Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.

İmtahanların keçirilməsi zamanı “ Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.

Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri  imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.

Əmrə əsasən,  imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.