Samuxda Seyid Şuşinskinin 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin verdiyi məlum sərəncama əsasən, Azərbaycan muğam sənətinin nadir incilərindən olan Seyid Şuşinskinin 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin və Samux rayon Mədəniyyət Mərkəzi ilə birgə təşkil edilmişdi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova muğamlarımızın bizim həyatımızda tutduğu əvəzedilməz yerindən danışdı.

Dünyaya göz açdığımızda anamızın muğam üstə bizə oxuduğu ilk musiqimiz olur laylalarımız, bu dünyadan köçəndə isə muğam üstə deyilən ağılarımızdır muğam. Azərbaycanı muğamsız, muğamı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Sanki bütünləşib bədənlə cana çevrilmişdir. Azərbaycan muğamının zənginləşməsində isə əvəzsiz bacarığa malik xanəndələrin rolu danılmazdır. Bunlardan biri isə Seyid Şuşinskidir. O, həmçinin Seyid Şuşinskinin həyat və yaradıcılığından geniş bəhs etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq bir neçə ildir dövlət səviyyəsində muğam müsabiqələrinin keçirilməsinin, Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi və s. bunun kimi onlarla nümunənin dövlətin öz mədəniyyətinə verdiyi yüksək dəyərin mücəssiməsi olduğunu vurğuladı. Nuranə Həsənova muğam mədəniyyətimizin rayonumuzda böyüyən nəsillərə ötürülməsində xüsusi zəhməti olan Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin səs-muğam müəllimi Zəminə Nuriyeva, uşaqların daha da irəli getməsi üçün xüsusi qayğı ilə yanaşdığı üçün Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru Təvəkkül müəllimə və valideynlərə öz xüsusi təşəkkürünü bildirdi. Gələcəkdə bu cür tədbirlərin Mərkəzimizdə daha çox olmasının vacibliyindən danışdı.
Çıxış üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayonu üzrə baş məsləhətçisi Süleyman Əliyevə verildi. O, öz zəngin və ətraflı çıxışında bu gün muğama olan dövlət qayğısından, Seyid Şuşinskinin həyat və yaradıcılığından danışdı.
Samux rayon Mədəniyyət Mərkəzinin direktoru Şəlalə Tağıyeva öz maraqlı əhatəli çıxışı ilə hər kəsin diqqətini çəkməyi bacardı. O da öz növbəsində Azərbaycan muğamatının formalaşmasında müstəsna xidmətləri olan Seyid Şuşinskinin həyatından maraqlı faktları sadaladı.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi, “muğam gecəsi” başladı. Bir-birini əvəz edən möhtəşəm muğam nümunələrinə Samux rayon Mədəniyyət Mərkəzinin kütləvi iş təşkilatçısı Hüseynova Göyçəyin səsləndiriyi lirik şeirlər xüsusi bir ahəng qatırdı. Gələcəyin xanəndələrinin və Zəminə Nuriyevanın ifasında Şahnaz, Dilkeş, Simayi-Şəms, Heyratı və s. Jalə Orucovanın “Sarı gəlin” xalq mahnısını ifası isə tədbirə başqa bir rəng qatmış oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.