Şahlar Əsgərov: “Repetitorluğun hər zaman əleyhinə olmuşam”

Şahlar Əsgərov: “Repetitorluğun hər zaman əleyhinə olmuşam”

Artıq dərsləri vatsap, skayp vasitəsilə keçən müəllimlər var

Bu xidmət öyrədənə də, öyrənənə də sərf edir. Çünki qiymət ucuzdur, əlavə vaxt itkisi yoxdur

Şahlar Əsgərov: “Repetitorluğun hər zaman əleyhinə olmuşam. Bu, təhsilimiz üçün arxadan vurulan zərbədir” 

Əksər müəllimlərin dərsdən əlavə müəllimliklə – repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilgini vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmalara bir növ sövq etmiş olurlar.

Repetitorluq biznesdir – özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Əlbət ki, bir kurs və yaxud bir müəllim əlinin altında olan potensial “müştərisini” başqasına bilərəkdən ötürmək istəməz. Üstəlik, ad-san məsələsi də var.

Həm də təkcə Azərbaycanda yox, dünyanın inkişaf etmiş ölkələrində də, xüsusilə ABŞ, Yaponiya, Cənubi Koreya, Türkiyə və Rusiyada da bu praktika mövcuddur – yəni milli icadımız deyil. Yaponiyada repetitorluq fəaliyyəti hazırlıq kurslarına bənzər məktəblərdə, yapon dilində ifadə etsək, “dzyukalar”da aparılır. Burada 3 yaşından 18 yaşına kimi olan uşaqlar hazırlığa gedirlər. Amerikada isə fərdi hazırlıq baha olduğundan repetitorlar onlayn formada daha ucuz xidmət təklif edirlər. Ancaq bu ölkələrdə repetitor fəaliyyəti fərdi yox, qrup formasında həyata keçirilir.
Artıq Azərbaycanda da bu təcrübədən istifadə olunur. Onlayn repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər abituriyentlərə yanına getmədən, hazırlıq kurslarına yazılmadan olduqları yerdən ali məktəblərə, magistraturaya professional şəkildə hazırlaşmaq vədi verir. Bu xidmət ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, onlayn repetitor xidmətindən istifadə edən gənclərimiz də az deyil.


Sabiq millət vəkili, professor Şahlar Əsgərov isə “Şərq”ə açıqlamasında ümumiyyətlə repetitorluq fəaliyyətinin əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, nə virtual, nə də real repetitorluğun təhsil sisteminə bir faydası var: 

“Bu haqda mənim çoxlu məqalələrim olub. İndi yox, hətta 10-15 il bundan əvvəl repetitorluğu Azərbaycan təhsili üçün arxadan vurulan bıçaq adlandırmışam. Bunun da obyektiv səbəbləri var. Biz məktəblə repetitorluğu eyni səviyyədə qəbul edə bilmərik.
Ola bilsin ki, xaricdə də repetitor kimi fəaliyyət göstərən müəllimlər var. Amma onlarda uşaqlar məktəbi buraxıb, hansısa müəllimin evinə gedib ali məktəbə hazırlaşmır. Yapon dilini öyrənmək istəyən amerikalı fərdi şəkildə repetitor yanına gedib dil öyrənir. Hüquqşünaslıq təhsili üzrə ixtisas alan bir vəkil mühasibat sistemini öyrənmək üçün repetitora müraciət edir. Heç bir ölkədə repetitorluq təhsil institutu kimi fəaliyyət göstərmir.
Repetitorluq ən azı onu göstərir ki, dövlətin təhsil sistemində qüsurlar var. İkincisi də, repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemində müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları həm də təhsilalanların vətənpərvərlik tərbiyəsi onlara millətə, xalqa sevgi aşılamaq üzərində qurulub. Repetitorlar gənclərə vətənpərvərlik aşılaya bilir? Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin idmandan, musiqidən, rəssamlıqdan heç bir anlayışı olmur.

– Repetitor təhsili orta təhsildən fərqli olaraq abituriyentə bir neçə fənni öyrədir. Nəticədə gənc bəzi fənlərdən mükəmməl, ancaq kamil olmayan orta təhsil alır. Gənc orta məktəbdə təhsil alarkən dövlətə bağlı olur, dövlətsevər, millətsevər olur. Evdə repetitor təhsili almış gənc ailəyə, qohuma bağlılığı artır, vətən qarşısında özünü borclu saymır”.
Ş.Əsgərovun sözlərinə görə, orta təhsilin toplam məzmunu elə olmalıdır ki, məktəbi qurtaran gənclərin əksəriyyətində ictimai mənafe şəxsi mənafedən üstün olsun. 

Orta məktəb dərsliklərində ictimai mənafe vəsf edilməli, qədərindən artıq şəxsi mənafe hissləri bədii, tarixi nümunələr və misallarla tənqid edilməlidir. Fəaliyyətin hər bir növünü, tədris materialının hər bir mövzusunu bu prizmadan keçirmək lazımdır. Repetitorluq bu ali dövləti vəzifələri həyata keçirməyi pozur, gənci fərdləşdirir, sosiallaşdırmır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.