Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, cəmiyyətin sevilən üzvü, xeyirxah əməlləri ilə insanların dərin hörmətini qazanmış əməkdar mədəniyyət işçisi Sənan Hacıyevin 50 yaşı tamam olub. O, 13 aprel 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Sənan Hacıyev Gəncə şəhəri 1 saylı orta məktəbdə təhsil alıb. Eyni zamanda o, Gəncə şəhəri Z.Qayıbov adına 5 saylı Uşaq Musiqi Məktəbinin akkardeon sinfində oxuyub. Azərbaycan Texnologiya İnstitutunda ali təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnib. Daha sonra Gəncə Musiqi Kollecində musiqi nəzəriyyəsi ixtisası üzrə qiyabi şöbədə təhsil alıb. Kolleci bitirdikdən sonra isə Azərbaycan Milli Konservatoriyasının musiqişünaslıq-dirijorluq fakultəsində qiyabi təhsil alaraq, xalq çalğı alətləri orkestrinin dirijoru, müəllim ixtisası alıb.
Bir müddət Gəncə şəhəri 2 nömrəli Klubda, şəhər 2 nömrəli və 5 nömrəli Uşaq Musiqi Məktəblərində akkardeon müəllimi işləyib. Gəncə şəhəri 5 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışıb. Sonralar isə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyib. 2017-ci ildən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Gəncə Regional Mədəniyyət İdarəsi Ərazi İlk Partiya Təşkilatının sədridir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli müvafiq saylı Sərəncamı ilə ona “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib.
Biz də Etmtv. news kollektivi olaraq yubilyarı təbrik edir, işlərində uğurlar diləyirik.