01 noyabr 2019-cu il tarixdə Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib.
Rayon Ağsaqqallar klubunda təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıb. S.Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Həsənağa Əliyevə təqdim edib.
Masallı Rayon ağsaqqallar şurasının sədr müavini, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən danışıblar. Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Babayev, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, ağsaqqallar Şərafət Əzimov, Həmdulla Məmmədov, Dadaş Məmmədov və başqaları çıxış edib, yubilyarı təbrik edib, onun barəsində xatirələr söyləyiblər. Bildirilib ki, Həsənağa Əliyev həmişə sənətinə qayım-qədim olub. Rayonun bütün sahələrindən – iqtisadi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, idman, ədəbi mühitindən dərc edilən yazılarda onun zəhməti əvəzsizdir. Tanınmış jurnalist yarım əsrə yaxındır ki, mətbu sözün işığında böyük həvəslə, yorulmadan yazıb yaradır, yaradıcılıq əzmi bitib-tükənmir. Taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirir. Publisistik yazıları ilə yanaşı felyeton, replika və digər janrlı məqalələri aktuallığı ilə seçilir. Ömrünün müdriklik çağlarını yaşayan təcrübəli jurnalist sözün əsl mənasında sadəlik, səmimilik və alicənablıq nümunəsidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə isbatlayan ağsaqqal yazardır.
Həsənağa Əliyev tədbirin təşkilinə görə rayon rəhbərinə minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.
Yubilyara AJB-nin H.Zərdabi diplomu, rayon ağsaqqallar şurasının, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.
Məlumat üçün bildirək ki, Həsənağa Murtuza oğlu Əliyev 1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1967-ci ildə kənd məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İşləyə-işləyə təhsilini davam etdirib. Sovxozda fəhlə işləyib. 1971-ci ilin avqustundan “Çağırış” qəzeti mətbəəsində mürəttibliyə başlayıb. 1974-cü ildən korrektor, kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi, müdiri olub. “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. “İki sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun naminə”, “Azad Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib.
“Nicat qapısı”, “Nurlu ürəklər”, “ …Dünya heç kimin”, “Yaxşılara yaxşı deyək”, “Baharda köçən durnalar”, “Mahmudavarın mərd övladları”, “Çətin yolun müsafiri”, “Zirvədən boylanan xatirələr” adlı publisist kitablarında Masallının salnaməsini yaradıb. Onlarca kitabın redaktoru, məsləhətçisi, rəyçisi olub.
O, bu gün də jurnalistika fəaliyyətini uğurla davam etməkdədir. “Yeni həyat” qəzetinin məsul katibidir. 2011-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını alıb. “Qızıl qələm”, H.B Zərdabi media mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub. Azərbaycan Jurnalistlər Birliyi rayon təşkilatının sədridir. Mahmudavar ərazi Ağsaqqallar şurasının sədridir.