Bu gün Sabir Sarvanın vəfatının ikinci ili qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sabiq sədri, tanınmış şair Sabir Sarvan sözün qədir-qiymətini uca tutan şairlərdən olub. İnsanlığı ilə yaradıcılığı təngələn bu samballı kişi üçün bütöv Azərbaycan vardı. Vətənin hər qarışını göz bəbəyi kimi sevən şairin bütün yaradıcılığı özü kimi sadə, sadə olduğu qədər də hikmət doluydu. Bir-birindən dəyərli şerləri ilə yadda qalan şairin bir neçə şerini təqdim edirik. Ruhu şad olsun.
Şeirləri saytımıza şairin şeirlərini sevən jurnalist Qalib Rəhimli göndərib.
İLQARLI DOSTUM
(Məmməd İlqara )
Mənim təcnis dostum
gəraylı dostum.
Yaddaşı ilqarsız
ilqarlı dostum.
Yenə səhərəcən
səni düşündüm
Yenə ürəyimdən
qara qan axdı.
Sənin yaddaşının
itdiyi gündən
Mənim bütün dostlar
yadımdan çıxdı.
ŞÜKRANLIQ
Sözə bənd elədi, şükür Tanrıya
Şükür, nəzərini məndən kəsməyib.
Mən sözün üstündə elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib.
Qəlbin sevincini, qəmini tapdım,
Sözün gül üzündə, bal dodağında.
Ömür dedikləri quruca sözmüş,
Asılı qalıbdı lal dodağında.
Nə itir, nə batır, söz əbədidir,
Uzağı kül altda közə çevrilir.
Dünən deyə -gülə söhbət etdiyin,
Bu gün xatirədi, sözə çevrilir.
Söz deyil, deyirlər sözdü bu dünya,
Düşüb nə xoş güzar, nə xoş iş mənə.
Məni nəfəs- nəfəs sözə bağlayan,
Verəndə dünyanı veribmiş mənə.
Sözə bənd elədi, Tanrıya şükür,
Ömrüm söz ömrüdü, uzun olacaq.
Bu dünya yarandı bir kəlmə SÖZdən,
Elə sonunda da SÖZün olacaq.
***
Könlümdə qalmışdı nəsə, necə ki…
Qar qalar dağların uca yerində.
Bir qönçə gözələ meylimi saldım
Gördüm, məni görür xoca yerində.
Adımdan nişanə qalmadı məndə
Dedim qoy dil açım ölüncə gündə
Nəfəsim təngidi, külək əsəndə
Tüstü belə olur baca yerində.
Biləndə nə imiş dərdim – təlaşım,
Buladı başını, qaldırdı qaşın.
Gözləri soruşdu: – “neçədir yaşın”,
Qocasan, qaxıl öl, qoca yerində!
QADIN DİLİ
Doğulanda sözlər dedin,
Dedin, dilini bilmədim.
Pambıq idim elə bil ki,
Odun dilini bilmədim.
Bəlaların ən şirini
Tutdu qəlbimdə yerini.
Sevgi açmadı sirrini
Daddım, dilini bilmədim.
Tapdım həyatın dilini,
Ağacın, otun dilini.
Öyrəndim itin dilini,
Qadın dilini bilmədim.
İTKİ
İtkilər içində keçirdim ömrü
Neçə doğmam getdi, əzizim itdi.
Dəhnədən gələrdi, başdan gələrdi
Çaylarım qurudu, dənizim itdi.
Yarandım elə bil sürgünə düşdüm,
Qor kimi çoxunun kürkünə düşdüm,
Adamlar içində bir günə düşdüm
Allahın yanında gör üzüm itdi.
Üzlərdə fərəhdən daşqı görmürəm
“Göylərin mehrabı eşqdi” – görmürəm
Yaxşı ki, dünyanı yaxşı görmürəm
Sol gözüm tor görür, sağ gözüm itdi.
Bağladım ümidi boş sabahlara
İnandım ürəyi daş sabahlara
Sizi tapşırıram xoş sabahlara
Mənim Günüm batdı, gündüzüm itdi.
***
Hardan alım bir zaman
Bala dönən ömrümü,
Göydə şimşək, Yerdəsə
Selə dönən ömrümü.
Qara yellər apardı,
Şirin dillər apardı,
Oğru illər apardı,
Lələ dönən ömrümü.
Kitab idi bağlanıb,
Öndə qəbir dayanıb,
Tökün başıma yanıb,
Külə dönən ömrümü.
***
Nə şirindir gecələr
Şeirin oduna yanmaq.
Bir sətrin üstündə
Dönüb – dönüb dayanmaq.
Ağappaq bir kağızı
Edəsən gecə kimi.
Ürəyinin vurğusu
Bölünə heca kimi.
Hər sözün öz ağrısı,
Öz rəngi, qiyafəsi.
Dilin ucunda ola
Gəlməyə qafiyəsi.
Bayırda ulduzlu göy
Aynada siluetin.
Çörəyin olmasa da
Bol ola siqaretin.
Səhər bütün yazdığın
Tamam gözündən düşə.
Axşam düşüncə yenə
Atılasan “döyüşə.”
Ah, nə şirin duyğudur
Sözün oduna yanmaq.
Bitirib bir nəğməni
Qalib kimi dayanmaq.
ƏLVİDA
Unut, bir nəğmənin sözləri kimi,
Məndən qalanları yadına salma.
Sal, itir yollarda bir cüt sırğatək,
Adımı dilinin oduna slma.
Çoxmu, kələyinə qəlbini açan,
Varmı, indiyəcən torundan qaçan.
Sənə pis demərəm, əla ovçusan,
Bir də ovlarını mən günə salma.
Ağrısan,boy verib ruhumda zoğlan,
Qəlbimdə rişələn, canımda tağlan.
Könül, təbiətə, Allaha bağlan,
Meylini bir daha qadına salma.
BARIŞ ADAM
Əlvida, Əmrahoğlu
Dosta yaraşıq kişi.
Çöhrəsu nur məskəni,
Ürəyi işıq kişi.
Yoxsan, düşünürəm ki,
İnsan quru sədamı?
Fikrimdə ad qoymuşdum
Sənə:“Barış adamı”.
Dərin çaylar kimiydin,
Sakit – sakit axardın.
Ən köntöy adama da
Bir bəraət tapardın.
Ancaq ucalıq gəldi,
İNSAN adına səndən.
Yanıma qalxın dedin,
Enmədin MƏRTƏBƏNDƏN.
Köçün – kəcavən getdi,
Mələklər qanadında.
Qaranlıqda bir çıraq,
Belə qaldın yadımda.
Ruhulla Zahidov çox sağ olun. Sabir Sarvan ruhunu yad etdiyiniz üçün.