Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində ölkənin Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Qafarova Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib. Səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin ölkələrimiz arasında ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına yeni impuls verəcəyinə inamını bildirib.
Gələn il Azərbaycanda Xocalı Soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törədərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirib, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb. 8 ailə tamamilə məhv edilib. Bu insanlar yalnız etnik mənsubiyyətinə görə öldürülüb və işgəncəyə məruz qalıblar. Spiker artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladaraq, ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.