Strateji Müttəfiqlik, Etimad Bəyannaməsi

Ötən gün Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması olduqca tarixi-siyasi hadisədir.
Bəyannamə yaxın dost və etibarlı müttəfiq olan Azərbaycan-Çin münasibətlərinin strateji zirvəyə yüksəlməsini təmin edən mühüm dövlətlərarası saziş və uzunmüddətli əməkdaşlığın Yol Xəritəsi hesab edilə bilər.
Bu saziş Azərbaycan Respublikasının qardaş Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi və Rusiya Federasiya ilə parafladığı Strateji müttəfiqlik Bəyannaməsindən sonra ən mühüm və dövlət əhəmiyyətli siyasi qərardır.
Qeyd edək ki, Cənab İlham Əliyevin 2015-ci ilin dekabr ayında Çinə səfəri zamanı ölkələr arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanmışdı və ötən gün paraflanan Strateji Müttəfiqlik Bəyannaməsi ilə rəsmi münasibətlərdə tamamilə yeni səhifə açılmış olur.
Bəyannamə qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatmasına, siyasi təmasların məzmunun geosiyasi və geocoğrafi landşafta uyğun fokuslanmasına dərin zəmin yaradır.
Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Hər iki ölkə terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səyləri birləşdirmək iradələrini də ortaya qoyur.
Hazırda dünyada və regionda olduqca mürəkkəb siyasi arxitektura formalaşmaqdadır, güc və imperializm meyilləri açıq çalar alır, bunların fonunda qlobal birgəlik təşəbbüskarları olan Azərbaycan və Çin proseslərə uyğun addımlar atır. Beynəlxalq və regional geosiyasi düzənin tektonik və mürəkkəbliyi həm ikitərəfli əməkdaşlığı genişləndirməyə, həm də çoxtərəfli və beynəlxalq müstəvidə fəaliyyəti gücləndirməyə çağırışları ortaya qoyur.
Bu baxımdan hər iki ölkənin ümumi maraqlarını birgə qorumaq, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətmək səyləri və prinsipial mövqeyi tam anlaşılandır. Bu, həm də hər iki ölkənin sülh və əməkdaşlıq, qlobal həmrəylik iradəslərinin təzahürüdür.
Azərbaycan və Çin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edərək regionda hegemonluğa və güc siyasətinə qarşı olduqlarına sadiqliyini bəyan etməklə dünyada silahlı güc və təhdid siyasətinə qarşı barışmaz mübarizliyini nümayiş etdirir.
Bəyannamə həm də Azərbaycanın qlobal alyansda layiqli ölkə kimi iştirakçılığına da əlavə imkanlar yaradır. Belə ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayaraq bu təşkilatda ölkəmizin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir.
Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı dinamik inkişaf edən və böyük iqtisadi potensialı olan dövlətlərin də iştirak etdiyi regional beynəlxalq qurum kimi son illər siyasi mövqeyini artırır, onda Azərbaycanın və qardaş Türkiyənin bu təşkilatda dialoq tərəfdaşı kimi iştirakı mühüm əhəmiyyət daşıyır.
Ümumiyyətlə, Azərbaycan öz siyasi və iqtisadi maraqlarına uyğun olan təşkilatlarla əməkdaşlıqdan heç zaman çəkinməyib və siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi mühit və digər mühüm faktorlar ölkəmizin balanslaşdırılmış siyasətinə təsir etmir.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.