Strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-İtaliya əlaqələri davamlı şəkildə güclənir

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri arasında ən iri ticarət tərəfdaşıdır ki, bu bölgədə İtaliyanın apardığı ticarətin təxminən 90 faizi Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Ötən ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri isə əlaqələrin daha da inkişafı baxımdan mühüm hadisə oldu.

“Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Qırx dörd günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Azərbaycan həmin günlər ərzində kimin haqqın, ədalətin, kimin isə ədalətsizliyin yanında olduğunu görmüş oldu. Bunun da nəticəsidir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkələrin şirkətləri iştirak edir. İtaliya şirkətləri də bu sıradadır. Belə ki, artıq bu ölkənin bir sıra şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərində yaxından iştirak edir. Buna ilk nümunələrdən biri olaraq 2020-ci ilin dekabr ayında imzalanmış sənədi göstərmək olar. Belə ki, “Azərenerji” ASC-nin və İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunan 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatı məhz “Ansaldo Energia” şirkətinin üzərinə düşüb”, – deyə Pərvin Kərimzadə vurğulayıb.

Onun sözlərinə görə, fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marinonun iştirakı da enerji sahəsində əlaqələrimizin davamlı inkişafının göstəricisidir. Mərasimdə dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi bu stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Prezident İlham Əliyev vurğulayıb: “Biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, – yəni, birinci səfər yanvarın 11-də olmuşdur, – yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələr davamlı olaraq güclənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.