1993-cü ilin 3 oktyabr tarixi xalqımızın həyatına böyük bir tarixi hadisə kimi, respublikamızın hərtərəfli tərəqqisinin, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin bünövrəsinin qoyulduğu bir gün kimi daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı xalqımızın nicat gününün başlanğıcı oldu. Dünya şöhrətli siyasətçi, dahi dövlət xadimi, bütün varlığını xalqına xidmətə həsr etmiş ulu öndərimiz Heydər Əliyev öz nüfuzuna, bacarığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib, yeni dövlət quruculuğuna başladı. Onun ölkəmizə rəhbərliyi dövrdə Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlandı, vətənimiz böyük inşaat meydanına çevrildi, ölkənin yaradıcı insanları üçün əsl intibah dövrü oldu. Bu dövrdə Azərbaycanda dünyanın ən iri müqavilələrin layihələri hazırlanıb, “Əsrin müqaviləsi” olan neft kontraktları imzalanıb. Azərbaycan xalqı Heydər Əliyevin timsalında öz xilaskarını, böyük və ulu oğlunu, təhsilimizin, mədəniyyətimizin, elm və incəsənətimizin və s. inkişafında böyük və danılmaz xidmətləri olmuş dahi oğlunu görür və ona minnətdardır. Azərbaycanda o dövrdə əldə edilən bu yüksək nailiyyətlər Heydər Əliyevin böyük bacarığı və səyləri nəticəsində həyata keçirilib.
Doğma Azərbaycanımızın hərtərəfli inkişafında Heydər Əliyevin böyük rolu olmuşdur. Onun Azərbaycanın tərəqqisi və inkişafı naminə gördüyü işlər xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Onun hakimiyyətə gəlişi dövründən başlayaraq qısa bir vaxtda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və beynəlxalq əlaqələrində dönüş baş verdi, milli müstəqilliyimiz möhkəmləndi. Bu illərdə Heydər Əliyev xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Ulu Öndər mədəniyyət sisteminin inkişaf etdirilməsi yönümündə də böyük işlər görmüşdür. Məhz onun dövründə mədəniyyət sahəsi ilə bağlı islahatlara başlanılmış və bununla da milli mədəniyyətimizin sürətli inkişafının əsası qoyulmuşdur. Ulu Öndər mədəniyyəti xalqımızın böyük sərvəti hesab edir, daim onun inkişaf etdirilməsi qayğısına qalırdı. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsası qoyulmuş, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınmışdır. O, mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların qayğısını çəkirdi. Heydər Əliyev milli mədəniyyətimizin əsl hamisi idi, xalqını sevdiyi qədər də bu xalqın mədəniyyətinə, milli-mənəvi dəyərlərinə məhəbbətlə yanaşır, digər xalqlara nisbətdə milli mədəniyyət və dəyərlərimizin ən uca zirvələrdə olmasına bütün var qüvvəsini sərf edir, bu dəyərləri qoruyub gələcəyə aparan insanlara böyük hörmət və ehtiramla yanaşmağa çağırırdı.
Mədəniyyətimizin bütün sahələri Heydər Əliyev qayğısından bəhrələnmişdir. Milli musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq, xalça sənətimiz Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnmiş və bu günümüzə gəlib çatmışdır. Həmin dövrdə Azərbaycanda mədəniyyətin bütün sahələri üzrə inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları, mədəniyyət ocaqlarında aparılan quruculuq işləri milli mədəniyyətimizin inkişafına böyük yol açmışdır. Milli mədəniyyətimizin inkişafında böyük sıçrayışa təkan verən bu işlər ölkə rəhbərinin bu sahəyə olan diqqət və qayğısının sayəsində həyata keçirilmişdir.
Bu gün ölkəmizdə olan əmin-amanlıq, iqtisadi inkişaf, müxtəlif sahələr üzrə əldə edilən uğurlar insanlarda fərəh və qürur hissləri oyadır. Bütün sahələri, eləcə də mədəniyyət sahəsini əhatə edən bu inkişaf və yüksəliş dahi Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu gün də davam etdirilir. Onun Azərbaycan Respublikasının Prezidenti seçildiyi bu illər ərzində ölkəmizdə böyük miqyaslı işlər görülüb. İstər yeni istehsal müəssisələrinin yaradılması, istərsə tikinti-quruculuq, abadlıq işlərinin aparılması yönümündə bu işlər geniş miqyaslıdır. Bütün bunlar ölkə iqtisadiyyatının durmadan inkişafına, xalqımızın maddi rifahının yaxşılaşmasına, dövlətimizin möhkəmlənməsinə, əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edir. Bu uğurlar, əlbəttə ki, bizi sevindirir. Bundan irəli gəlir ki, insanlar gələcəyə daha inamla baxır, dövlətçiliyimizin qüdrətlənəcəyinə və xalqımızın rifahının daha da yüksələcəyinə inamını heç vaxt itirmir.
Günbəgün gözəlləşən ölkəmiz çiçəklənir. İnkişaf edən xalqımız bundan da gözəl həyata layiqdir. Və bunun əldə edilməsi üçün dövlətimiz var gücünü əsirgəmir. Hal-hazırda dövlətimizin daxili və xarici siyasəti bu mühüm vəzifələrin həllinə yönəlib.
Dövlətimizin öz vətəndaşları üçün yaratdığı şərait öz növbəsində ölkəmizin inkişafı üçün çalışan biz mədəniyyət işçilərinin da qarşısında böyük vəzifələr qoyur. Biz bunun məsuliyyətini anlayır, ölkəmizin mili-mənəvi sərvətlərinin qorunması, milli mədəniyyətimizin daha da inkişafı və çiçəklənməsi yolunda var gücümüzü əsirgəmirik. Mədəniyyət sistemində aparılan islahatların həyata tam keçirilməsi üçün biz mədəniyyət işçiləri qarşımıza qoyulan vəzifə və tapşırıqların icrasına xüsusi diqqət yetiririk.
Respublikamızda fəaliyyət göstərən mədəniyyət ocaqlarında aparılan geniş miqyaslı işlər milli mədəniyyətimizin inkişafına rəvac verir. Bu gün Azərbaycanın mədəniyyət sistemi öz inkişaf dövrünü yaşayır. Bu sahədə əldə edilən nailiyyətlər də dövlətimizin uzun illər ərzində bu sistemə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Bu günkü uğurlarımıza görə, şübhəsiz ki, qısa bir vaxt ərzində ölkənin abadlaşdırılması və inkişafı yolunda böyük xidmətləri olmuş Heydər Əliyev dühasına və onun layiqli davamçısı, Respublikamızın Prezidenti İlham Əliyev cənablarına borcluyuq. Bu uğurlar mədəniyyət ocaqlarında da böyük dönüşlər yaratmaqla, yeni dövrə qədəm qoymağa səbəb oldu. Mədəniyyət işçiləri bu uğurları böyük ruh yüksəkliyi ilə qarşılayır. Biz də gələcəkdə öz işimizi bu istiqamətdə qurmağa çalışacaq, bütün səyimizi mədəniyyətimizin inkişafı səviyyəsinin bundan sonra da qorunub saxlanılmasına həsr edəcəyik.
Ramail ATAYEV,
Gəncə şəhər Uşaq İncəsənət
Məktəbinin direktoru.