Səhiyyə Nazirliyi məktəblilərin valideynlərinə müraciət edib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məktəblilərin peyvənd olunmayan qrupa aid olduğunu bildirib.
O xatırladıb ki, azyaşlılar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər: “Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunub, ancaq onlar evdəkiləri yoluxdura bilərlər”.
Distant təhsilin effekt vermədiyini bildirən infeksionist dövlətin də məktəblərin bağlanmasını istəmədiyini qeyd edib: “Buna görə də valideyn çalışmalıdır ki, övladının səhhəti barədə daim məlumatlı olsun. Yaxşı olardı ki, evdə səhər-axşam övladlarının hərarətlərini ölçsünlər. Xəstəliyindən asılı olmayaraq, xəstə uşağı məktəbə buraxana qədər xəstəliyi aşkarlamaq lazımdır. Çünki bilmədən məktəbə getdiyi vaxt ərzində şagirdlər yol boyu yoluxma sayını artırmış olur”.