Azərbaycan Teatrı – 145
(Respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin əziz xatirəsinə)
2018-ci ilin 10 mart tarixində peşəkar Azərbaycan teatrının 145-ci ili tamam olur. Bu şərəfli tarix Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyətə malikdir. Çünki bu illər ərzində necə-necə sənət məbədləri yaranaraq müqtədir sənət ustalarının yetişməsində əvəzsiz xidmətlər göstərə bilib. Teatr tariximizin şanlı səhifələrindən biri olan Gəncə Dövlət Dram Teatrının isə bu səhifədə öz dəsti-xətti və xüsusi yeri var. Hər zaman repertuar zənginliyi ilə fərqlənən bu sənət ocağı peşəkar Azərbaycan səhnəsinə Əhməd Salahlı, İsmayıl Talıblı, Ələkbər Seyfi, Məxfurə Yermakova, Rza Darablı, Zakir Şahbazov, Solmaz Orlinskaya, Sadıq Həsənzadə, Səməd Tağızadə, Əli Rzayev, Bəhram Əfəndiyev, Reyhan Tağıyeva, Ağa Məmmədov, Məmməd Cəfərov, Kərim Sultanov, Muxtar Avşarov, Ədil İsgəndərov, Mehdi Məmmədov, Barat Şəkinskaya, Ətayə Əliyeva, Məmmədrza Şeyxzamanov, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Ələddin Abbasov, Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Əşrəf Yusifzadə, Rəmziyyə Veysəlova, Zülfüqar Baratzadə, Mir İbrahim Həmzəyev, Qulam Qoşqarlı, Mikayıl Davudov, Yunis Şeyxzadə,Yusif Bağırov, Rza Nadirov, Firuzə Bədirbəyli, Mənsurə Cəfərova, Hüseyn Sultanov, Yusif Qazıyev, Vaqif Şərifov, Hilal Həsənov, Qurban Abbasov, Xuraman Hacıyeva, Telman Əliyev, Əli Allahverdiyev, Faiq Qasımov, Alim Məmmədov, Pərvanə Qurbanova, Elxan Yunis, İlham Hüseynov kimi sənətkarları bəxş edib.
123 illik bir şərəfli sənət yolu kecən Gəncə Dövlət Dram teatrından söhbət acarkən, ömrünü bu sənət məbədinə həsr edən, hər zaman səhnə mizanlarında realist təbilliyi, romantik vüsəti, eləcə də kompozisiya əlvanlığı ilə seçilməyi bacaran qocaman teatr rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevi xatırlamamaq mümkün deyil.
Həsən Səfər oğlu Ağayev 1910-cu il may ayının 10-da Bakıda anadan olub. 1925-1928-ci illərdə Bakıda teatr məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə 1928-ci ildə Bakı Türk İşçi Teatrından başlayıb. Həsən Ağayev bu teatrın səhnəsində Viktor Hüqonun “Paris Notrdam kilsəsi”ndə Hakim, Viktor Kirşonun “Küləklər şəhəri”ndə Cek və digər pyeslərdə epizodik səpkili obrazlarda iştirak edib. 1932-ci ilin dekabr ayının 28-də Bakı Türk İşçi Teatrının yaradıcı kollektivi Gəncəyə köcürüldükdə Həsən Ağayev İrəvana gedib və buradakı Dövlət Azərbaycan Dram Teatrında aktyorluq edib. Bu teatrda fəaliyyəti zamanı həmçinin rejissor sənətinə böyük maraq göstərib. Elə bu marağın nəticəsi olaraq da Moskvada Anatoli Lunaçarski adına Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində təhsilini davam etdirib. Məhz respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev sonralar öz rejissor traktofkalarında hər zaman Moskvanın zəngin teatr mühitindən bəhrələnərək, Moskva Bədaye Akademik Tetarının eləcə də Meyerxold və Vaxtanqov teatrlarının estetik sənət səciyyələrini mənimsəməklə onları hər zaman başlıca sənət konsepsiyası olaraq quruluşlarında böyük ustalıqla təqdim etməyi bacarıb.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli “Gəncə teatrı” kitabında Həsən Ağayev haqqında yazır: “1936-cı ildə təhsilini başa vuran Həsən Ağayev Bakıya gəlib. O vaxtı Azərbaycan dilində müstəqil musiqili komediya teatrı yox idi. Operetta tamaşaları Opera və Balet Teatrında hazırlanırdı. Həsən Ağayev burada Üzeyir Hacıbəylinin “Ər və arvad” əsərinə quruluş verib. Sonralar Bakı Rus İşçi Tetarında, Tiflis Dövlət Azərbaycan Dram Teatrında, Naxçıvan Dövlət Dram Teatrında həm quruluşçu, həm də baş rejissor işləyib. Naxçıvanda hazırladığı “Otello” (Uilyam Şekspir), “Vətən namusu” (Geogi Mdivani), “Günahsız müqəssirlər” (Aleksandr Ostrovski), “Lyubov Yarovaya” (Konstantin Trenyov) tamaşaları teatrın yaradıcılıq həyatında layiqli yer tutur.”
Respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev 1939-cu ildə Gəncə şəhərinə gəlib. O, müəyyən fasilələrlə 1939-1942 və 1962-1965-ci illərdə Gəncə Dövlət Dram teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Cəfər Cabbarlının “Yaşar”, “1905-ci ildə”, “Aydın”, “Solğun çiçəklər”, “Almaz”, Səməd Vurğunun “Fərhad və Şirin”, Sabit Rəhmanın “Xoşbəxtlər”, “Əliqulu evlənir”, Nəcəf bəy Vəzirovun“Hacı Fərəc”, “Müsibəti-Fəxrəddin”, “Hacı Qənbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”), Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran xanın vəziri”, Üzeyir bəy Hacıbəylinin “Ər və arvad”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Zülfüqar bəy Hacıbəylinin “Əlli yaşında cavan”, Abdulla Şaiqin “Gözəl bahar”, Hüseyn Cavidin “Səyavuş” kimi milli klassik ədiblərin əsərlərinə maraqlı səhnə həyatı bəxş edib.
Qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsindən sonrakı illərdə Gəncə Dövlət Dram teatrının yaradıcılıq həyatı bir sıra əlamətdar hadisələrlə bu gün də yaddaşlarda yaşayır. Teatr 1945-ci ildə klassik əsərlərin tamaşaya qoyulması haqqında Ümumittifaq müsabiqəsində iştirak edib. Həmin müsabiqədə teatrın hazırladığı N. V. Qoqolun “Müfəttiş” komediyası məhzHəsən Ağayevin rejissor işinə görə kollektivin böyük yaradıcılıq nailiyyəti kimi yüksək qiymətləndirilib. Professor Bağır Bağırov Gəncə Dövlət Dram teatrının yaradıcılığından bəhs edən “60 il xalqın xidmətində” kitabında Həsən Ağayevin rejissor işi və onun səhnə mizanları haqqında yazır: “Quruluşçu rejissor Həsən Ağayevin hər zaman aktyor kollektivi ilə səmərəli işi ayrıca olaraq qeyd edilməlidir. Onun Gəncə Dövlət Dram teatrının səhnəsində Əfqanın “Sarı əlcək” pyesində quruluş verdiyi Luizanın (xalq artisti Zemfira Əliyeva) zabitlər və Edqarla (xalq artisti Ələddin Abbasov) görüşdüyü səhnələr, Ricard Sterlinqinöz qızı Luiza və Edqarla görüşdüyü məqamlarda kecirdiyi vəziyyətlər, həbsxana səhnəsi, səfil generalların söhbəti olduqca təsirli alınaraq, Amerika həyat tərzi barədə ətraflı, lazımi məlumatlar verir. Əfqanın teatrda tamaşaya qoyulan digər əsərinin “Qız atası” komediyasının mövzusu isə müasir həyatımızdan alınıb. Rejissor Həsən Ağayev tamaşaya verdiyi quruluşda gülüş xatirinə yersiz hərəkətlərə, şarj, hay-küyə yol verməyib, əksinə hadisələri imkan daxilində ciddi planda göstərə bilib.”
Respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin quruluşlarında hər zaman müasirlik və ideya bədii cəhətin dərki, onun müasir dövrlə səslənməsi və ayaqlaşması prinsipləri nəzərə alınmaqla uğurlu səhnə traktofkasında özünü isbat etməklə göstərilib. Bu baxımdan rejissorun bütün quruluşları maraqla izlənilən səhnə əsərlərinə daxildir.Qurban Musayevin “Şərqin qalası”, Əbil Yusifovun “Babək”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Məmmədhüseyn Təhmasibin “Aslan yatağı”, Mirzə İbrahimovun “Məhəbbət”, Həsən Qasımovun “Arzu və sevinc”, Rza Şahvələdin “Qız qalası”, İslam Səfərlinin “Xeyir və şər”, İlyas Əfəndiyevin “Bahar suları”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna”, Novruz Gəncəlinin “Şəlalə”, Məçid Şamxalovun “Qaynana”, Əbülhəsənin eyniadlı romanı əsasında Bağır Bağırovun “Tamaşa qarının nəvələri”, Səttar Axundovun “Məhəbbət nişanəsi”, Atif Zeynallının “Sirlər yuvası”, Altay Məmmədovun “Kişilər”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, Əli Kərimin “Ürək güzgüsü”, Nəbi Xəzrinin “Sən yanmasan…”, İsi Məlikzadənin “Yaxın adam”, Yusif Əzimzadənin “Unutmayın”, Maqsud İbrahimbəyovun “Mezozoy əhvalatı”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”, Mirzə İbrahimovun “Həyat” və başqa bir çox çağdaş Azərbaycan dramaturqlarının əsərlərinə maraqlı səhnə traktofkası ilə uğurlu həyat bəxş edib.
Məçid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana”komediyası ilk olaraq Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilirdi. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram teatrında rejissor Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına cevrilə bilib. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru Həsən Ağayev, rəssamı, əməkdar incəsənət xadimi Bəhram Əfəndiyev, bəstəkarı isə xalq artisti Şəfiqə Axundova idi. Azərbaycan səhnəsinin ilk Qaynanası-Cənnət arvad obrazını isə Gürcüstan Respublikasının əməkdar artisti Reyhan Tağıyeva ifa edib.Tamaşa boyu aktrisa Reyhan Tağıyeva Cənnət arvadın varlığını, bəd xasiyyətini, pula, var-dövlətə hərisliyini, xəsisliyini bütün incəliklərinə qədər acıb göstərməyə nail ola bilib. Səhnədə tamaşacı Cənnət arvadın simasında ancaq özünü düşünən qəddar bir qaynana obrazını görüb. Rejissor, əməkdar incəsənət xadimi Həsən Ağayev “Qaynana”nın uğurlu səhnə traktofkası ilə bir daha quruluşunda göstərə bilirdi ki, həyat və insanlıq amili heç də pulda, var-dövlətdə deyil. Məhz Həsən Ağayevin bu komediyaya müraciətindən sonra Məçid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva olan, quruluşçu rejissoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Fikrət Əsgərov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan “Qaynana” bədii filmi 1978-ci ildə ekranlara cıxıb.
Gəncə Dövlət Dram teatrının səhnəsində Jan Batist Molyerin “Jorj Danden”, “Mıqqı Kərim” (Vasvası xəstə), Mixail Lermontovun “İki qardaş”, Konstantin Simonovun “Vətən oğlu” (Bizim şəhərli oğlan), “Rus məsələsi”, Uilyam Şekspirin “Otello”, Lev Şeynin və Tur qardaşlarının “Fövqəladə qanun”, Nikolay Qoqolun “Müfəttiş”, Leonid Malyuginin “Köhnə dostlar”, Vasili Şkvarkinin “Özgə uşağı”, Anatoli Boryanovun “O tayda”, Karlo Qoldoninin “Məzəli hadisə”, Rabindranat Taqorun “Fəlakət”romanı əsasında Aleksandr Ginzburqun “Qanq qızı” (Kəmalə), Borus Lavrenyovun “Hücum”, Kita Buaçidzenin “Həyətdə qapan it var”, Mustay Kərimin “Aygül diyarı” pyesləri rejissor Həsən Ağayevin maraqlı səhnə təsviri verdiyi əsas tərcümə əsərlərinin bir qismidir. Hər zaman bu pyeslərin səhnə mizanlarında bir rejissor olaraq aktyor tamaşası yaratmağa daha çox üstünlük verən Həsən Ağayev quruluşları müasir rejissor sənətinin öyrənilməsi və tədqiq olunması baxımından eləcə də öz əlvanlığı, bitginliyi ilə dövrünün müasiridir.
Gəncə Dövlət Dram teatrının rejissoru, respublikanın xalq artisti Vaqif Şərifov bu gün Azərbaycan teatrında onun müasiri olaraq Həsən Ağayev haqqında deyir: “Həsən Ağayev mənim yaddaşımda hər zaman böyük bir şəxsiyyət olaraq xatırlanır. Bu insan çox alicənab həm də müdrik dünyagörüşlü bir şəxsiyyət idi. O, hər zaman bizimlə rəftarında ölcülü-bicili davranışı ilə böyük bir nümunə məktbi idi. Həm də səhnədə məşq proseslərində həddən ziyadə çox tələbkar bir rejissor idi. Biz onun məşq proseslərində özünün icazəsi olmadan zalda əyləşib baxa bilməzdik. Həsən Ağayev mənim sənət müəllimlərimdən biri idi. Onun vəfatı xəbərini eşidəndə çox sarsıldım. Çünki onun sənət məktəbindən biz gənc rejissorlar hələ çox öyrənməli idik. Bu gün də böyük hörmət və ehtiramla xatırlayıram. Ruhu şad olsun.”
Teatr sahəsindəki xidmətlərinə görə 1958-ci il may ayının 20-də Həsən Ağayev Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. O, 1986-cı il iyunun 20-də Gəncə şəhərində vəfat edib. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin vəfatından 32 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?
Bəlkə də elə biz, özümüzük!
Anar Bürcəliyev
Teatrşünas