Tarixə şahidlik edən Şah Abbas və Uğurlu xan karvansaraları

Ulu Nizami yurdu qədim Gəncə tarixi abidələrlə öz gözəlliyini əsrlərdir qoruyub saxlamaqdadır. Tarixə şahid olan bu abidələr sırasında yan-yana yerləşən Şah Abbas və Uğurlu xan karvansaralarının xüsusi yeri var.
Gəncənin maddi-mədəni abidələri içərisində Şah Abbas karvansarası hər zaman gözəlliyi ilə seçilib. Onun tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanılıb. Tarixi faktlar göstərir ki, karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin böyük memarlarından sayılan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa edilən karvansara iki mərtəbədən ibarətdir. Professor Şükür Şükürov bu barədə öz məqalələrinin birində yazır ki, Uğurlu ağanın tikdirdiyi karvansara da vaxtilə Şah Abbasın adı ilə tanınıb. Halbuki, Şah Abbas karvansarası XX əsrin 30-cu illərinə kimi mövcud olub. Digər bir mənbə olaraq mərhum tarixçi Fərrux Əhmədov isə məqalələrinin birində yazır: “Məscid karvansarası – Şeytanbazarın günçıxan səmtində tikilib və ikimərtəbəli geniş kvadrat formalı həyəti əhatə edir”. XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğınlar zamanı bu bina da yandırılıb və ciddi zərər görüb.
Tarixi mənbələri araşdırarkən görürük ki, Şərq şəhərlərinin quruluşunda karvansaralar yaşayış evləri və məscidlərdən sonra əsas yeri tutur. Karvansaralar əsasən iki qrupa – şəhər və yol qırağında tikilən karvansaralara ayrılır. Yol qırağında tikilən karvansaralar karvan keçən yerlərdə, bir-birindən adətən birgünlük məsafədə tikilirdi. Şəhər karvansaraları isə əsasən bazarlarda və bazarlara yaxın ərazidə inşa edilirdi. Bu isə uzaq-uzaq ellərdən gətirilən malların bazarlara daşınmasını asanlaşdırırdı. Məhz Gəncədə ticarətin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəlməsi burada da karvansaraların tikilməsi ehtiyacını doğururdu.
Qeyd etmək yerinə düşər ki, karvansaralar yalnız ticarət baxımından əhəmiyyət kəsb etməyib. Bu tarixi tikililər dünya xalqlarının mədəniyyətinin yayılmasında da yaxından iştirak edirdi, çünki həmişə yaxın-uzaq ölkələrdən gələn insanlarla dolu, qonaqlı-qaralı olurdu. Bu karvansaralarda incəsənət ustaları və ziyalılar görüşür, ədəbi-musiqili müsamirələr də keçirilir, aşıqların, xanəndələrin məclisləri qurulurdu.
Bununla da bir ölkə və onun şəhərlərində baş verən mühüm mədəni-ictimai hadisələr başqa bir ölkəyə karvansaralardan yayılırdı.
Şərqin əsas ticarət yolu (İpək Yolu) üstündə yerləşən Gəncə də öz karvansaraları ilə səyyah və tacirləri hər zaman heyran qoyub, tarixçilər də onu qibtə ilə xatırlayıblar. Qeyd etmək lazımdır ki, əvvəllər binanın indiki “Gəncə” mehmanxanasına baxan hissəsi ikimərtəbəli, arxa hissəsi isə birmərtəbəli olub, sonra əlavə olaraq ikinci mərtəbəsi ucaldılıb.
Çoxəsrlik tarixə, ulu ənənələrə və zəngin bədii təsvir vasitələrinə malik olan Azərbaycan memarlığının özünəməxsus səciyyəvi xüsusiyyətləri Gəncədə inşa edilən bu karvansaranın, xarici quruluşunda olduğu kimi, daxili interyerində də özünü göstərir. Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusabənzər yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa, həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir. İkinci mərtəbəyə qalxan pillələri 44 pillədən ibarət olmaqla karvansaranın daxilində yerləşdirib. Pillələrin yerləşdiyi hündür interyerin tavanını təşkil edən günbəzdə səkkizguşəli ulduz formasında olan şəbəkəli naxış kompozisiyası ona xüsusi milli görkəm verir. Burada həmçinin interyerin qaranlıq olmasını nəzərə alan memar səkkizguşəli açıqrəngli ulduzdan istifadə etməklə bu problemi məharətlə həll etməyə nail olub. Həmçinin, günbəzin mərkəzi hissəsinin ornament elementləri ilə kompozisiyanın sıx, yığcam qovşağı yaradılıb. Mərkəzdən kənarlara doğru yayılan həndəsi naxış elementləri kompozisiyadakı gərginliyi azaldır, ona sərbəstlik verir.
Maraqlı cəhət burasındadır ki, karvansaranın otaqlarının qapıları oval şəklində hörülən dalanla birləşir, daxili arxitekturasında iki üslub nəzərə çarpır: Şərq və Avropa üslubu. Sağ dalanın baş tərəfində Gəncənin panoramı düzəldilən yer “xəlvətxana” adlandırılıb. Eləcə də bina, bütün karvansaralar kimi, dörd tərəfdən uca divarlarla əhatə edilib. Bununla da onun qala tikililəri tipində olduğu fikrinin söylənilməsi təsdiqlənir.
Karvansaranın darvazasının birindən karvan girirdisə, digərindən çıxırmış. Böyük darvazalar qala qapıları kimi axşamlar bağlanırdı. Burada otaqların qızdırılması üçün buxarılar qoyulub. Tarixi mənbələr göstərir ki, XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Gəncə karvansaraları arasında bu karvansara ən nüfuzlu və qonaqpərvər yerlərdən biri hesab edilib.
Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən Şah Abbas və Uğurlu xan karvansaralarında rəssam Cavanşir Məmmədovun rəhbərliyi ilə kompleks bədii tərtibat, bərpa və abadlaşdırma işləri aparılıb. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanın milli-mənəvi dəyərlərinin üzə çıxarılması, o cümlədən tarixi abidələrin bərpa olunub xalqın istifadəsinə verilməsi sahəsindəki əməli addımlar respublikamızda geniş vüsət almışdı. Bu dövrdə karvansarada “Azərbaycan miniatürləri” muzeyi, “Məhsəti Gəncəvi” – qadınların yaradıcılığı muzeyi yaradılıb. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin Gəncəyə növbəti səfəri zamanı burada görülən işlərlə tanış olmuş və onun məsləhətləri əsasında bədii tərtibat işləri üç istiqamətdə həyata keçirilmişdi. Bu ardıcıl kompozisiyalar özlüyündə Orta əsr rəssamlarının yaradıcılığını tərənnüm edirdi. Tərtibat işlərinin ikinci qolu isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına və qoca Şərqin İpək Yoluna həsr edilərək illüstrativ kompozisiyalardan ibarət olub.
Şah Abbas və Uğurlu xan karvansaraları ölkə başçısı İlham Əliyevin göstərişi əsasında yenidən bərpa olunub. 2012-ci ildən başlanan təmir-bərpa işləri 2020-ci ildə yekunlaşıb. Tarixi abidənin bərpası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında icra edilib. “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi 2020-ci ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bərpadan sonra istifadəyə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.