Samux rayon Heydər Əliyev Mərkəzində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il ilə bağlı olaraq təntənəli tədbir təşkil edildi. Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev və Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk öncə ulu öndər Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzdülər.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında hər iki bayram münasibəti ilə təbrik söyləyərək “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü”nün təsis edilməsində Ulu öndər Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışdı. Gələn il bu bayramların Qarabağımızda qeyd edəcəyimizi arzuladı. Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev öz çıxışında tədbir iştirakçılarını salamladı və onları bayram münasibəti ilə təbrik etdi.
Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş Konsulu Zeki Öztürk öz çıxışında tədbirə dəvət edilməsindən məmnunluğunu bildirdi. Bayramları təbrik etdi və bir millət iki dövlət olan ölkələrimiz arasında möhkəm bağların mövcudluğundan və qarşılıqlı dərin sevgisindən bəhs etdi.
Tədbirin rəsmi hissəsinin sonunda Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev il ərzində öz fəallıqları ilə seçilənləri müxtəlif hədiyyə və diplomlarla təltif etdi.
Samux şəhər Uşaq Musiqi Məktəbi, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbi və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin hazırladıqları konsert proqramı həmçinin Samux şəhər 2 saylı məktəbin “Samux inciləri” rəqs qrupunun rəqsləri tədbirə xüsusi ahəng qatdı.