Uşaq Musiqi Məktəblərində təhsilin inkişafını planlı şəkildə artırmaq müəllim kollektivinin qarşısında duran əsas vəzifələrdəndir. Elə, hər hansı şəkildə inkişafın bünövrəsi də təhsilə, tədris işinə bu cür yanaşmadan başlayır.
Gəncə şəhər 1 saylı UMM-nin kollektivi illərlə öz işini bu tələblər əsasında qurmağa çalışmışdır. Sevindirici haldır ki, fəaliyyət göstərdiyi uzun bir müddət ərzində məktəbdə sağlam mənəvi və yaradıcı iqlim formalaşmışdır. Məktəbin kollektivi səmimi və mehriban bir ailəni xatırladır. Bunu söhbət əsnasında müəllimlər həmişə fərəh və qürur hissi ilə bildirirlər. Məktəbdə müəllim və şagirdlər üçün yaradılan şərait pedaqoji kollektivin qarşısında geniş üfüqlər açmış, onları daha səylə işləməyə, təhsildə daha böyük uğurlar əldə etməyə ruhlandırmışdır. Bütün sahələrdə məktəb kollektivi öz işinə həmişə nikbin əhval-ruhiyyə ilə yanaşmışdır. İşə, vəzifə borcuna olan vicdanlı münasibət olan yerdə isə hər şey öz müsbət həllini tapmağa qadirdir.
Məktəbdə illər ərzində təhsilin inkişafı yolunda görülən işlər öz bəhrəsini verməklə, nəzərdə tutulan yeni nailiyyətlər əldə etmək üçün daha əsaslı zəmin yaratmışdır. Bu illər ərzində Aidə Əmrahovanın rəhbərlik etdiyi kollektiv doğma təhsil ocağının adını öncüllər sırasına çıxarmaq üçün əzmlə çalışmış, təhsilin keyfiyyəti, tədrisin səmərəliliyi həmişə ön planda olmuş, atılan məqsədyönlü addımlar gələcək uğurlara doğru istiqamətlənmişdir. Məktəbin pedaqoyi kollektivi daim davamlı inkişafda olduğu üçün illərlə yeni-yeni uğurlara imza atılmışdır. Heç də tasadüfi deyildir ki, Gəncə şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin pedaqoji heyəti və uğurlar əldə etmiş qabiliyyətli, istedadlı şagirdləri Mədəniyyət və Təhsil nazirlikləri, eləcə də Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüş, onların uğur və nailiyyətləri yüksək səviyyədə qiymətləndirilmişdir. Bu təltiflər məktəbdə təhsilin, təlim-tərbiyənin təşkilinin hansı səviyyədə həyata keçirildiyindən öz-özlüyündə söz açır. Məktəbdə musiqi təliminin tədrisinə müasir yanaşma şagirdlərin peşəkar səviyyədə ifaçılıq sahəsində yeni-yeni yüksəlişlərin əldə edilməsinə şərait yaratmışdır. Bu mükafatlar məktəbin müxtəlif ixtisaslar üzrə qabaqcıl təcrübəsindən bəhs edən ən bariz nümunələrdir. Məktəbin müəllimləri təhsilin inkişafı yolunda əzmkarlıqla çalışaraq, bu uğurların qazanılmasına illərlə öz tövhələrini vermişlər. Əldə olunan nailiyyətlər məktəbin şagirdlərini daha yaxşı oxumağa, daha yaxşı nəticələr əldə etməyə ruhlandırmışdır.
Bu gün məktəbin dəhlizində asılmış və hamının diqqət-nəzərinə çatdırılan Diplom və Fəxri Fərmanlar uzun illik səmərəli işin ən dolğun formada qiymətləndirilməsinə bir növ əyani surətdə nümunədir. Onların sayı onlarladır və hər bir mükafat da öz-özlüyündə bir tarixçəyə malikdir. Respublika səviyyəli konkurs və müsabiqələrdə peşəkarlıq nümayiş etdirmiş istedadlı və bacarıqlı şagirdlərə verilmiş yüksək qiymətdir.
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III Respublika müsabiqəsində uğurlu iştirakına görə İslamova Məryəm (kanon- III yer), Sadıxova Rəna (violin-III yer), Kərimova Nazənin (violin- diplomant) Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Diplomuna layiq görülmüşdür. Məktəbin şagirdi İslamova Məryəm Məmməd qızı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında respublika müsabiqəsində yüksək nəticə əldə etdiyinə görə Respublikamızın Mədəniyyət Naziri Əbülfəz Qarayev tərəfindən III dərəcəli Diplomla təltif olunmuşdur. Məktəbin şagirdləri – Nurcan Rzayeva (fortepiano), Yasin Cəbrayılov (tar), Rəna sadıxova (violin), Cəmalə Məmmədzadə (fortepiano), Cavadzadə Səkinə (fortepiano),Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III Respublika Elmi-ifaçılıq müsabiqəsinin Diplomantı olmuşlar. Kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əlyev adına gənc kamança ifaçılarının II Respublika müsabiqəsində uğurlu çıxışına görə F.Əmirov adına Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Müseyibova Leyla Elsevər qızı 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların Respublika müsabiqəsində uğurlu çıxışına görə məktəbin şagirdi Sadıxova Rəna Seymur qızı (violin) respublikanın Mədəniyyət Naziri Əbülfəz Qarayev tərəfindən III dərəcəli Diplomla, məktəbin şagirdi- Kərimova Nazənin Mirdamət qızı (violin), müəllim – Verbova Nina Nikolayevna (violin), konertmester- Qoşqarova Tarifə Tofiq qızı Fəxri Fərmanla təltif olunmuşdur.
Məktəbin respublika səviyyəli tədbirlərdə uğurlu çıxışlarına şəhadət verən təltiflər və mükafatlar yetərincədir və onların hamısını sadalamaq mümkün deyildir. Bu təltiflər məktəbdə aparılan tədris, təlim-tərbiyə işinin səviyyəsini əks etdirməklə, bu təhsil ocağı haqqında formalaşan yüksək fikirləri bir daha təsdiq edir.
Ruhulla Zahidov, yazıçı-jurnalist.