Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır

Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb.

İctimai Şuranın yaradılması bu qurumun fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurumdur.

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Təhsil sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

Şuraya seçkilərin təşkili məqsədilə Təhsil Nazirliyinin 4 və təhsil sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət seçki komissiyası yaradılıb. Komissiyanın ilk iclasında İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib(AZƏRTAC).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.