Azərbaycanın Şanlı Qələbə qazanaraq öz ərazi bütövlüyünü tam təmin etməsi çoxəsrlik dövlətçilik tariximizin ən parlaq Zəfəridir. Möhtəşəm Qələbə Cənab Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti ilə 44 gün müddətində əldə olundu, dünyada Azərbaycan məğrur, qalib ölkə kimi tanındı, 28 illik həsrətə son qoyuldu, erməni vandalizmindən dağılan, yandırılan şəhərlər, kəndlər, qəsəbələr yeni həyata başladı. Şuşanın Azərbaycan Mədəniyyətinin Paytaxtı elan edilməsi tarixi Qələbədən sonra Şuşa şəhərinə verilən böyük dəyərdir. Azərbaycan mədəniyyəti tarixində Şuşada muğamın, musiqinin, ədəbiyyatın, xalçaçılığın, dekorativ sənətin, rəssamlığın, teatr sənətinin inkişafının müstəsna əhəmiyyəti olmuşdur. Bir zamanlar “Azərbaycanın musiqi beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni olan Şuşa – mədəniyyət, incəsənət tarixidir.
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Prezident qeyd edib ki, Şuşada yerləşən məscidlərimiz də əsaslı şəkildə təmir edilməli və onların öz siması qaytarılmalıdır. Əziz Şuşa, sən azadsan! Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində dedi: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, 5 biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür”. .
Azərbaycan musiqisinin beşiyi Şuşa şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747- ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir. O, 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir. Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandırırlar. Deyilənə görə, şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar. Digər bir versiyaya görə, şəhərin adı “şüşə” sözündən əmələ gəlib. Şuşa bulaqlarının suyu elə duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər. Pənahəli xanın ölümündən sonra taxta öz dövrünün böyük dövlət xadimlərindən biri sayılan İbrahimxəlil xan (1763-1806) çıxıb. Onun hakimiyyəti illərində Qarabağ xanlığı qüdrətinin çiçəklənmə dövrünü yaşayıb. Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli. Hər məhəllənin öz hamamı, məscidi və bulağı vardı. Şuşanın 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aid idi. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsi idi. XIX əsrdə şəhərin qərb hissəsindəki dağlıq ərazidə daha 12 məhəllə salınıb və bununla da şəhərin siması tam formalaşıb. Şəhərin cənub hissəsində yüksək üfüqi düzənlik yerləşir. Ona Cıdır düzü deyirlər. Rusiya hökmranlığının ilk dövrlərində Şuşa Qarabağın paytaxtı kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Güclü Qarabağ xanlığı Rusiyanın ürəyincə deyildi. Çar məmurları onu zəiflətmək üçün məkrli plan qurdular. Onlar yurduyuvası olmayan səfil erməniləri Qarabağa, xüsusən, Şuşaya köçürməyə başladılar. İkinci Rusiya-İran müharibəsi zamanı İrandan Azərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay müqaviləsinə görə, cəmi iki il ərzində – 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. Ermənilərə Gəncə və İrəvan quberniyalarının ən yaxşı torpaqlarından 200 min desyatindən çox pay ayrılıb. 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini ermənilər təşkil edirdi. Köçürülmə siyasəti nəticəsində azərbaycanlıların sayı azalaraq 64,4 faizə, ermənilərin sayı isə artaraq 34,8 faizə çatıb. 1900-1915-ci illərdə Şuşa iri iqtisadi mərkəzə çevrildi. Qafqazda ən böyük xalçaçılıq mərkəzi burada yerləşirdi. Şuşanın yalnız bir nəqliyyat yolu olub: şəhərin mərkəzindən keçən Ağdam- 10 Əsgəran-Xocalı-Xanbağı (Xankəndi)-Ağa körpüsü-Şuşa yolu. Şuşada üzlük daş yatağı, Keçəldağ gil yatağı, şirin su yataqları, Şirlan və Turşsu mineral suları var. Dörd yüz əlli hektar ərazini əhatə edən Daşaltı Dövlət Təbiət Yasaqlığı Şuşa və Əsgəran ərazisindəki unikal təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə yaradılıb. Havasının təmizliyinə, saflığına və müalicəvi xüsusiyyətlərinə görə kurort şəhərciyi olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda məşhur olub. Şuşa dağlarında elə bir çiçək bitir ki, o çiçəyə daha heç bir yerdə təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzə Xarıbülbül adlanır və formasına görə çiçəyin şirəsini çəkən arını görüb bağrı yarılan bülbülü xatırladır. Turşsu, Səkili, İsa, Şamil bulaqları, Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub. Kurort və müalicəvi sanatoriya zonası kimi məşhur olan Turşsu Şuşanın 40 kilometrliyində Laçın yolunda yerləşir. Soldan Daşaltı çayı axır. Turşsu müalicəvi və profilaktik vannaları ilə məşhurdur. Gəzinti və istirahət yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o, Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Ağzıyastı kaha isə Cıdır düzünün yaxınlığında səfalı bir yerdə, sıldırım qayalar arasında yerləşən mağaradır. Şuşaya gələn turistlərin digər sevimli məkanı bənzərsiz və unikal təbiəti olan Cıdır düzü idi. Cıdır düzünün qərb hissəsində yanyana düzülmüş və sanki torpağa sancılmış üç mıxı xatırladan 3 təpədən ibarət Üçmıx dağı yerləşir. Sanatoriya və istirahət evlərində dincələn turistlər həmişə bu yerlərə seyrə çıxar və təbiətin Şuşaya bəxş etdiyi bu gözəlliyə valeh olardılar. Hər ilin may ayında Cıdır düzündə Xarıbülbül festivalı keçirilərdi. Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar. Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi. XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb və yaradıb. Onun poeziyası Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafına böyük təsir göstərib. Vaqifin şeirləri əsasında xalq mahnıları yaranıb. Xanəndələr Vaqifin qəzəlləri üstündə muğam oxuyublar. 1970-ci illərin sonunda onun məzarı üzərində əzəmətli məqbərə ucaldılıb. Şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olub, burada yaşayıb, burada yaradıb və burada dünyadan köçüb. O, Azərbaycan ədəbiyyatına, elminə və incəsənətinə sanballı töhfə verib, Gövhərağa məscidinin divar naxışlarının çəkilməsində onun zəhməti var. XIX əsrin ikinci yarısından başlayaraq Şuşada musiqi məclisləri təşkil edilməyə başlayıb. Onların arasında Natəvanın “Məclisi-üns” (“Dostluq 12 məclisi”) və Mir Möhsün Nəvvabın ”Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) məclisləri daha məşhur olub. “Məclisi-üns”ün yaradıcısı istedadlı şairə və rəssam Xurşudbanu Natəvan olub. Klassik Şərq musiqisinin xiridarı Xarrat Qulu Məhəmməd oğlunun (1823-1883) Şuşada yaratdığı məclis haqqında maraqlı məlumatlar qalıb. Şəhərdə Şuşa Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, Şuşa Tarix Muzeyi, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev-muzeyləri, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Rəssamlıq Qalereyası, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar fəaliyyət göstərirdi. Şuşalıların çoxu bəy və xan nəslindən idi. Buna görə də çox təmkinli olublar. Şuşalıları hövsələdən çıxarmaq bir o qədər də asan məsələ deyildi. Amma bu təmkinin də öz həddi vardı. Bu həddi pozan hər kəs qarşısında qorxmaz, cəsur, ölümün gözünə dik baxan cəngavər görürdü. Şuşada söyüş və nalayiq ifadələr eşitmək olmazdı. Şuşa bəlkə də dünyada yeganə yer idi ki, burada hətta ən nadinc uşaqlar futbol oynayanda söyüş söymürdülər. Şuşa çox firavan və təhlükəsiz şəhər idi. Respublika və dünya əhəmiyyətli mədəniyyət və tarixi abidələrinin zənginliyinə görə hələ sovet dövründə ona qoruq şəhər statusu verilmişdi. .
XX əsrdə Şuşa üç dəfə ermənilərin məkrlik planlarının qurbanı oldu. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırıldı, 1920-ci ildə onun böyük hissəsi dağıdıldı. 1992-ci ilin mayında isə tamamilə işğal edildi. 289 kvadratkilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürüldü, 600 adam yaralandı, o cümlədən 150 nəfər əlil oldu, habelə 552 uşaq yetim qaldı, 68 mülki şəxs girov götürüldü və ya itkin düşdü, 25 mindən çox adam məcburi köçkünə çevrildi. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qaldı. Mədəni-maarif ocaqları, muzeylər, kitabxanalar, məktəblər, tibb ocaqları, tarixi abidələr – bütün bunlar erməni vandalları tərəfindən yerlə-yeksan edilib. İşğaldan əvvəl rayonda dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub. Şuşadan Azərbaycan izlərinin itirilməsi məqsədilə 600-ə qədər milli memarlıq abidəsi və tarixi ərazilər Pənahəli xanın sarayını, Yuxarı Gövhərağa məscidini, Aşağı Gövhərağa məscidini, Şərqin məşhur şairi xan qızı Xurşudbanu Natəvanın evini, Qarabağ xanlığında vəzir olmuş klassik Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini, dağıtmış, buradakı nadir sənət incilərini talamış, şəhərin qədim müsəlman qəbiristanlığını məhv etmişlər. Şuşa muzeylərinin qiymətli eksponatları, o cümlədən rəsm və heykəltəraşlıq əsərləri, qədim xalçalar, mühüm sənədlər və başqa dəyərli materiallar Ermənistana aparılıb. İndi bu əşyalar erməni mədəniyyəti nümunələri kimi xarici ölkələrdə hərraclarda satılır, muzeylərdə və müxtəlif sərgilərdə nümayiş etdirilir. . Artıq 28 il idi ki, dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də boynu bükük idi. Şuşa şuşalılarsız qalmışdı. Cıdır düzü namərdlərin tapdağı altında idi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan” Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qayıdacağı günü gözləyirdi. O gün gəldi. Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtuldu. Yenə qonaqlı- qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək. Bu, əlli milyonluq bütün dünya azərbaycanlılarının arzusudur. 28 ildir ki, Azərbaycan Şuşasının həsrətiylə yaşayır, böyük səbir və dözümlə işğal altında olan doğma torpaqlarının qansız, müharibəsiz, beynəlxalq hüquq normalarına uyğun şəkildə geri qaytarılmasını gözləyirdisə də, məsələ kağızlar üstündə qalmağa, Azərbaycanın digər əraziləri, dinc azərbaycanlılar düşmən təxribatlarına tuş gəlməyə davam edirdi. Və nəhayət ölkə rəhbəri – Azərbaycanın Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev həddini aşıb azğınlaşmış ermənilərin yerinə oturdulması məqsədilə məsələnin hərbi qaydada həllini yeganə çıxış yolu olaraq ortaya qoydu. 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu ölkənin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğalçı ermənilərin xarabalıqlara çevirdiyi torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qəsbkarlardan azad etməyə, bayrağımızı ucaltmaqla başladı… 8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu.
Nazim Əliyev – Masallı Dövlət Regional Kollecinin tarix müəllimi.