Təlim-tərbiyə işləri üzrə direktor müavini-sən kimsən?

Bir müddət öncə ölkə mətbuatında Gəncə şəhərində fəaliyyət göstərən 10 saylı tam orta məktəbdə baş vermiş insindent barədə ilginc xəbərlər yayıldı. Məktəbdə “saçyoldusu”na çıxmış iki qadının video görüntüləri YouTube kanalında yerləşdirilmiş və bu hadisə ilə bağlı bir çox mətbu orqanları yazılar dərc etmişdi. Çox keçmədi ki, Təhsil Nazirliyi bu hadisə ilə bağlı açıqlama verdi. Sən demə, şaiyələr əsassız imiş və video görüntülərdə məktəbin direktoru deyil, həmin təhsil ocağının müəllimi və valideyn əks olunubmuş.

Məktəblə bağlı bu şaiyə də özünü doğrultmadı və elə şaiyə kimi də qaldı. Məsələni dərindən araşdırmadan fikir yürütmək hadisənin baş verdiyi təhsil ocağının imicinə xələl gətirir, sanki orada heç bir iş görülmürmüş kimi görüntü yaranır.

Məktəb də bir ailədir və baş verən hallar adətən bu sahəyə başçılıq edən şəxslərin adı ilə hallanır. Bütün bunlar 10 saylı tam orta məktəbin direktoru Arzu Əliyevanın da mənfi obrazının formalaşmasına səbəb olmuşdur. Mən bu şəxsi heç üzdən belə olsa, tanımıram. Amma, məktəbə direktor təyin olunduğu bu illər ərzində onun barəsində yazılan demək olar ki, bütün materialları izləmiş və belə qənaətə gəlmişəm: – Bu vaxtacan onun haqqında yazılanlar yalnız dostluq, qohumluq, yerlipərəstlik mövqeyindən (istisnalar da vardır) hazırlanmışdır və onun fikirlərinə heç də yer ayrılmamışdır. Bununla belə yazarlar bir məqamı da yaddan çıxarırlar-axı, bu təhsil ocağında təlim-tərbiyənin, tədrisin keyfiyyətinin səviyyəsinə cavabdeh şəxs tək o deyildir və digər məsul şəxslər də vardır. Bəs onda bu olayların baş verməsi kimə sərf edir, bunun özəyində nələr və kimlər dayanır?

Fikirləşdik ki, yazar olaraq bu olay ətrafında araşdırma aparaq və daha fərqli bir mövqedən çıxış edək. Əlbəttə ki, bu təhsil ocağı barədə fərqli fikirlər mövcuddur. Apardığımız ilkin sorğular nəticəsində belə qənaətə gəlmək olur ki, direktorun işgüzar prinsipiallığı bu təhsil ocağında ümumi işin xeyrinə yönəlib, o, qayda-qanun yaratmaq əzmindədir, rəhbərliyin tapşırıqlarını və vəzifə borcunu can-başla yerinə yetirməyə çalışır. Bu isə, əlbəttə ki, məktəbdə qruplaşma yaratmağa meylli, təhsil ocağının imicinə xələl gətirən şaiyələr yaymaqla tədris və təlim-tərbiyə işinin pozulmasına şərait yaradan insanlara sərf etmir.

YouTube kanalında və mətbuatda “ifşaedici” videonun yayılmasının təşəbbüskarının məhz kim olduğunu öyrənməyə çalışdıq. Söhbət etdiyimiz insanlar bunun məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna İsmayılova olduğunu bildirdilər.

Bu gün ümumtəhsil məktəbində idarəedicilər arasında əsas funksiyalardan birini  təlim-tərbiyə işini idarə edən və ona nəzarət edən şəxs, təlim-tərbiyə işləri üzrə direktor müavini daşıyır .

Onu da qeyd etmək yerinə düşərdi ki, məktəbin əsas vəzifəsi şagirdlərin təlim – tərbiyəsi ilə bağlıdır və təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi idarə edən cavabdeh şəxslərdən biridir.  O, məktəbdə təlim-tərbiyə işinin təşkilatçısı, nəzarətçisi və  məktəb kollektivinin əsas funksionerlərindən biridir.

Bəs məktəbdə olan olaylar, intriqalar, donosbazlıq, mənəm-mənəmlik direktor müavininin hansı maraqlarına xidmət edir? Ümumiyyətlə, onun məktəbdəki ümumi işdə mövqeyi və rolu nədən ibarətdir?  Bu kimi suallara cavab tapmaq üçün Təhsil Nazirliyi tərəfindən hazırlanıb tərtib edilmiş hazırkı təlimatlarda cavab tapmaq mümkündür. Təlim – tərbiyə işləri üzrə  direktor müavininin əmək funksiyası haqqında bəzi müddəaları nəzərinizə çatdırmaqla Rəna İsmayılovanın əsas günahlarının məhz nədə olduğunu anlatmağa çalışacağıq. Onu da bildirək ki,  bunlar direktor müavininin çoxsaylı vəzifə səlahiyyətlərinin yalnız bir hissəsidir və biz əsas fikirləri qara şriftlə verməklə bu  vəzifələrdən bəzilərini xüsusilə nəzərə çarpdırmaq istərdik.

Beləliklə, o … təlim-tərbiyə və metodiki işləri təşkil edir,tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır, zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar məşğələ, fakültativ saatlarının və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur, şagirdlərin meyl-maraqları əsasında təmayül istiqamətlərini müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir, fənn kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir.

Təlim-tərbiyə işləri üzrə direktor müavininin əmək funksiyalarına aiddir:

 Metodiki işi, onun gedişatını və inkişafını analiz edir, dərs məşğələlərinin məzmun və keyfiyyətinə, tədris prosesini və tədris prosesində tərəflərin müəllim – şagird (valideyn) əməkdaşlığına, pedaqoji heyətin peşəkarlığının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət edir.

Tədris prosesinin iştirakçılarının işinin rəğbətləndirilməsinə, sağlam tədris mühitinin yaradılmasına, ümumilikdə tədris prosesinə rəhbərlik edir.

Təlim-tərbiyə işləri üzrə direktor müavini nəzarət edir:

 Müəllimlərin pedaqoji fəaliyyətinə, etik – davranış qaydalarına əməl etməsinə, şagirdlərin məktəbdaxili intizam qaydalarına əməl etməsinə.

Təlim- tərbiyə işləri üzrə direktor müavini məsuliyyət daşıyır:

Mövcud qanunvericilik və normativlər əsasında əmək funksiyasını yerinə yetirməməyə,vəzifə səlahiyyətləri çərçivəsində əmr, tapşırıq və göstərişlərini yerinə yetirməməyə görə, məktəb direktorunun vəzifə səlahiyyətləri çərçivəsində əmr, tapşırıq və göstərişlərini yerinə yetirməməyə görə, əmək intizamını, məktəbdaxili intizam qaydalarını, etik – davranış qaydalarını yerinə yetirməməyə görə.

P.S.Təlim-tərbiyə işləri üzrə direktor müavini öz fəaliyyətində, qanunvericiliklə tənzimlənən, təhsil ilə bağlı üst qurumların verdiyi əmr, göstəriş və tapşırıqların, təlimatların yerinə yetirilməsinə can atmalı, tabeçilikdə olan pedaqoji heyətin öz işini günün tələbləri çərçivəsində qurmasına tam nəzarət etməlidir. Əslində isə o, məktəbdə qarşıya qoyulan vəzifə və tapşırıqların icra edilməsinə maneəçilik törətməklə bir növ ümumi işin, məhz təlim-tərbiyə və tədrislə bağlı bütün işlərin pozulmasına şərait yaratmış olur. Tərbiyəvi işlərə cavabdeh şəxsin məktəbdə hadisəni çəkib mətbuata ötürməsinin, üstəlik mətbuata “dalaşan və saçı yolunan direktordur” mesajının verilməsinin pedaqoq tərəfindən nə qədər düzgün hərəkət olmasını qəbul etmək çox çətindir.

Məktəb haqqında yazılar hazırlayan hörmətli həmkarlarım direktor müavininin əslində görməli olduğu bu işləri nəzərdən qaçırır, onun mətbuata “ötürdüyü” materialları bəh-bəhlə qəbul edərkən, məhz onun da bu işlərin müsbət həllində əsas cavabdeh şəxs olduğunu unudurlar.

Sual olunur:- Rəna müəllimə müddəalarda göstərilən bu işləri necə həyata keçirirmiş, əgər öz işini vicdanla görürmüşsə, öz iş yerinin pis imicinin formalaşdırılmasına, donosların yazılmasına, intriqaların təşkilinə necə vaxt tapırmış? Onu dinləmək və mövqeyini öyrənmək heç də pis olmazdı.

Mövzuya qayıdacağıq…

 Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.