“Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin Rusiyanın Qroznıdakı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması versiyası demək olar ki, tam öz təsdiqini tapmaqdadır. Artıq Rusiyanın müxtəlif ekspertləri də bunu etiraf edirlər.
Belə bir kritik məqamlarda Rusiya Federasiyasının rəsmilərinin hadisəni etiraf etməməsi və Azərbaycandan üzr istəməməsi çoxsaylı suallar yaradır, vəziyyəti daha da gərginləşdirir.
Üstəlik Mineralnıya Vodı şəhərinə uçan təyyarəmizə enişə icazə verilməməsi, hava məkanlarının blokalnması Rusiyanın müvafiq dövlət idarəçiliyi aparatının sanki ikiyə bölündüyü təsəvvürü yaradır.
Vəziyyət Rusiyanın ikiyə parçalandığını , dövlətin qaranlıq lobbilərin əlində oyuncağa çevrildiyini, sanki Kadırov kimi hərbi avtoritarların gücü ilə haçalandığını seyr edirik.
Sanki Rusiyanı idarə edən gözəgörünməz bir güc var, Moskvanın mərkəzi hakimiyyəti kənarda qalıb, Çeçenistan rəhbərliyi özünü Rusiyanın sahibi və ya müstəqil dövlət institutu kimi aparır.
Ramzan Kadırov ortaya atılaraq gah hiyləgərlik edərək Azərbaycana maddi kömək, təzminat və s. məsələləri qaldırır, gah da hadisədən təəssüflənməklə iz azdırır.
Kremlin başsağlığı yerinə, biz Çeçenistanın Rusiya adından hadisəni pulla, maddi yardımla “yola vermək” cəhdlərini görürük.
Böyük sayda insan ölümünə səbəb olmuş bu faciəyə bu cür münasibət Rusiya kimi nəhəng dövlətə başucalığı gətirmir.
Sözsüz ki, Azərbaycan Kadırovun və digər şəxslərin bu hərəkətlərini, qəbuledilməz siyasi davranışını rədd edir.
Cənab Prezidentin kəskin və qəti mövqeyi isə ortadadır, Rusiya ilə strateji müttəfiq olsaq belə, bu ağır cinayətin törədilməsində iştitarçı olanlar layiqli cəzasını almalıdır.
Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın dövlət başçısı prinsipial addımları ilə hadisəyə hüquqi qiymət verilməsini, cinayətin cəzasız qalmayacağını təmin edəcək.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.