ŞEİRLƏRİNDƏ KÖRPƏLƏŞƏN BÖYÜK YAZAR
Yaşadığımız dünyanın içərisində bizim bildiyimiz və bilmədiyimiz dünyalar mövcuddur. Bunlardan biri də qəlbləri riqqətə gətirən, insanların mənəviyyatını saflaşdıran, gözəlləşdirən, könüllərə sevgi bəxş edən bədii dünyadır. İnsan həyata göz açdığı gün öz bədii dünyasına ilk addımını atır. Laylalarla başlayan həyat nağıllarla, şeirlərlə, hekayələrlə böyüyür, bədii təfəkkürü inkişaf edir. Vaxt ötdükcə bədii-ədəbi dünyanın sakinləri ya onun sıravi vətəndaşına, ya da qurucularına çevrilir. Sevindirici haldır ki, Azərbaycan xalqı bu sirli dünyanın quruculuğuna böyük töhfələr verib və bu gün də öz töhfələrini verməkdə davam edir. Bəlkə də, bu dilimizin rəvanlığından, sözlərin Azərbaycan dilində daha çox ahəng qanununa uyğunluğundan irəli gəlir. Bunun nəticəsidir ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında özünəməxsusluğu ilə hər zaman seçilib. Ədəbiyyatın ən həssas səhifələrindən biri isə uşaq ədəbiyyatıdır. Nəyə əsasən fikrimi bu şəkildə istifadə edirəm? Axı uşaqlar təkcə yaşca uşaq olmur, onların təfəkkürü də uşaqdır. Həssaslıq isə böyük təfəkkürü uşaqlaşdırıb o körpə oxucunun öz dili ilə ona çatdırmaqdır. Bu zaman şairin, nasirin özü də uşaqlaşmalıdır ki, o körpə oxucu ilə öz qələmi arasında bir ədəbi körpü yaratsın. Azərbaycan uşaq ədəbiyyatına öz töhfəsini verən bir çox dəyərli qələm sahibləri olub və bu gün də yetişməkdə davam edir. Bunlardan biri də mənimlə bir dövrdə, bir ölkədə, hətta bir şəhərdə yaşayan, yazdığı şeirlərdə körpələşən Aləmzər Əlizadədir. Yuxularında böyüyüb şeirlərində uşaqlaşan Aləmzər xanımın ədəbiyyata gəlişi də maraqlıdır. Hələ körpə yaşlarında yazı yazıb oxuya bilmədiyi bir çağında Aləmzər xanım yuxularında böyüyərək bir-birindən gözəl saymalar, düzmələr yazması onun gələcəkdə yüz minlərlə körpə qəlbinə yol tapacağının göstəricisiydi. İlk dəfə 17 yaşında şeirləri nəşr olunan şairə xanım 23 yaşında “SARI EYNƏK” adlı ilk kitabı ilə fidan balaların çantalarını, masalarını bəzədi. Aləmzər Əlizadə uşaq ədəbiyyatında təkcə şeirlərlə kifayətlənmədi, hekayələrlə, povestlərlə, hətta bir neçə pyeslərlə də balaca oxucularının görüşünə gəldi. Bir yazarın könül dünyasına səyahət etmək istəsən onun əsərləri ilə tanış olmaq kifayətdir. Aləmzər Əlizadənin qısa müddətdə bu qədər sevilib oxunmasının isə bir səbəbi vardı. Qələmə aldığı hər əsərində uşaq aləminin gözəlliyi ilə yanaşı valideyn, müəllim tövsiyələri sərgilənirdi:
Keçidi qoyub Elçin,
Keçir maşın yolundan.
Polis əmi də gəlib,
Tutur onun qolundan.
Deyir:- Bircə maşın da,
Keçiddən keçirmi heç?
Keçmə onun yolundan,
Sən də keçidindən keç.
“KEÇIDDƏN KEÇ” adlı bu şeirdə körpə oxuculara rəvan, axıcı bir şeirlə bərabər eyni zamanda yol hərəkəti qaydalarını aşılamaq məqsədi öz yerini tutur:
Əlinə ələk alıb,
Əminə un ələdi.
Ancaq başdan-ayağa,
Özü una bələndi.
Bu şeiri oxuyan hər bir körpənin üzündə təbəssüm yaranacağına əminəm. Axı, o körpədir, onun öz dünyası var. Una bələnən birini görəndə əlbəttə ki, onun çöhrəsini təbəssüm bürüyəcək. Ancaq bu bir bənd şeir də tərbiyəvi əhəmiyyət daşıyır:
Səpələnib sahilə,
Çoxlu balqqulağı.
Gör nə qədər balığın,
Qumda qalıb qulağı.
Şeiri oxuyan uşaqda sual yaranır. “Balıq sahildəmi yaşayır?” “Balıq qulağını istədiyi yerə qoya bilərmi?”. O zaman suallarına aydınlıq gətirmək üçün valideynlərinə bu sualları ünvanlayır və valideyn də açıqlamasını verəndə artıq uşaq balıqlar və balqqulağı haqqında məlumata sahib olur.
AYB-nin Gəncə bölməsinə gəlişim uzun illərə təsadüf etmir. Bu birliyə gəldiyim ilk gündən səmimiyyəti ilə seçilən, xüsusilə gənclərə əsl ana qayğısı ilə yanaşan Aləmzər xanımla mənim aramda qısa müddət ərzində səmimi bir körpü quruldu. Onun əsərləri ilə tanış olduqdan sonra belə qənaətə gəldim ki, yazılarındakı Aləmzər Əlizadə ilə həyatda canlı ünsiyyət qurmaq xoşbəxtliyinə nail olmuşam. Hər zaman təmsil etdiyim bölmənin uğurunu uğurum, sevincini sevincim, kədərini kədərim bilmişəm. Bu günlərdə isə həm uğur qazanıb həm də sevinmək düşdü payıma. Aləmzər xanımın “İDMAN DƏRSİ” adlı şeiri dərsliyə salınması məni və mənim kimi bir çox qələm əhlinin sevincinə səbəb oldu:
Nənəsi çağırır ki,
Ay Ülviyyə, evə gəl.
Dərslərini oxu, yaz,
Xörəyini ye, dincəl.
Top oynayırdı deyə,
Qız tez tapdı bəhanə.
Dedi, idman dərsini,
Öyrənirəm, ay nənə.
Bu uğuru münasibətilə Aləmzər xanımı səmimi qəlbdən təbrik edirəm. Etiraf edim ki, yazını yazmadan öncə çox götür-qoy etdim, çünki məndən əvvəl böyük yazıçı, Gəncəmizin fəxri Qərib Mehdinin Aləmzər Əlizadə haqqında yazısı dərc olunmuşdu. Qərib müəllimdən sonra yazı yazmaq çətin olduğu qədər də məsuliyyət tələb edir. Sonda isə Aləmzər Əlizadənin sevincinə şərik olan AYB-nin Gəncə bölməsinin rəhbəri və bir neçə üzvünün təbriklərini nəzərinizə çatdırıram.
Eltun Türkel
Aləmzər xanım!!
Şeirlərinin dərsliklərə salınmasını ən böyük uğur kimi qəbul edərək, bu nailiyyət üçün səni və AYB-nin Gəncə bölməsini təbrik edirəm.Məktəb həyatına ilk addımlarını atan şagirdlərin sənin şeirlərini sevə – sevə oxuyacağına və həyatları boyu hafizələrində özləri ilə yaşadaqcaqlarına əminəm.
Uğurların bol olsun!
Xəzangül Hüseynova (AYB-nin Gəncə bölməsinin sədri, şair.)
Aləmzər Əlizadə müasir uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. İndiyə qədər iyirmiyə yaxın şeir kitabı çap olunan bu xanım şairimiz Azərbaycan uşaq ədəbiyyatına çox qiymətli töhfələr vermişdir. A Əlizadə azyaşlıların və yeniyetmələrin psixologiyasına dərindən bələddir, öz balaca qəhrəmanlarının hiss və duyğularını ən yüksək səviyyədə duymaq bacarığına malikdir. Məhz bu keyfiyyətlər onun çoxsaylı şeir və poemalarının daha canlı və təbii alınmasına kömək edir. A Əlizadə bir ana kimi uşaqlara daim tərbiyəvi fikirlər aşılayır, onların cəmiyyətimizə laiq vətəndaşlar kimi yetişməsinə çalışır. Məlum olduğu kimi uşaq aləmi qəribəlik və bəzi sirrlərlə doludur. Aləmzər xanımın şeirlərini sevdirən və ona geniş oxucu kütləsi qazandıran əsas amillərdən biri də öz yaradıcılığında bu məsələlərə geniş yer ayırmasıdır. A Əlizadənin şeirlərinin dili son dərəcədə aydın, anlaşıqlı və rəvandır. Müəllif öz balaca oxucuları ilə onların öz dilində danışmağı bacarır.
Sahib İbrahimli (Filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq.)
Çağdaş Azərbaycan ədəbiyyatında AYB-nin Gəncə bölməsinin bir neçə yazarı nəinki Gəncəmizdə, nəinki ölkəmizdə hətta böyük Turan dünyasında öz layiqli yerini tutur. Bunlardan biri uşaq ədəbiyyatımızın yenilikçi, novator yaradıcısı Aləmzər Əlizadədir. Müasir günümüzdə uşaq ədəbiyyatında ilk yada düşənlərdən biri və birincisi məhz bu xanımdır. Onun xoşbəxtliyi ondadır ki, uşaq fəlsəfəsini, uşaq dünya görünüşünü uşağın öz dili ilə zərgər dəqiqliyi ilə oxuculara çatdırır. Aləmzər xanımın bu uğurunu Gəncə ədəbi mühitinin ən böyük uğuru kimi qiymətləndirirəm və deyirəm:- Uğurların bol olsun, şairə xanım!
Ramiz Təmkin (Şair, publisist.)
Azərbaycan Uşaq Ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Aləmzər Əlizadənin uşaqlar üçün qələmə aldığı poemaları, hekayələri, povestləri, şeirləri hər zaman maraqla oxunur. Eyni zamanda, 10-dan yuxarı pyesi Gəncə Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Əsərləri bir çox xarici ölkələrdə nəşr olunan, uşaqların sevimlisi Aləmzər xanımı təbrik edir, ona daha böyük uğurlar arzu edirəm!
Ümbülbanu Hacıyeva (Yazıçı, publisist.)
Düz qırx ilə yaxındır ki, imzasına hörmətlə yanaşdığım, qeyri-adi uşaq şeirlərinin müəllifi Aləmzər xanımı tanıyıram. Onda hələ əlimə qələm alıb yeniyetmə dövrümün acılı-şirinli təəssüratlarını kağızla bölüşürdüm. Səmimi, mülayim davranışı ilə seçilən əsl Azəri qadınlarına xas bu insana hörmətim də elə o zamandan yaranıb. Elə oldu ki, bir televiziya kanalındakı ədəbi verilişdə ikimiz iştirak edəsi olduq. Aparıcını qabaqlayaraq sual verdim ki, Aləmzər xanım, mənim üçün uşaq şeirləri yazmaq çox çətindir, siz bunu necə bacarırsınız? Cavab çox sadə oldu. Bildirdi ki, bunun üçün uşaqların psixologiyasını tutmaq və daima onları müşahidə altında saxlamaq lazımdır. Onların hərəkətindəki qeyri- təbiilik məcbur edəcək ki, sən şeir yazasan. Doğurdan da məntiqli və obyektiv cavab idi. Bu gün də Aləmzər Əlizadə bədii ədəbiyyatda öz üslubunu təsdiq etmiş qiymətli şairlərdən biridir. Təsadüfi deyil ki, onun yaratdığı uşaq şeirləri pedaqoji sahəyə də sirayət edib. Tum əkən barını görər. Bar da göz qabağındadır. Aləmzər xanımın iki şeiri bildiyim qədərilə məktəb dərsliklərinə salınıb. Bu Gəncə ədəbi mühitinin böyük uğurudur. Mən də bu ədəbi aləmin bir parçası olaraq dəyərli şairimizi ürəkdən təbrik edirəm və ona yeni əsərlərin qələmə alınması üçün tükənməz ilham və poetik ruh arzulayıram!
Zahir Şirani (Şair.)
Aləmzər Əlizadə, bu adla ilk dəfə illər öncə Gəncə Yazıçılar Birliyinə gedərkən tanış olmuşdum. O günlərin dəyəri hər zaman xatirəmin dərin yaddaşında qalacaq. Şeirlərinin, yazılarının rəvanlığı, axıçılığı ilə seçilən yazar şairəmiz haqda həm də onu deyə bilərəm ki, Aləmzər Əlizadə eyni zamanda yaradıcılığa yeni başlayan gənc yazarlar üçün həm də gözəl müəllimdir. Bu gün onun sevə-sevə oxuduğum yazılarının dərsliyimizdə olmasına ürəkdən şad oldum. Həlim xasiyyətli, qayğıkeş və gözəl qələm sahibəmizi bu səbəbdən təbrik edirəm. Tarix dəyərli olanların dəyərini hər zaman yaşadacaq!
Zülfiyyə Yaqub (Şair.)
Gəncə ədəbi mühitinin körpə ruhlu xanımı Aləmzər Əlizadənin qələmə almış olduğu şeiri 1-ci sinif Ana Dili dərsliyində yer aldığını gördükdə çox sevindim. Çünki Aləmzər Əlizadə uşaq psixologiyasına bələd olan, körpələri əyləndirərək tərbiyə etməyin yollarını bilən mükəmməl bir yazardır. Ümid edirəm ki, zamanla bütün dərsliklərimiz bu cür mükəmməl əsərlərlə zənginləşsin. Aləmzər Əlizadəyə isə qəlbimin ən səmimi təbriklərini çatdırıram. Gəncə ədəbi mühitinin hər bir uğuru hər birimizin uğurudur. Var olun, Aləmzər Əlizadə, yaşayın və yaradın!
Gülnarə Sadiq (Şair, yazıçı, publisist.)