Təhsilin keyfiyyətinin səviyyəsi daim yüksək olan kənd məktəbi

Sərkar kənd tam orta məktəbi Samux rayonunun ən qabaqcıl təhsil müəssisələrindəndir. Nümunəvi pedaqoji kollektivə, zəngin pedaqoji təcrübəyə malik bu məktəbə artıq neçə illərdir ki, Afaq  Möyləyeva  rəhbərlik edir.

Məktəbdə 757 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olur. Məktəbdə 2 Əməkdar müəllim, 1 Əlaçı döş nişanlı (Dil-ədəbiyyat müəllimi Afət Rzayeva) və bir “Qabaqcıl təhsil işçisi” döş nişanlı (Dil-ədəbiyyat müəllimi Cəlalət Nəsibova) müəllim çalışır. Cəlalət Nəsibova ötən tədris ilində 5 Oktyabar Müəllimlər günü münasibətilə Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Məktəbin dil-ədəbiyyat müəllimləri- Məfkurə İsrafilova və biologiya müəllimi- Almaz Əsgərova Respublikanın Əməkdar müəllimləridir.

Təlim-tərbiyə insanın, cəmiyyətin, dövlətin maraq çərçivəsində olan təhsil komponenetlərinin ən vacibi sayılır. Ümumtəhsil müəssisələrində bütün pedaqoji işçilər təlim-tərbiyə funksiyalarını həyata keçirilməsində iştirak edir. Bu işdə ibtidai sinif müəllimləri xüsusi rola malikdirlər. O, təlim-tərbiyə prosesində uşaqların təhsil və həyati fəaliyyətində əsas rol oynayan şəxsdir.

İbtidai sinif müəllimləri uşaqlara təhsilin ilk pillələrində əxlaqi-mənəvi keyfiyyətləri inkişaf etdirir, uşaqların dünyagörüşünü formalaşdırır, milli-mənəvi dəyərləri aşılayır, ictimai və faydalı işlərə səsləyir, təhsilə, oxumağa həvəs yaradır. İbtidai sinif müəllimləri estetik tərbiyəni özündə birləşdirən bütün keyfiyyətlərin uşaqlara aşılanmasında böyük rol oynayır.

İbtidai sinif müəllimləri bir çox sahələrdə təbliğatçıdır. Onlara sağlam həyat tərzini təbliğ edir, idmanın uşaqların həyatında  və onların sağlamlığının möhkəmləndirilməsində rolunu başa salır, mənəviyyatlı, əxlaqlı olmağı öyrədir. O, dərs dediyi şagirdləri üçün müqəddəs bir varlıqdır. Cəmiyyət üçün, ən qiymətli varlıq olan bu uşaqların  təlim-tərbiyəsini etibar etdiyi bir şəxsdir. Sərkar kənd tam orta məktəbin ibtidai sinif müəllimləri- Zülfiyyə Məmmədova, Zöhrə Verdiyeva, Zəhra Həsənova, Könül Dəmirova uşaqların estetik tərbiyəsi, bacarığının kəşf edilib, aşkara çıxarılması, inkişaf etdirilməsi yolunda silsilə şəklində bir çox işlər görür.

Məktəbdə təlim-tərbiyə işi bütün pedaqoji prosesləri əhatə edir. Şagirdlərin əxlaqi-mənəvi  inkişafı təlim-tərbiyə prosesinin ən başlıca komponentlərindən sayılır. Bütün bunlar təhsildə məqsəd və vəzifələrin uğurla həyata keçirilməsinə zəmindir. Uşağın mənəvi aləminin zənginləşməsi, onu yaxşı oxumağa, başqalarına nümunə olmağa, ona tapşırılan işləri canla-başla yerinə yetirməyə səsləyir. Bu, uşaqlarda bir çox keyfiyyətlərin formalaşmasına yol açır. Bütün bu proseslər zaman ötdükcə uşaqların vətənpərvər, vətəndaş tərbiyəsində böyük rol oynayır. Bu işdə  məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə İsgəndərovanın da böyük zəhməti vardır. Məktəbdə təhsilin, tədrisin keyfiyyətinin daha da yüksəldilməsi kimi ali vəzifələrin həllində direktor müavini gərgin əmək sərf etmiş, şagirdlərin təlim-tərbiyəsi məsələlərində işlərin daha effektli təşkilinə nail ola bilmişdir. Görülən işlər əlbəttə ki, öz müsbət nəticələrini vermişdir. Bu,  Sərkar kənd tam orta məktəbinə  illər ərzində təhsildə müəyyən uğur və nailiyyətlər qazanılmasına şərait yaratmışdır. Şagirdlərin təlim-tərbiyəsində var gücünü əsirgəməyən məktəbin müəllimləri əldə etdikləri nailiyyətlərin sayını günbəgün artırır. Məktəbdə hər şey şagirdlərin rahat təhsil almalarına yönəldilib. Şagirdlərin vətəndaş, vətənpərvərlik tərbiyəsinə ciddi fikir verilir. Ayrı- ayrı fənlər üzrə məktəbdə uğur qazanmış çoxlu sayda uşaqlar vardır. Onlar müxtəlif yarışların və müsabiqələrin qalibləri olmaqla bu uğurlara imza atmışlar.

Məktəbin müəllim və şagird kollektivi təhsil ocaqında təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir. Məktəbdə  pedaqoji kollektivin fəaliyyətinin prioritet istiqamətlərindən biri ideoloji və təlim-tərbiyə işidir. Bu işlər ideoloji, ideya-siyasi, vətənpərvər-vətəndaş, mənəvi-əxlaqi tərbiyəni özündə birləşdirir, böyüyən gənc nəsildə əsas mənəvi-əxlaqi dəyərlərin yaranmasına, şagirdlərdə Azərbaycan dövlətçiliyinin aliliyini tərənnüm edən hisslərin və onlarda fəal vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.

Təlim-tərbiyənin səmərəli formalarından biri orta məktəblərdə vətənpərvərlik və hərbi vətənpərvərlik mövzusunda tədbirlərin təşkil edilməsidir. Məktəbin Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi və hərbi rəhbər Zamil İsmayılov bu mövzuda tədbirlərin təşkilinə fəal qatılan pedaqoqlardandır. Onun rəhbərliyi və təşkilatçılığı ilə məktəbdə təşkil olunan “Şahin” komandası rayon səviyyəli yarışlarda həmişə öncüllük nümayiş etdirir. Ötən tədris ilində məktəbin komandası yarışların rayon turunda 2-ci yerə layiq görülmüşdür.

2016-2017-ci tədris lində məktəbin 1 nəfər məzunu –Yusifli Seyid Firuq oğlu  Heydər Əliyev adına Ali hərbi məktəbə qəbul onmuşdur. Ümumiyyətlə, məktəb məzunlarının ali məktəblərə qəbulu üzrə rayon məktəbləri arasında öncül yeri tutur. 2017-2018-ci tədris ilində məktəbin 44 məzunundan  19 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunub ki, onlardan 8 nəfəri qəbul imtahanlarında 500-600 bal nəticə göstərmişdir. Bu, məktəbdə təlim-tərbiyənin, tədrisin yüksək səviyyədə təşkil edilməsindən  xəbər verir.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.