“Son zəng”ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda “Son zəng”ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.

Bu barədə Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

Məlumata görə, Bakı şəhəri, 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Qeyd olunub ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.