Sabiq məktəb direktorunun əməlləri prokurorluq orqanlarında araşdırılıb… Gədəbəy təhsilində korrupsiya halları bu gün də davam edirmi?

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Həmin tədbirlərdən biri kimi, Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy rayon prokurorluğunda araşdırmanın aparılmasıdır.

Araşdırmalarla Sahib Babayevin 2017-2019-cu illər ərzində direktor işlədiyi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirərək onların əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, Sahib Babayevin 17 iyul 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq istintaq olunub.

Toplanmış sübutlara əsasən Sahib Babayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilib.

Araşdırmaların nəticələri ortaya yeni suallar doğurur:- Görəsən, Gədəbəy Təhsil Şöbəsində bir vaxtlar baş verən cinayətlər yenə davam edirmi? Yəqin ki, davam etməmiş olmaz. Nə qədər ki, milli təhsilimizə yerlərdə belə münasibət var, korrupsiya halları da daim davam edəcəkdir.  Məncə, bu hadisənin dərindən araşdırılmasına və rayonun bütün təhsil ocaqlarında oxşar kompleks əməliyyatların keçirilməsinə ehtiyacın olduğunu əminliklə boynumuza almalıyıq.

Əlbəttə ki, Gədəbəy rayon Təhsil Şöbəsində hal-hazırda müdir vəzifəsini daşıyan Murad Bayramov bu hadisələrin onun bu şöbəyə rəhbərlik etdiyi dövrlərdən qabaq  baş verdiyini və yuxarıda adı çəkilən  qanunsuz əməllərin Gədəbəy rayonunun Təhsil Şöbəsinin bu günki işində təzahür tapmadığını ifadə edə bilər. Bu, yalnız onun subyektiv fikiri olardı.  Faktlar, xüsusilə də yerlərdə insanların haqlı narazılıqları bu təqdirdə onun bu fikirini alt-üst  edə bilər.

Əgər təhsil şöbələrinin rəhbərləri rüşvəti “hörmət”dən, ədaləti “tapşırıq”dan və qanunu “əşşi, mənə nə edəcəklər eee” dən ayıra bilmirlərsə, onlara qanun məcəlləsini dərindən oxumağı məsləhət görərdik!

Rüşvət — hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Rüşvət korrupsiyanın əsasını təşkil edir.

Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.

Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları heçə sayıb bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Bir sözlə, əgər Murad Bayramov yuxarıda adı çəkilən qanunsuzluğa qol qoymursa, onu “Müqəddəs Murad Bayramov” adlandırmaq olar. Üstəlik, rayon ərazisində fəaliyyət göstərən orta təhsil ocaqlarının rəhbərlərinin Ginnesin Rekordlar Kitabına salınması barədə məsələnin qaldırılması da yerinə düşərdi.

Mövzuya qayıdacağıq!

Etmtv. news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.