Gözəl aktyorumuz mərhum Səməndər Rzayevə həsr olunur
Səməndər Rzayevin 80 yaşı qeyd olundu. Ömrünün nə az, nə çox 39 ilini yer üzündə olmayan, bu dünyayla təmasını kəsən Səməndər Rzayevi sevməyən, tanımayan, duymayan yoxdur. Film fondda qeyd olunan tədbirə yenə doğmalar, dostlar, dünyada qalmış sənət dostları gəldi. Yenə onunla bağlı xatirələr dinləndi. Yenə onun yaddaşlara həkk olan isti, doğma səsi ətrafa yayıldı.Səməndər Rzayev bir an belə səhnədən getmədi, onu hamı teatrda, filmlərdə duydu. O, daima sənət cameyəsində oldu, heç bir yerə getmədi. Bu, həm incəsənətin, teatrın və kino sənətinin, radionun nə qədər gücə malik olduğunu bildirir.Yetər ki sən sənətkar ol. Yetər ki sən az ömründə çox şeyi deməyi bacar. Səməndər Rzayev bizim üçün bu gün Rübabə Səməndərdir. Çünki ta uşaq yaşlarından ata itirmiş Rübabə xatirələrindən danışanda onun kövrək ürəyinin dərinliyində olan həsrət gözlərindən yuxu kimi yağır..Həm də nakam aktyor ömrü yaşayan, cəmiyyətin, mühitin məhv etdiyi istedadlı Rəşid Səməndərdir. Övladları onun bu dünyaya göndərdiyi nəticələrdir. Rəşid 45 yaşında getdi bu dünyadan, elə sözün əsl mənasında baş götürüb çıxıb getdi. Rübabə Səməndər düşünən və xeyirxah ürəyi ilə atasına çox bənzəyir. Deməsə də anlamaq olur ki, qardaşını qoruya bilməməsi onu incidir, ürəyini sızladır. Zamanın amansızlığında aciz görünməmək üçün susur. Müdrik və mübariz həyatında Səməndər Rzayev ocağını yandırmağa davam edir. Onun bu igidliyinin mənim ürəyimdə bir ayrı yeri var.
Səməndər Rzayev kim idi?
Ta uşaq çağlarından radio verilişlərinin birində Süleyman Ələsgərovun səsinə, ifasına vurulub bu sənəti seçən sənətkarımız öz gələcək taleyini özü düşünür: “Mən aktyor olacam.” deyir. Sonra başlayır möcüzə. O möcüzə ki bu günün özünə qədər davam edir.
Heç inanmağım gəlmir ki, Səməndər Rzayev cəmi 41 yaş yaşayıb. Uşaqlıq illərimə təsadüf edir – onun həzib, həlim səsi evimizi bürüyürdü. Onun dediyi şeirlər, o şeirlərdən deyilən kəlmələr yaddaşıma həkk olunurdu. Evimizin dəhlizinə atamın əlləri ilə asdığı radiodan həzib səsi şeirlər deyirdi.Nə gözəl ki o vaxtlar biz ədiblərimizin yazdığı əsərləri, gözəl şairlərimizin zehnindən gələn ədəbi nümunələri eşidirdik. Nə xoşbəxt olmuşuq, əslində özümüz də bundan xəbərsiz olmuşuq.
Məni bu dahilər, bu gözəlliklər yaradan sənətkarlar həyata qaytarır, ruhdan düşməyə qoymur. İnsan elə bir mühitdə yaşamalıdır ki, öz dəyərlərini unutmasın. Heç bir iş, heç bir aləm insana onun özünü, öz istedadını, öz sevincini, fərəhini unutdurmamalıdır. Dünyadan 40 ildən çox bir zamanda köçüb getmiş Səməndər Rzayev elə rollar yaradıb ki, bu dünyaya elə mesajlar verib ki, uzun illər ötsə də öz çəkisini və dəyərini itirməyib.
Qız övladı Rübabə Səməndərlə ta universitet illərindən tanışam. Atalarımız bir-birinə bənzəyir, elə özümüz də. Yalnız mən bu gün uzun illərdən bəri tanıdığım Rübabədən yox, ümumilikdə Səməndər Rzayevin qızı Rübabədən danışmaq istəyirəm.
Xatırlayıram, bu yaxında evdəki əşyalara baxanda atamın Səməndər Rzayevə bağışladığı kitabı tapmışdı. Sevinclə mənə zəng etdi: “Aysel, atalarımız da çox mehriban olub.” Mən də hüznləndim.
Rübabə Səməndər çox savadlı və Azərbaycan gerçəkliyinə çox gərəkli olan jurnalistlərdən biridir. Mən onu tanıyandan bəri, o, haqqın, acizin, kasıbın, düşünənin yanındadır. Səməndər Rzayevin kiçik oğlu – mənim də tələbə yoldaşım olan Rəşidin faciəli vəfatından sonra Rübabə fərd olaraq bu ailədən tək qalan nişanə oldu.
Səməndər Rzayevlə bağlı yazılar, verilişlər, tamaşalarda, anım günlərində həmişə kürsü önünə keçib danışanda, onun çiynində olan ağırlığı bütün ruhumla hiss edirəm. Anası dünyasını dəyişəndə evlərinə getdim. Rübabə, o ev, o divarlar, qapılar mənə son dərəcə doğma gəldi. Başa düşdüm ki, eyni doğmalığı, eyni həyatı yaşamışıq. Yaxşı kişinin övladı olmaq bu cürdü. Elə bu cür qoxu, bu cür abu-hava, təxminən bu cür istilikdə.
Onunla söhbət etdiyim və keçirdiyim hər vaxtda mən bunu özüm üçün həmişə təsdiqlədim. Bilmirəm, bunu ona deyə bildim, ya yox. Amma indi deyirəm. Onun ata sevgisi və çiyninə aldığı yükdən tutmuş hər davranışı mənə doğmadır.
Bir zamanlar çox böyük sevgiylə Səməndər Rzayevin hansısa ad gününə hazırlaşırdım. İşlədiyim gimnaziyada – bu ta əvvəllərə təsadüf edir. Bilmirəm, nəylə bağlı tədbir təxirə salındı. O gündən sonra heç zaman yubiley və anım tədbirləri üçün heç nə yazmadım. Öz içimdə protest etdim və tədbiri ləğv edən rejissorlardan da incidim. Sözün düzü, bunu heç bir zaman etiraf etməmişəm.
O zaman Səməndər Rzayevin hansısa anım gününə gözəl bir ssenari düşünmüşdüm. O da yaxşı yadımdadır ki, kompozisiya onun “Bulaq” verilişində özünün səsiylə danışdığı nağılla başlayırdı, onunla da bitirdi. Nə vaxtsa bu arzumu yerinə yetirəcəyəm. Bundan əminəm. Mənim arzularım tısbağa kimi ləng də olsa, hədəfə çatmağı bacarır.
Səməndər Rzayev, unudulmaz Azərbaycan aktyoru. Xalq artisti adı axıra qədər verilmədi. Halbuki, az yaradıcılıq yolunda onun oynadığı teatr və kino obrazları ilə onun buna haqqı çatırdı.
Səməndər Rzayevin sevdiyi rollar olub və onları da müxtəlif səbəblərdən oynamayıb, ürəyinə gömüb. Mən düşünürəm ki, ürəyində qalan rollara baxmayaraq və formal fəxri adın verilməməsinə baxmayaraq, öz istedadı və əvəzolunmazlığı ilə seçilən aktyor daimi yaşamağın nə olduğunu bizlərə bəyan edə bildi.
Unudulmaz olmaq üçün hər şeydən əvvəl sənətini sevmək, səmimi və xeyirxah olmaq kifayətdir. “Bəyin oğurlanması”nda epizodik bir rol – onun filmdə işlətdiyi sözləri, yaşatdığı abu-havanı yaddaşlara həkk edib. Onun “Babamın babasının babası” filmində “Sənin xətrinə kim dəyib, ay kişi” frazası unudulmazdır. Qəzəbindən oynadığı rəqs – unikal bir yaradıcılıq tapıntısıdır.
Səməndər Rzayev pafosun bol olduğu dövrdə reallığı, səmimiyyəti büruzə verməyi bacarıb. Bu baxımdan o, çox böyük aktyor idi. Onun insan monoloqu – “Əllərini ağzına ağır-ağır dayayıb ‘insan’ deyə çağırmağı”, bu səslənişlə onun bütün insanlığı köməyə çağırmağına bənzəyir.
Həyatda nə qız, nə oğul nişanlamayıb, toyunu etməyən aktyor, az yaşında ata, baba, qoca rollarını oynayır, toy da edir, elçi də qəbul edir.
Onun “Evləri köndələn yar” televiziya tamaşasında elçilik səhnəsi, ata münasibəti necə gözəldir. Onun “Yollar görüşəndə” tamaşasında oynadığı ata obrazı necə doğmadır.
Əslində, Səməndər Rzayev yarım ömrünü yaşayıb bitirir. Onun oynadığı rollar bunu diktə edir. Bu yaxınlarda Əli Kərimin “Axtarıram mən səni” şeirini onun səsiylə dinlədim. İndi vaxtaşırı bu ifanı dinləyirəm. Çünki insan yaşa dolduqca indi əlçatmaz olan təmizlik, paklıq üçün həsrət çəkir.Azərbaycan incəsənətinin nurlu, işıqlı zamanının gözəl aktyorlarını yada salır.
Öz sənət yolu, təkrarlanmayan obrazları, gözəlliyi olan unudulmaz sənətkarımız Səməndər Rzayevin 80 illik yubileyinə həsr etdiyim yazı da bitdi.Mən düşünürəm ki, Azərbaycan teatr və kino sənətinin daima darıxdığı sənətkar – Səməndər Rzayev – məkanı və məqamı yaxşı yerdədir. Əzabı bol olan ailəsi bu dünyada onsuzluqla çox çətin baş etdi.
Səməndər Rzayev heç getmədi ki… O, burda da öz səsində, görüntüsündə bizimlə yaşamaqdadır. Mənimlə həmfikir olanlara yazımın sonunda salam olsun.
Salam olsun sənə də əziz sənətkar… Nur içində ucal.
Aysel Fikrət