Baris Məsimov 1986-cı ildə Əfqanıstanda hərbi xidmətini başa vurub vətənə qayıtdıqdan cəmi bir il sonra polis starşınası (hal-hazırda baş çavuş rütbəsi) kimi Gəncə şəhər Baş Polis İdarəsində işə düzəlmişdi. Hərbi xidmətdə snayper olub. Böyük döyüş təcrübəsi vardı. Onlarla döyüş əməliyyatında iştirak edib. Onu polis sıralarına elə bu keyfiyyətinə görə götürmüşdülər. 1989-cu ildə Todanın müdafiəsində polis rotasının starşinası kimi də döyüşlərə qatılmışdı. Onda hələ Todanın özünümüdafiə dəstəsi yaradılmamışdı. Buranın və ətraf kəndlərin müdafiəsi polis rotasının üzərinə düşmüşdü. Gərgin geçən günlər bir-birini əvəz edirdi. Ermənilər demək olar ki, hər gün kəndi atəşə tutur, əhalini bu kənddən baş götürüb qaçmağa məcbur etmək istəyirdi. Kəndin igid camaatı yalnız ov tüfəngləri ilə özünü müdafiə edirdi. O da hər adamda yox idi. Həmin dövrdə polis işçiləri kənd ətrafında müdafiə mövqeləri tutdular, post-patrul postları qurdular və əhalinin təhlükəsizliyini təmin etdilər.
-Hamıda böyük ruh yüksəkliyi vardı. Kənd camaatı da, polis işçiləri də kəndin və ətraf ərazilərin müdafiəsi üçün ayağa qalxmışdı, böyük əzm və qətiyyət nümayiş etdirirdilər. – Baris Məsimov xatırlayır. – Ermənilər ilə üzbəüz mövqelərdə səngərlər qazılmışdı. Hələlik iş yalnız üzbəüz atışmalardan uzağa getmirdi. Ermənilər qarşılarında təcrübəli polis işçilərinin olduğunu gözəl anlayır, açıq döyüşdən yayınırdılar. Polis rotasının qurduğu postlar ayıq-sayıqlığını itirmirdi. Hər şey müharibə dövrünün qanunların uyğun aparılırdı.
Rotanın döyüşçüləri Todanda evlərə paylanmışdı. Rotanın komandiri polkovnik-leytenant Qəhrəman Əliyev kənddə bir evi özünə qərargah kimi seçmişdi. Postlar da Todanın öz ərazisində idi. Todanın girişində polis nəzarət məntəqəsi yaradılmışdı ki, kənar kəslər kəndə girə bilməsin və ermənilər kəndə hücum edərlərsə, onların qarşısı alına bilsin.Bundan əlavə Buzluq kəndinin yüksəkliyində KQB, Polis, OMON döyüşçüləri də mövqelər tutmuşdular. Cambaz dağı ətrafında gedən döyüşlərdə mən də iştirak etmişəm. Tariyel Şahverdiyev də həmin əməliyyatda yaralanmışdı.
Apardığımız əməliyyatlarda kənd camaatı bizə bələdçilik edirdi. Ətraf yerlərə, gizli cığırlara onlar yaxşı bələd idilər. Ermənilər bizi Mənəş tərəfdəki yüksəkliklərdən atəşə tuturdu, mövqe döyüşləri gedirdi. Biz də onları atəşlə susdurur, onların hücumlarının qarşısını alırdıq. Aramızda 500-1000 metr məsafə vardı. Onlar atəş açırdı, biz maneələri dəf edirdik. Onlar şəhərdən gələnləri, polis əməkdaşlarını Erkəc kəndindən atəşə tuturdular. Biz də mövqelər seçir, onların mövqelərinin atəşə tutur, onları zərərsizləşdirir, silahlı basqınların qarşısını alırdıq. Mənim boynuma snayper kimi böyük məsuliyyət düşürdü. Rota üçün düzgün və əlverişli mövqelərin seçilməsi mənə həvalə edilmişdi. Polis işçilərinin çoxu silahla yaxşı davranmağı bacarmırdı. Əfqanıstanda müxtəlif silahlarla davranmağı yaxşı öyrənmişdim. İndi bu təcrübəmi öz polis dostlarımla bölüşürdüm.
Günlərlə gizli postlarda ermənilərin mövqelərini izləyirdim, bizim ərazilərə soxulmaq istəyən erməni döyüşçülərini, kəşfiyyatçıları zərərsizləşdirirdim. Onların da kəşfiyyat qrupları var idi, tez-tez bizim mövqelərə soxulmağa çalışırdılar. Bir-bir sıradan çıxarıb, mövqeyimi dəyişirdim. Dəfələrlə gizli yollarla Çaykəndə kimi piyada gedib, kəşfiyyat aparmış, yenidən geri qayıtmışam. Polkovnik Ramiz Məmmədov bizim komandir idi. 1992-ci ildə ona general-mayor rütbəsi verildi. Döyüşə gedəndə o bizdən ən qabaqda gedirdi. Şəxsi nümunə göstərirdi. Çaykənd alınanda da kəndə ilk girənlərdən biri də o və mən olmuşam. Çox igid adam idi.
-Bildiyimizə görə Todan üzərində erməni vertolyotunu da siz vurmusuz.
– Ruslar erməniləri hər cür texnika ilə təhciz edirdilər. Tez-tez onların vertolyotu kəndin üzərindən uçur, mövqelərimizi, kəndi atəşə tuturdular. Komandanlıq bu qaniçən pilotu zərərsizləşdirməyi mənə tapşırmışdı. Bir gün kəndi atəşə tuta-tuta uçub üstümüzdən keçdi. Bilirdim ki, indi geri qayıdacaq. Tez bir evin damına çıxıb şiferdə hər iki istiqamətdə deşik açdım ki, tüfənglə atəş aça bilim. Bir az keçmiş vertolyot geri qayıtdı. Başı evləri atəşə tutmağa qarışmışdı. Kəndi biçirdi, mal-qara sulayan bir kişi də onun açdığı atəşin qurbanı oldu. Ələ düşən andan istifadə edib, vertolyotu nişan aldım. İlk atəşdən vertolyot tüstülənməyə başladı. Mövqelərimizin üstündən uçub qarşıdakı dağın üstünə, meşəliyə düşdü.
-Gəncənin ilk şəhidləri- Bəxtiyar, Ruzigar və Abasqulu da bu vertolyotdan açılan atəşdən həlak olmuşdular.
-Bəli. Həmin gün biz tərəfdən çoxlu şəhid oldu. Qisasını aldıq. Biz tərəfdən dəfələrlə onların nəşini istəmişdilər. Vermirdilər.2-3 gündən sonra Todanda “Tək ağac” deyilən yerdə BMP-də gətirib polis dəstəsinə təhvil verdilər.
-Siz bu qəhrəmanlığa görə mükafatlandırıldınızmı?
-Bəli. Bu əməliyyatda nümunəvi iştirakıma görə Daxili İşlər Nazirliyinin “Otliçnik MVD SSSR” (“SSRİ DİN əlaçısı” döş nişanı) ilə təltif olunmuşam.
– Polis rotası Todandan nə vaxt çıxdı?
-Kənddə özünümüdafiə dəstəsi yaradılandan sonra polis dəstəsinə başqa tapşırıq verildi. Kəndin qorxmaz kişiləri vardı. Ermənilərin öhdəsindən əla gəldilər. Bütün ətraf bölgələrin gözü onlara dikilmişdi, tək bir kənd ətraf kəndlərin, hətta Gəncənin belə təhlükəsizliyini qoruyurdu. Ermənilər onların qorxusundan çox əl-qol aça bilmədilər, kəndin igidləri onları bir neçə kənddən də sıxışdırıb çıxartdı.
-Döyüş dostlarından kimlərin adını çəkə bilərsən? Onlar yaddaşında necə qalıb?
-Qorxmaz polislər idilər. Ən başlıcası isə vətənin hər qarışını sevirdilər. Döyüşə həvəslə qatılırdılar, elə bil ki, harasa toya-bayrama gedirdilər. Serjant Xəqani Arıxov, starşina Mahir Qasımov, serjant Tariyel İsmayılov, serjant Cəfər Cəfərli, vzvod komandiri baş leytenant Əbülfəz, rota komandiri polkovnik-leytenant Qəhrəman Əliyev… Bir hadisə olanda Todanda ratsiya ilə Gəncəyə məlumat verir, Növbətçi Hissə ilə əlaqə saxlayırdıq. Tez-tez əlavə qüvvələr bizə köməyə gəlirdi.



