən mühüm vəzifələrdən biri də şagirdlərdə vətənpərvərlik hissinin aşılanmasıdır. Vətənpərvərlik nədir? Vətənpərvərlik bir fərdin ölkəsinə, vətəninə duyduğu sevgi ilə bağlılıqdır.Vətənpərvərlik anlayışı millətçi zəminində etniklər arasında qarşıdurma yaradan anlayış yox, xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən hissdir.
Bu gün Azərbaycanda vətənpərvərlik anlayışı bildirən məna torpağa, vətənə bağlılıq ifadə edir. Bu hiss insanlarda anadan gəlmə olsa da, tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, ən vacib vəzifələrdən olub. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşüdüyü tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər zamanı verilən məlumatlardan şagirdlər vətənimizin zəngin tarixi, xalqımızın öz varlığını qorumaq, azadlıq və müstəqillik uğrunda apardığı mübarizələr şagirdlərdə vətənpərvərlik hissini daha da artırır. Azərbaycanın tarixi keçmişi və bu günü ilə bağlı hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər bir kəs əsl vətəndaşdır. Xüsusilə ərazilərinin 20% -i işğal altında olan Azərbaycanda hərbi – vətənpərvərlik hissinin aşılanmasına xüsusi ehtiyac var. Ona görə də məktəblərdə “Cəsurlar”, “Şahinlər”kimi hərbi-idman oyunlarının keçirilməsi vacibdir. Bizim məktəbdə də “Şahinlər” idman oyunu keçirilir. Şagirdlərin hərbi forma geyinməsi, onların özlərini əsgər kimi hiss etməsinə səbəb olur. Bu da şagirdlərdə vətənə olan sevgini artırır.
Məktəbimizdə vətənpərvərlik hissinin aşılanmasına yönəldilən işlərə xüsusi fikir verilir, mütəmadi olaraq şagird və müəllim kollektivi ilə bu zəmində söhbətlər aparılır, valideyinlər ilə tez-tez görüşlər keçirilir, ailə-məktəb əlaqələrinin daha sıx olması üçün bütün vacibi addımlar atılır. Vətənpərvərlik hissinin aşılanması üçün məktəbimizdə müxtəlif tədbirlər keçirilir. Bu tərbirlərin təşkilində məktəbin direktor müavini Gülnara Əliyevanın əməyi böyükdür. Gülnara Əliyevanın təşəbbüsü ilə əmək və müharibə veteranları ilə tez-tez görüşlər keçirilir. Məktəbin məzunları hərbi xidmətlərini başa vurduqdan sonra məktəbə gəlməsi, müəllim və şagirdlərlə görüşməsi ənənəvi hal alıb. Bu da şagirdlərdə vətənə olan sevgini artırır.
Milli qəhrəmanların ailələri ilə görüşlər keçirilir. Şəhərin Şəhidlər Xiyabanına tez-tez ekskursiyalar təşkil olunur. Vətən uğrunda şəhid olan qəhrəmanların şəkillərindən ibarət fotostendlər və albomlar hazırlanır. Məktəbimizi müxtəlif vaxtlarda bitirmiş vətən uğrunda şəhid olan məzunlar üçün direktor müavini G. Əliyevanın təşəbbüsü ilə Şəhidlik zirvəsində adlı xüsusi stend hazırlanmışdır.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tarix gecələri keçirilir. Məktəbimizdə keçirilən bu tədbirlər şagirdlərin vətənə olan sevgisini artır, vətənpərvərlik hissinin aşılanmasına böyük müsbət təsir göstərir.
Mehdi Əliyev, Gəncə şəhər 37 saylı ümumi orta məktəbin direktoru.