“Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində təqdimat gecəsi

Azərbaycan Rspublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar 2-ci qrant müsabiqəsi” çərçivəsində maliyyələşdirdiyi Gəncə şəhər 17 nömrəli tam orta məktəbin “Uşaq Teatr Sənəti” adlı öyrədici pilot layihəsinin 15.02.2019-cu il tarixində Gəncə Dövlət Kukla Teatrında təqdimat gecəsi cox ugurla baş tutdu.

Məktəblilərin ifasında səsləndirilən, nağıllardan tərtib olunmuş səhnəciklər tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Şagirdlərin bacarığını əks etdirən  gözəl ifalar, məktəb  səhnələrində aparılan işin nə dərəcədə tərbiyəvi  təsirə malik olduğunu bir daha əyani surətdə sübut etdi. Gənc ifaçılar özlərinin də keçirtdikləri hissləri tamaşaçılarla bölüşdülər. Mənalı, təsirli, özündə qəhrəmanlığı, humanizmi, vətənpərvərliyi, milliliyi birləşdirən ifalar tamaşaçı şagirdlərin şüurunda dərin iz buraxdı. Bu hisslər uzun dövr ərzində onların şüurundan  silinməyəcəkdir.  Bu, ifaçı şagirdlərə, eyni zamanda  özünün müxtəlif maraqları, bacarığını və həvəsini göstərmək, eyni zamanda öz maraqlarını təmin etmək və estetik zövq almaq imkanları da vermişdir.

Onu da bildirək ki,  Gəncə şəhər 17 saylı tam orta məktəb “Uşaq teatr sənəti” Pilot layihəsinin  qalibidir.  Bu layihənin məqsədi gənc nəslin teatr bacarıqlarını inkişaf etdirməklə onların özgüvənlərini artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcı təşəbbüslərinin  reallaşdırılmasına kömək etməkdir.

Tədbirdə məktəbin direktoru Nərgiz Həsənova ilə görüşüb dramatik incəsənətin uşaqlara – teatral  özfəaliyyət iştirakçılarına və tamaşaçılara təsir gücünün  məhz nədə olduğunu öyrənməyə çalışdıq.

      Nərgiz Həsənova, Gəncə şəhər 17 saylı tam orta məktəbin direktoru. – Teatr həyatın ən güclü bədii əksetmə  formalarından biridir. Burada ideya və obrazlar insanın hərəkətlərində, sözlərində öz əksini tapır. Burada sevinc də var, kədər də. Burada qəhrəman və qəhrəmanlıq, düşmən və onun əməllərinin ən pis tərəfləri obrazlar vasitəsilə tamaşaçıya çatdırılır. Bu, uşaqların tərbiyəsində güclü təsir imkanlarına malikdir. Gənc tamaşaçı bu obrazlar vasitəsilə yaxşı və pisi, qəhrəmanlıq ilə namərdliyi ayırmağı öyrənir, nəyin daha yaxşı və daha pis olduğunu tez dərk edir, qavrayır. Onda nəyəsə məhəbbət və nəyəsə nifrət yaranır. Şagirdlər obrazlardan, bu obrazların hərəkət, davranış, fikir və düşüncə tərzindən səhnədə təsvir olunan insanların xarakterinin müsbət və mənfi tərəflərini, onların hərəkətlərinin məqsədini, məramını anlayır. Bu, tamaşanın uşaqlara emosional təsirini artırır. Tamaşa, səhnəcik nə qədər məzmunlu olsa, onun tamaşaçıya təsir imkanları da böyük olur. Bu səbəbdən, məktəb səhnələrinə qoyulan tamaşalar adətən məktəbin bu sahəyə cavabdeh olan şəxsləri tərəfindən səylə seçilmiş, məktəbin rəhbərliyi ilə razılaşdırılmışdır. Biz də çalışdıq ki, rollar daha bacarıqlı və istedadlı uşaqlara həvalə olunsun. Uşaqlar  rolların ifası zamanı  nəinki qəhrəmanlar və onların hərəkətləri, həmçinin qəhrəmanın yaşadığı  dövr haqqında, onların həyatı və ümumiyyətlə həmin dövrün insanları barədə çox şeylər öyrənə bilir. Bu obrazlar insanların daxili aləmi barədə onların təsəvvürünü artırır.

Seçim mərhələsində işçi qrup  konkret meyarlar üzrə  istedadlı uşaq və yeniyetmələri layihəyə cəlb etmişdir. Seçim prosesi 17 saylı tam orta məktəblə  bərabər digər məktəblərdə də baş tutmuş, nəticədə  layihənin əsas icraçısı olan 20 nəfər 17 saylı tam orta məktəbdən və 10 nəfər şəhərin digər məktəblərindən  seçilərək,  tamaşaların hazırlanmasına cəlb olunmuşdur. Bu müsabiqədə yalnız Gəncə şəhərində fəaliyyət  göstərən 7-14 yaşlı istedadlı yeniyetmələr iştirak edirlər.

R.Z.- Teatra rəhbərlik edən şəxslər bu işdə ən çox hansı prinsiplərə arxalanmalıdır?

 N.H.-Məktəb teatrı  həm də məktəblilər üçün kollektiv fəaliyyətdir. Uşaqların birgə əməyi, səyi nəticəsində ərsəyə gətirilən tamaşa, səhnəcik, kompozisiya teatral yaradıcılıq formalarının, primitiv də olsa , səhnədə əks etdirilməsidir. Musiqi nömrələrinin, mahnıların, səsləndirilən şeirlərin ifası müxtəlif kollektiv üzvləri tərəfindən həyata keçirilir, hazırlanaraq tamaşaçıya təqdim olunur. Sadalanan bu işlər səhnə yaradıcılığının yalnız bir hissəsidir. Məktəb teatrının rəhbəri uşaqlarda bu bacarığı kəşf etməli və öz işində onlarda olan bu bacarığa arxalanmalıdır. Uşaqlarda olan  bu bacarıqlar yalnız kollektiv şəkildə görülən iş zamanı daha tez inkişaf edə bilir. Onlar da bir-birindən öyrənir, ifaçılıq qabiliyyətini artırmağa çalışırlar.

Orta məktəblərdə teatr fəaliyyəti ümumi  tərbiyəvi  məqsədləri özündə daşıyır. Bu iş daha bacarıqlı rəhbərlərin nəzarəti altında olmalı, uşaqların estetik zövqünü oxşamalıdır. Teatral fəaliyyət orta məktəblərdə təlim-tərbiyə sisteminin tərkib hissəsinə çevrilərək,  bu tərbiyəni tamamlamalıdır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.