Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.
“Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:
· Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;
· Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;
· Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;
· Böyük həcmli materialların yerləşdirilməsi;
· Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;
· Qiymətləndirmənin aparılması alətlərində istifadə;
· Qrup işinin təşkili.
“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.
Məlumat üçün bildiririk ki, hazırda ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər.
Eyni zamanda qeyd edək ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.
Təhsil Nazirliyinin Mətbuat Xidməti.