Dekabrın 9-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimi olub.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edib.
Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.
Festivalın açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, STEAM – rəqəmsal bacarıqları, XXI əsr kompetensiyalarını özündə birləşdirən layihədir. Nazir Azərbaycanın müxtəlif bölgələrindən 1000-dən artıq şagirdin 350-dən çox layihə ilə festivala qatıldığını bildirib.
Gəncə şəhər ümumtəhsil məktəblərindən “STEAM Azərbaycan Festivalı 2021”də Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydən 10 nəfər, M.Hadi adına 10 nömrəli tam orta məktəbdən 2 nəfər, 26 nömrəli məktəb-liseydən 2 nəfər, M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdən 2 nəfər, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdən isə 2 nəfər şagird olmaqla 18 nəfər şagird iştirak edir.
STEAM layihəsinin ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində gerçəkləşdiyini vurğulayan nazir bu layihənin 100 mindən çox şagirdi əhatə etdiyini diqqətə çatdırıb. Təhsil naziri STEAM təhsil yanaşması barədə məlumat verdikdən sonra gələcəyin çağırışlarına cavab verən layihə üzrə keçirilən festivalın işinə uğurlar arzulayıb.