“Ümumi mədəniyyətimizin inkişafı naminə var qüvvəmizi əsirgəməyəcəyik”. Bu cümlə Gəncə Regional Mədəniyyət İdarəsinə Samux rayon nümayəndəliyində 2017-ci il və 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər, mövcud problemlər haqqında Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyev tərəfindən tərtib olunmuş arayışdan götürülmüşdür. Bu arayışın surəti bizə elə S. Əliyev tərəfindən verilmiş, arayışda vurğulanmış çatışmazlıq və qüsurlara xüsusi diqqət yetirməyimiz bizə tövsiyyə edilmişdi. Əvvəlcə adi, gündə rastlaşdığımız məsələlər kimi görsənən bu qeydlər, getdikcə bizdə müəyyən şübhələr və müəmmalar yaratdığından arayışın bir çox abzaslarında qeyd olunan məsələlərin əslində necə olduğunu araşdırmaq qərarına gəldik.
Bir çox məsələlər bizdə gülüş doğurdu. Digərləri bizi az qala ağlatmışdı. Bu arayış Süleyman müəllimin işıqlı obrazını gözümüzün önündə canlandıracaqdı, kağızda adları çəkilən mədəniyyət müəssisələrinin rəhbərləri ilə söhbətlərdən sonra bu illuziya da, elə gəldiyi kimi də, geri qayıtmalı oldu.
TƏZADLAR. Azərbaycansayağı arayış.
İlk anda gözəl hazırlanmış arayışda rayonun kitabxanaları ilə bağlı bəzi qeydlər nəzərimizi cəlb etdi. Arayışda tərifə yer verilmiş müəssisələrdən biri – Samux rayon Mərkəzi Kitabxana Sisteminin işi haqqında məlumat verilmiş qeyddən sitat gətirək:- “ Hazırda MKS-in ümumi kitab fondu 162.540 nüxsə təşkil edir. Rayon üzrə kitabxanalardan 11.932 nəfər oxucu istifadə edir. Hazırda kitabxanalar üzrə oxuculara kitab verilişi 102.851 nüxsə təşkil edir.” Dalınca oxuyuruq-“ Kəsəmən kənd kitabxanası hələ də evdə yerləşir. Bir neçə iləvvəl Maliyyə Nazirliyi tərəfindən ixtisar olunmuş ştat vahidlərinə yenidən işçilər işə götürülmüşdür ki, adi kompüter bilikləri yoxdur, hətta, latın qrafikasını tam mənimsəməyən işçilər vardır.”
Təzadlar davam edir- Süleyman Əliyev Gəncə Regional Mədəniyyət İdarəsini ələ salır.
–“Əmək intizamının möhkəmləndirilməsi ilə əlaqədar olaraq, müntəzəm şəkildə baş məsləhətçi və müəssisə rəhbərləri yerlərdə olur, kənd və qəsəbə mədəniyyət rəhbərlərinin işçilərinə metodiki köməkliklər göstərirlər. Nizam-intizam qaydalarına əməl etməyənlərə qarşı UMM, MKS və Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən intizam tədbirləri görülür”.
Ortaya müəyyən suallar çıxır. “Qafqaz əsiri” filminin qəhrəmanlarından biri – Saaxovun dediyi kimi, -“Hər şey əladı, hər şey düzdü. Amma bir çatışmazlıq var!” – Bütün bunlar neçə illər boyunca Samux rayon MSK-na, sonra isə rayon Mədəniyyət Şöbəsinə başçılıq etmiş Süleyman Əliyevin niyə indi yadına düşüb? Bu problemlərə niyə indi diqqətlə nəzər salıb? 57 min əhalisi olan Samux rayon sakinlərinin 11.932 nəfəri 102.851 nüxsə kitabı necə oxuyub və hansı müddətdə oxuyub? İdarənin baş məsləhətçisi və müəssisə rəhbərləri latın qrafikasını bilməyən və kompüterdən istifadə qaydalarını hələ də mənimsəməyən kənd və qəsəbə mədəniyyət müəssisələrinin işçilərinə necə metodiki köməklik göstəriblər, hansı qrafika və ya əlifba ilə? Niyə Kəsəmən kənd kitabxanası hələ də evdə yerləşir, kitabxanaçı bu kitabları hansı şəraitdə saxlayır və oxuculara necə mədəni xidmət göstərir? Bəs S. Əliyev özü bu rayonda MKS, sonra isə Mədəniyyət Şöbəsinin müdiri vəzifəsini daşıyanda bu sualla bağlı kimlərə müraciət etmişdi?
Əslində arayışda göstərilən faktlar heç də savadsız hazırlanmamışdır. Lakin müəyyən kod və şifrələr istisna olunsa, arayış öz çılpaq görkəmində heç də xoş təəssürat bağışlamaz. Bundan ötrü əməlli-başlı tədqiqat, özü də necə tədqiqat aparmaq lazım gələrdi. İlk öncə, Samux rayonunda Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi vəzifəsinin hansı funksiyaya malik olduğuna nəzər yetirək… Eləcə baş məsləhətçidir, vəssalam. Amma, arayış hansısa səlahiyyətlərə malik insan tərəfindən hazırlandığı təəssüratını bağışlayır.
Bəs bu arayışda kod və şifrə nədən ibarətdir?
Arayışı diqqətlə nəzərdən keçirən istənilən insan burada diqqətə çatdırılan məsələlərin hansısa mədəniyyət fədaisi tərəfindən yazıldığını sana bilər. Bəs öz iş yoldaşları sayılan bu insanlarla belə rəftar edən kəs hansı mənfi və müsbət xarakterə malikdir? Doğrudanmı, bu şəxs Samux rayonunda ” ümumi mədəniyyətimizin inkişafında var qüvvəsini əsigəmir?”
Yenə oxuyuruq – “Rayon Mədəniyyət Mərkəzində bəzi işçilərin fəaliyyəti yox dərəcəsindədir. Mədəniyyət Mərkəzi adi Mədəniyyət evindən fərqlənmir. Lakin adi iş şəraiti olmayan bu müəssisəyə 26 nəfər işçi qəbul olunmuşdur ki, onun da 8 nəfəri texniki işçilərdir”. Onu da qeyd edək ki, Süleyman Əliyevin iş otağı adı çəkilən bu Mərkəzin binasında yerləşir. Bəs Mərkəzin direktoru ilə niyə yola getmir?..
-Ümumiyyətlə, o kiminlə “yola gedir ki?” – müdirlərin biri deyir.
Kod və şifrənin açılması bizə baha başa gələcək deyəsən. Burda əməlli-başlı araşdırma tələb olunur. Necə deyərlər: – “Yenə də 1913-cü iə qayıtmalı olacağıq!”
Əvvəlcə Süleyman Əliyevin MSK müdiri və sonra rayon Mədəniyyət Şöbəsinə rəhbərlik etdiyi dövrə qayıdaq. O həmin dövr idi ki, bu şəxs qılıncını sağa-sola çapırdı və mədəniyyət müəssisələrinə gündəlik və “aylıq haqq” təyin etmişdi. Vilyam Hacıyevin rayona başçılıq etdiyi dövrdə rayon rəhbərliyinin adı ilə mədəniyyət müəssisələrindən böyük məbləğdə pul vəsaiti tələb etdiyi üçün insanlar ondan “rəhbər”ə şikayət etmişdilər və bununla da fırıldağının üstü açıldığı üçün işdən “öz ərizəsi ilə” azad olunmuşdu. İşini təhvil verərkən aydın olmuşdu ki, Mədəniyyət Mərkəzinin bütün inventarı (əlbəttə ki, təzələri və qəşəng görsənənləri) onun evindədir və tələb olunaraq, o evdən çıxarılmışdı. Üstündən bir neçə il keçəndən sonra hansısa səbəbdən və kiminsə köməkliyi ilə yenə də işə götürüldü. Süleyman bəy də köhnə şakərini tərgidə bilmədi, yenə də haqq tələb etməyə başladı. Üstəlik, min bir şantaj yolu ilə. Tək Musiqi Məktəblərinə aylıq 500 manat “aylıq haqq” qoyan şəxsin adı nədə hallanmır?
Müdir xasiyyətini dəyişə bilməyən şəxs Mədəniyyət Nazirliyinin məsul şəxslərini də “dezinformasiya” yolu ilə “imkan verin, Samuxda mədəniyyəti düzəldim” deyə dəng etməkdədir. Ayıb olmasın, kimi və nəyi düzəltmək istəyir, bu, hamıya bəllidir. Əmr etmək, insanları özünə və niyyətlərinə tabe etdirmək…
Bəs Mədəniyyət Nazirliyində o kimə “sərf” edir və hamının bildiyi bu həqiqətlər niyə başqa “arayış”larda öz əksini tapmır?
Yazdığımız bu sözlərin sübuta elə də ehtiyacı yoxdur. Bunu hamı bilir. Hətta, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi də. Lakin, onlar da bu olayın qarşısını kəsməkdə acizdirlər.Bununla belə, Süleyman Əliyevin “haqq” əməliyyatı özünün qızğın çağında.-“Onun oyunlarından şeytanın özünün də başı çıxmaz”- mədəniyyət işçiləri israrla təsdiq edirlər.-“ Baş məsləhətçi baş nəzarətçi rolunu icra etməkdə”.
– Süleyman Əliyev indi sadaladıqları bu nöqsanları əvvəllər də görürdü. Bəs niyə indi yadına düşüb? Bəlkə, başqa səbəblər də var?–biz də israrla soruşuruq.
Davamı olacaq…
Ruhulla Zahidov, yazıçı-jurnalist.