Sentyabrın 22-də Gəncədə İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyanın , Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin və Gəncə Dövlət Universitetinin tələbə yataqxanasının açılış mərasimləri keçirilib. Açılış mərasimlərində Təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak ediblər.
Əvvəlcə rəsmilər Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Emin Əmrullayev Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü gimnaziyada yaradılmış şəraitlə tanış olub, müəllim və şagirdlərlə görüşərək onlarla səmimi söhbət aparıb və uzun fasilədən sonra məktəblərin əyani qaydada təhsilə qayıtması münasibətilə hər birini təbrik edərək uğurlar arzulayıb.
Təhsil nazirinə məlumat verilib ki, gimnaziyada 2021-2022-ci tədris ilində 623 şagird təhsil alacaq. Yeni istifadəyə verilən 674 şagird yerlik gimnaziya 30 sinif otağı, 140 nəfərlik yeməkxana, 288 nəfərlik akt zalı, kitabxana, 2 texnologiya, 2 informatika, 3 laboratoriya, gənclərin çağırışaqədərki hərbi hazırlığı kabineti və idman zalından ibarətdir. Gimnaziyada təhsil alıb yaşayacaq şagirdlər üçün 2 mərtəbəli yataqxana da inşa edilib. Yataqxanada 19 yataq otağı, 1 şahmat, 4 oyun, 2 məşğələ otağı var.
Sonra təhsil naziri Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib.
Açılış mərasimindən sonra nazir mərkəzdə yaradılan şəraitlə tanış olub. Emin Əmrullayev ölkədə aparılan təhsil islahatları haqqında məlumat verib, yeni təhsil müəssisələrinin inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.
Qeyd edilib ki, Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə təhsilalanların “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. Burada yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 şagirdin mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.
2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap istiqamətində bilik və bacarıqlar əldə edirlər.
Gəncə Dövlət Universitetinin tələbə yataqxanasının açılışında iştirak edən Emin Əmrullayev burada yaradılan şəraitlə tanış olub. Nazir bu il ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş bir neçə tələbə ilə görüşüb, onlarla söhbət edib. Emin Əmrullayev görüş zamanı tələbələrlə maraqlı fikir mübadiləsi aparıb və onlara uğurlar arzulayıb.
Məlumat verilib ki, 1967-ci ildə tikilən yataqxananın əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb. Yataqxana 700 tələbənin qalması üçün hər bir şəraitlə tam təmin edilib.


