Şeir duyğu qəlibində təşəkkül tapır, söz qatarında ərsəyə gəlir:duyum – söz – şeir. Şeir duyğu və hisslərin bədii ifadəsidir. Şeirdə duyumun tərənnümünə dönüşməsi lirizmin səviyyəsi ilə keyfiyyətlənir. Duyğuları söz qiyafəsində mübarəkləndirmək şairlərin işidir. Poetik ovqat bədii təfəkkürlə bəlgələnirsə, şairin fikir süzgəcində irmiklənib ələnirsə, həyatın bədii dərki ruhi, psixoloji tarazlıqla bədirlənirsə, söz də, fikir də cilalanıb şeirləşir. Üstəlik bədii dərklə elmi dərkin vəhdətində şeir daha ovxarlı, daha təsirli və anlamlı əhəmiyyət kəsb edir. Bayram Apoyev şəxsiyyətini elmilik və bədiilik nəqşi ehtiva etməkdədir.
Bayram Apoyev şəxsiyyətinin ictimai-əxlaqi dəyəri, ümumbəşəri əyarı, mənəvi siqləti “Yatmamışam” “moralite”sində dolğunluqla ifadə olunmuşdur. Bu şəxsiyyətin mayası halallıqdan yoğrulmuşdur. Saxtalıqdan, günahlardan ilim-ilim uzaq olan bu insan Tanrıya sığınmışdır, ona görə də sabahına ümidlidir. Xarakteri, həyatı, çoxşaxəli fəaliyyəti ilə, səmənbər münasibəti ilə insani dəyərlərin məcmusuna sahib olmuş Bayram Apoyev ziyalıdır, müəllimdir, alimdir, Vətən və millət təəssübkeşidir, məhəbbətinə sadiq aşiqdir.., şairdir.
Elə ilk səhifələrdə yer almış “Sarıbabaya salam”, “Ata”, “Ana, ay ana” kimi yüksək tendensiyalı şeirlər ümumulidə bir müqəddimədir. Həmin poetik nümunələrdə şeirlərin kredosu, şair niyyəti öz – özlüyündə açılmış olur.Sarıbaba Vətənin, ata yurdunun, ana məkanın rəmzidir:
Uşaqlığım ətəyində boy atdı,
Kim deyir ki, xatirələr boyatdı?!
Sarıbaba, bu da belə həyatdı, Neçə ildi sənə həsrət yaşadım,
Hər daşında, hər qayanda var adım.
Gün doğanda ilk sabahım sən idin,
Baş əydiyim qibləgahım sən idin,
Çətin gündə son pənahım sən idin,
Üz tutardım sal qranit daşına,
Dolanaram səhər-axşam başına.
Vətən mövzulu poeziya nümunələrində Bayram Apoyev bütün yurd həsrətli qəribanların dili ilə danışır, onların qəlbi ilə duyğulanır, yurd ayrılığından doğan dərdi, nisgili ümumiləşdirir. Şeirlərindəki ürək ağrısı, sızıltı, yanğı oxculara da siraət edir. Hiss edirsən ki, müəllifin kiçik ürəyində ağır bir el bəslənir, böyük bir Vətən əzizlənir. “Ata yurdum Vedibasar”, “Mən də o kənddənəm”, “Səninlə həmdərdəm”, “Gördüm”, “Necə gedim” kimi şeirlərdə şair köksündən qopan ah, fəryad, bir həsrət havasının kamanə ağlartısı ilə ürəklərə köçür. Şair eyni zamanda düşmən pəncəsində inləyən qüdsal torpaqların toponomik xəritəsini cızır, yurd yaddaşını düşüncələrdə qranitləşdirir, doğma yerlərdə keçirdiyi məsub çağları xatırlayır. Yurd həsrətinin ağrısı, el-oba fərağının riqqəti şair qələmi ilə ağ kağızın təmasında qara dərdin hüznünü tutur, ayrılıq əzabının şiddəti şair qəlbini oxşayır, eyforik məqam oluşdurur.
Bununla yanaşı, demək lazımdır ki, şair bugünkü həsrətini ağlayır, gələcəyin vətənsizliyini inkar edir. Çünki “Ağlamaqla Vətən qayıdan deyil”. Şair dostu Binnət əsgərə ünvanladığı şeirdəki kimi:
Şair dostum, yetər artıq ah-aman,
Qarı düşmən canavardan çox yaman,
Sızlamaqdan qəddimiz olub kaman,
Zarımaq yox, döyüşməyə sal meyl,
Ağlamaqla Vətən qayıdan deyil.
Və şairin gələcək günün zəfərinə əminliyi də sarsılmazdır:
Alıb güc-qeyrəti Oğuz qanından,
Ərənlər keçəcək şirin canından,
Babək qılıncını sıyırıb qından,
Düşmənin başına qəfil çalacaq,
“Ad günüm” “Qələbə günü” olacaq!
Məhəbbət Bayram Apoyev lirikasında bitib-tükənməz bir yoldur, bütün mövzuların paralel şahanəsidir. Bir var, ayrıca məhəbbət mövzusunda yazasan, bir var, sevgi şairin yaşam tərzinə çevrilsin. Apoyevin lirikasında anakreontizm meyli duyulur. Bu meyl antik yunan şairi Anakreontun (m.ö.570-478) yaradıcılığının üç istiqamətindən (şən həyat, şərab, sevgi) yalnızca birinə aiddir: məhəbbətə. Ümumilikdə, Bayram müəllimin lirikasında bir arxitextonika mahiyyəti vardır. Düzdür, bu termin hər hansı bir ədəbi əsərin ünsür və hissələrinin qarşılıqlı əlaqəndirilməsi ilə bağlıdır. Bayram Apoyevinsə bütöv lirikası məhz sevgi ilə əlaqələnir.
Mən şəxsən Bayram müəllimin yaradıcılığına bioqrafik metod üsulu ilə yanaşıram. Bu, yaradıcı insanın qələm nümunələrini onun şəxsi həyatının ifadəsi kimi öyrənmək metodudur. Bayram Apoyevin həyatı, yaşantısı, mənəvi aləmi məhəbbətlə halələnib. Onun sevgi şeirlərində ekspromtluq hiss olunur, bu şeirlər düşüncənin təlqini ilə yox, sevgi hissinin coşqunluğu ilə səciyyəvidir. Hisslərin coşqunluğu, saf məhəbbətin duyğu təlatümü ilham məqamı, improvizə əhvalı yaratmaqla sevgiyə münasibətdə idealizə effekti əmələ gətirir.
Bayram Apoyevin lirik qəhrəmanının sevgi idealı Güldür. Gül pak sevginin obyekti olmaqla bərabər, həm də sevginin özüdür. Reallıqla ideallığın, dünyəviliklə səmaviliyin qovuşduğu yerdə bitir o Gül. Gülsüz nə dünya var, nə həyat var, nə də əlahəzrət məhəbbət var:
Sənsiz dünya gözlərimdə cəhənnəm,
Gülsüz quruyarmı gözlərimdə nəm?!
Sağalmaz dərdimə tək odur məlhəm,
Onsuz quru çöldü, səhradı hər yan,
Yaşaya bilmərəm Gülsüz bircə an!
Bayram Apoyev şeirlərindəki söz, ifadə, məqam, əhval-ruhiyyə ilə tendensiya – meyl, ideya, qənaət oluşdurur. Saf məhəbbət, məcnuni vurğunluq, eşqin sədaqət bakirəliyi oxucunun meylini çəkir, didaktik keyfiyyət kəsb edir. Bu meylin ahənrüba cəlbediciliyində hərə öz gülünü – öz öz sədaqətini tapır, ən azı axtarır. Atalar isə “axtaran tapar” deyiblər. Söz yox ki, əsl sevgi zəmində yaranır, sonradan ruha köçərək ucalır, ilahi mahiyyət kəsb edir və əbədiləşir:
Bayram Apoyevin ictimai məzmuna malik şeirləri də sənətkarlıq baxımından, mövzu və ideya cəhətdən diqqətəlayiqdir. Bu səpkili şeirlərin bir qismi əxlaqi-didaktik tərzdə, bir çoxu satirik məzmundadır. Bu şeirlərdə şair mühüm bəşəri problemlərə toxunur, cəmiyyətdəki müsbət meylləri təqdir edir ( “Etibar etmə”, “Yatmamışam”, “Qadındı”, “Qızılgül”, “Bir olar”, “Dəymə”, “Deyil ki”), “Şərbaz”, “Minsifət”, “Düzələn deyil”, “Ay haramzada” kimi tənqidi xarakterli şeirlərdə həyatdakı mənfiliklərə, pisliklərə üsyankar və barışmaz münasibət bildirir, müdrik kəlamları, nəsihətamiz tutumu ilə insanlığı gözəlliyə, xeyirxahlığa səsləyir.
Bayram Apoyev elmi-pedaqoji fəaliyyəti ilə də ictimai fikir sahəsində öz layiqli yerini tutmuşdur. Çox sayda elmi əsərlərin, məqalələrin, dərs vəsaitlərinin, iki samballı monoqrafiyanın müəllifidir.Xüsusilə nizamişünaslıq sahəsində önəmli uğurlara imza atmışdır.
Mənim Bayram müəllimin yaradıcı fəaliyyəti ilə az-çox bələdliyim var. Lakin əyani görüşümüz olmamışdır. Ümid edirəm ki, İnşəAllah, Gəncəyə yolum düşəndə o zəka sahibi ilə görüşmək şərəfinə nail olaram. Ancaq ona necə müraciət edəcəyimi qərarlaşdırmamışam: müəllim, alim, yoxsa, şair Bayram?
Sultan Orucoğlu, şair- tədqiqatçı,
“Qızıl qələm ” mükafatı laureatı.