Tanınmış teatrşünas-tənqidçi Mingəçevir məhkəməsinə müraciət etdi

Teatrlar tənqidləri qəbul etmək istəmir – teatrşünasları təhqir və təhdid etmək daha asandır?

Bəs yaradıcılıqda bir çox mübahisələr və problemli məsələlər necə yaranır? Çox sadə. Tənqidə dözümsüzlük, öz üzərində işləməmək həvəsi, yaradıcılıq qabiliyyətinin aşağı olması, tənqiddən nəticə çıxarmamaq, çox vaxt da çalışdığın sahədə özün haqda həddən artıq məmnunluq-müştəbehlik…

Bu kimi faktların sayını çoxaltmaq da olar. Əgər insanlar bu cəhətlərinə diqqətli olsalar, bir çox problemlərin qarşısı yaranmamışdan alınardı. Bunun teatrda tamaşaların hazırlanmasına da böyük aidiyyatı var. Sadaladığımız bu cəhətlər onlarla uğursuz tamaşalara yol açmaqdadır. Heç də sirr deyildir ki, teatrlarda baş verən saysız-hesabsız neqativ olaylar artıq tamaşaçıları sənət ocaqlarından da  uzaq salmışdır. Bu səbəbdən teatrların qapıları tamaşaçı üzünə həsrətdir.

Bunun bir çox digər səbəbləri də mövcuddur. Belə ki, müasir teatrlar  teatrşünas və tənqidçilərin fəaliyyətini lüzumsuz bir iş sayır, onları ilk təmasdan hədə-qorxu ilə özlərindən uzaqlaşdırır, bununla da tamaşaların hazırlanmasında olan real çatışmazlıqları ört-basdır edir. Bu da bir çox biabırçı hallara yol açır. Onlardan biri haqda danışacağıq.

Anar Burcəliyev Qərb regionunda fəaliyyət göstərən yeganə teatrşünas-tənqidçidir. Dövrü mətbuatda 450-dən artıq məqaləsi, oçerk və müsahibələri, eləcə də bu sahə üzrə 15 kitabın müəllifidir. Bir neçə təltifləri vardır. Bu günədək Mingəçevir Dövlət Dram Teatrının fəaliyyəti və yaradıcı heyəti haqqında 30-dan çox məqalələri nəşr olunmuşdur.

Teatrşünas-tənqidçi Anar Burcəliyev 8 dekabr 2021-ci il tarixdə növbəti monotamaşaya baxmaq üçün Mingəçevir Dövlət Dram Teatrına gedib. Tamaşanın rejissoru kimi təqdim olunan teatrın aktyoru İlqar Rəhimov olub. Tamaşaya baxarkən teatrşünas-tənqidçi  hesab edib ki, 35 dəqiqə davam edən tamaşada aktyor ifası və rejissor işi uğursuz alınıb. Əslində qeyd olunan çatışmazlıqları rejissor nəzərə almalı, gələcəkdə bu səhvlər üzərində ciddi işlənməli idi. Normal halda, bəli, belə olmalı idi. Əvəzində nə baş verib?

Səhərisi gün uğursuz rejissor işinə görə tənqid olunmuş İlqar Rəhimov etməyib tənbəllik, teatrşünasa zəng edib,  kobud tərzdə onu təhqiramiz ifadələrlə və küçə söyüşləri ilə təhqir edib. Üstəlik bütün bunlar teatrın kollektivi yanında baş verib, İlqar Rəhimov onların gözü qarşısında hörmətli teatrşünasın işgüzar nüfuzunu ləkələyən, şərəf və ləyaqətini alçaldan təhqirli sözlər işlədib.

Ortaya bir sual çıxır:- Belə əxlaqdan kəm, peşəkar qabiliyyəti dəfələrlə tənqidlərə məruz qalan, özünü cəmiyyət içində apara bilməyən, qeyri-peşəkar şəxs necə olub ki, Dövlət statuslu bir teatrda rejissor statusuna layiq görülüb? Günahkar kimdir? Onun işini tənqid edən teatrşünas-tənqidçi, yoxsa, hər yetənə vəzifələr və səlahiyyətlər verən teatr rəhbərləri?

Ümumiyyətlə, tənqidlərə dözümsüzlük göstərən teatr işçiləri savadlı  insanlara belə bir nalayiq münasibət göstərərkən nəyə əsaslanıb, bu hərəkətlərə yol verirlər?

Yaradıcı insanlara belə münasibətlər yolverilməzdir, çünki bu, tək işgüzar nüfuza xələl gətirmir, həm də qarşısı alınmazsa, digər neqativ hallara da yol açır. Əsəb sarsıntısı, stress keçirən yaradıcı insanların bundan sonrakı fəaliyyətinə mənfi təsir göstərir. Öz işinə tənqidi yanaşmayan teatr işçisinin teatrşünas-tənqidçiyə göstərdiyi belə təhqiramiz münasibəti onun həm də psixi və  əxlaqi durumunun göstəricisi kimi də dəyərləndirmək olar. Bu hərəkəti ilə İlqar Rəhimov hörmətli teatrşünasa mənəvi zərər vurmuş, sözsüz ki, yaradıcı insan olaraq teatrşünas onun bu hərəkətindən mənəvi iztirab keçirmişdir.

Teatrşünas-tənqidçidən aldığımız məlumata görə İlqar Rəhimov orta təhsillidir. Onun teatrda həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərməsini qanuna zidd hesab edən Anar Burcəliyev İlqar Rəhimovun təhqiramiz ifadələri ilə bağlı telefon zəngi haqqında Mingəçevir  Dövlət  Dram Teatrının direktoru Anar Qulyevə məlumat versə də, onun barəsində heç bir tədbir görülməmişdir. Sonda teatrşünas-tənqidçi Anar Burcəliyev Azərbaycan Respublikası Qanunlarının aliliyini rəhbər tutaraq, Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Proses Mingəçevir Şəhər Məhkəməsinin hakimi Məhburə Kərimova tərəfindən araşdırılan məhkəmə qərarından sonra bəlli olacaq.

Prosesi nəzarətdə saxlamaqla mövzuya yenidən qayıdaçağıq.

Ruhulla Zahidov,

yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.