Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və şöbənin əməkdaşları, Samux rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin nümayəndəsi Mehman Əliyev, Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxışlar zamanı dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs edilib. Bildirilib ki, din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyət mütəmadi məlumatlandırılmalı, vətəndaşların din adı altında hüquqlarının məhdudlaşdırılmasına yolverilməməlidir. Vurğulanıb ki, bu gün cəmiyyətimizi dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olması ən vacib şərtlərdən biridir.