Şuşa Bəyannaməsi əbədi müttəfiqliyimizin qarantıdır

15 iyun Azərbaycan tarixinə həm də ən mühüm əlamətdar hadisələrdən biri kimi – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsi”ni imzalaması ilə qızıl hərflərlə yazılıb.
Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətni xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu.
Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Şuşa Bəyannaməsinin digər bir siyasi rəmzi mənası 1921-ci ildə imzalanan Qars müqaviləsinin yeni hüquqi təsdiqidir. Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsi isə daha geniş siaysi-hüquqi məzmun daşıyır. Bəyannaməyə əsasən, Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin də təhlükəsizliyinin qarantına çevrilir. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bu baxımdan Azərbaycanın ərazi bütövlüyü və suvernliyinin təminatında Türkiyənin əsas zəmanətli ölkə olmasını təsdiqləyir. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir.
Azərbaycan və Türkiyə ən yaxın strateji müttəfiq kimi bir-birinin təhlükəsizliyini təmin etmək, inkişaf bumunu gücləndirməklə yanaşı, həm də, regionun təhlükəsizliyi, sabitliyi və inkişafı üçün dərin təməllər yaratmış olur.
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm bənd də məhz Qafqaz regionu və yaxın qonşu ölkələrin birgə geniş əməkdaşlıq formatlarının trendlərini müəyyən edir.
Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir ildə Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmlənib, müttəfiqlik ən yükəsk Zirvəyə çatıb. Son bir il ərzində Cənab Ərdoğan bir neçə də Azərbaycana səfər edib, Qarabağda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılıb, bir neçə layihənin təməlini qoyub. Cənab İlham Əliyevin qardaş Türkiyəyə səfərləri zamanı müttəfiqliyi gücləndirən mühüm addımlar atılıb. Bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” tədbiri də qardaşlığın növbəti təntənəsi hesab edilə bilər.
Vaqif Abdullayev, 
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.