Sənət fədailəri və ya Unudulmağa məhkum olanlar (Respublikanın əməkdar artisti Rza Nadirovun əziz xatirəsinə)

Nədəndirsə hər zaman Gəncə Dövlət Dram Teatrının binasına daxil olarkən burada olan abu-hava mənə bir çox sənətkarları xatırladır. Bəlkə də əksəriyyətini həyatda və səhnədə gördüyüm üçün onları tez-tez xatırlamalı oluram. Bu gün də belədir. Xatırladığım aktyor hər zaman səhnədə tipik xarakterlər ustası kimi yaddaşlarda yaşayır. Obrazlarından asılı olmayaraq və hansı rolda oynamasına baxmayaraqöz ifaçılıq məharətilə daima diqqət mərkəzində olmağı bacarırdı. O, hər zaman səhnədəxarakterik surətləri güclü formada böyük ustalıqla ifa edirdi. Deyim ki, həm də təbiətcə də çox ciddi xarakterli bir insan idi. Heç zaman artıq bir kəlmə belə danışmaz, zarafatları xoşlamazdı. Xarakterində olan qürur elə səhnədə obrazlarına da sirayət edirdi. Gəncə Dövlət Dram Teatrının qocaman səhnə ustalarından biri, Respublikanın əməkdar artisti Rza Nadirovu tanıyan hər kəs təsdiq edər ki, o öz sənətkar qürurunu ömrünün sonuna kimi qoruyub, saxlaya bildi. Maraqlı cəhət buarsındadır ki, aktyorun səhnədə yaratdığı obraz epizodik olsa belə onu ürəkdən, candan böyük ustalıqla yaradırdı. Onunla səhnədə işləyən rejissorlar belə yaxşı bilirdilər ki, obrazın mahiyyət etibarı ilə xarakterik formada yaradılmasında Rza Nadirovun istedadı kifayət qədərdir. Bununla da məhz Rza Nadirov səhnədə milli aktyor sənətimizin klassik ənənələrinə söykənərək, özünün yeni üslubda və baxışda olan sənət məktəbini yaratmağa müvəffəq olmuşdur. Sözsüz ki, aktyor üçün istedad ilkin şərtdir və bunu heç kəs, xüsusən teatr sənətində səriştəli olanlar inkar edə bilməzlər. Ancaq ki, səmimiyyət, səhnə məlahəti, cazibədarlığı, şirinliyi olmayanda istedad da bir az gücsüz görünür və özünün lazımı yaradıcılıq bəhrəsini tam dolğunluqla göstərə bilmir. Bu baxımdan Rza Nadirov səhnədə də xoşbəxt taleli aktyorlarımızdan biri idi. Bu sadalananlar onun bir tipik xarakterlər ustası olaraq yetişməsində əsas şərtlərdən idi.

Rza Abbas oğlu Nadirov 10 oktyabr 1912-ci ildə Bakıda anadan olub. Orta məktəbin səkkizinci sinfinə kimi təhsil alıb. Sonradan gəmi tərsanəsində (tanker və müxtəlif təyinatlı gəmilər istehsal edəcək zavod) çalışıb. Burada eyni zamanda tərsanənin dram dərnəyinə üzv olub. Bir müddət Bakı dəmiryolçular evinin dram kollektivində fəaliyyət göstərib. 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Təhsil aldığı müddətdə müxtəlif mədəniyyət evlərində, az müddətdə isə Akademik Milli Dram Teatrının yardımçı heyətində çalışıb. 1939-cu ildən isə taleyini Gəncə Dövlət Dram Teatrına bağlayıb. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Müharibədən altı il sonra yəni 01 noyabr 1951-ci ildən yenidən Gəncə Dövlət Dram Teatrında fəaliyyətini aktyor olaraq davam etdirib.

Hər zaman bir insana xas olan hissin, iradənin və zəkanın məcmuununu xarakter adlandırırıq. Başqa bir sözlə ifadə etsək xarakter insana xas olan hissin, iradənin və zəkanın toplusudur. Əslində nəticə etibarı ilə xarakter psixoloji anlayışdır. Hər bir obraz isə özlüyündə xarakterdir. Elə bu kimi xüsusiyyətləri də estetik planda götürdükdə, obraz estetik anlayışlı olur. Rza Nadirovun Gəncə Dövlət Dram Teatrının səhnəsində yaratdığı obrazlarda məhz estetik anlayışlı olmaqla bəzən də komediya janrında daha şövqlə yaradılmasına səbəb olurdu. Rza Nadirovun ifasında hər bir xarakterik obraz dramatik əsərlərdə daha çox qarşılıqlı təsirdə, mübarizədə  tamaşaçını həyacanlandıran hadisələrin axınında böyük şövqlə təqdim edilirdi. Aktyor səhnədə məharətli ifa tərzi ilə xarakterik  obrazları hər zaman fabula ilə, dramatik hadisə və situasiyalarla ayrılmaz surətdə bağlaya bilirdi. Onun ifasında M. F. Axundzadənin “Hacı Qara”da Kərəməli və Xəlil yüzbaşı, “Lənkəran xanın vəziri”də Səməd bəy, C. Məmmədquluzadənin “Ölülər”də Hacı Kazım, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Üçüncü kəndli, “Pəri cadu”da İblis, S. S. Axundovun “Tamahkar”da Məhərrəm bəy, H. Cavidin “Səyavuş”da Yalçın, “Şeyx Sənan”da Şeyx Hadi, C. Cabbarlının “Yaşar”da Nüsrət, “Aydın”da Pirqulu, “Almaz”da Baloğlan, “Nəsrəddin şah”da Məmiş, “1905-ci ildə”də Polismeyster, “Solğun çiçəklər”də Molla Möhsün, S. Vurğunun “Vaqif”də Təlxək, “Fərhad və Şirin”də Topal kimi surətləri milli klassiklərimizin əsərlərində böyük ustalıqla ifa etdiyi obrazlar cərəyan edən hadisələrin vəziyyətinə uyğun olaraq xarakterlərin baxışında qəti konfliktlərdə, toqquşmalarda və başqa sınaqlarda inkişaf edə bilirdi.Onun yaradıcılığında obrazın fabulasıhər an səhnədə xarakterindən asılı olaraq mühüm formada səciyyələnirdi. Aktyorun məharətli səhnə ifasındaayrı-ayrı müvəffəqiyyətli xarakterlər ümumi quruluşdan asılı olaraq digər xarakterik obrazlarla əlaqəsi olmasa belə dramatik fabula bədii gerçəkliklə təqdim edilirdi.

Respublikanın əməkdar artisti Rəhilə Məmmədova bu gün ustad sənətkarı xatırlayarkən deyir: “Mən 1986-cı ildə Gəncə Dövlət Dram Teatrına gələrkən burada böyük sənətkarlar məktəbi vardı. Bu sənətkarlarala çiyin-çiyinə çalışmaq böyük xoşbəxtlik idi. Bu dövrdə Rza Nadirov da bu silsilə sənətkarlarımızdan biri hesab edilirdi. O, həddən ziyadə çox təmkinli və ciddi xarakterli insan idi. Deyim ki, ciddi xarakteri elə səhnədə yaratdığı obrazlarına da sirayət edirdi. Mən onunla bir neçə tamaşada tərəfmüqabili olmuşam. Ancaq onunla bir səhnədə oynadığım quruluşçu rejissor, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun hazırladığı Əlibala Hacızadənin “İtgin gəlin” iki hissəli dramında olan səhnəni heç zaman unuda bilmirəm. O, bu səhnə əsərində Qəryədər Qulam obrazında çıxış edirdi. Mənə isə Cahan obrazı tapşırıldı. Bu obraz xalq artisti Rəmziyyə Veysəlovadan sonra mənə həvalə edilmişdi. Çox çətin idi belə bir sənətkardan sonra bu obrazı ifa etmək. Ancaq Rza Nadirov səhnədə bir tərəfmüqabili olaraq mənim bu obrazı oynamağım üçün böyük ustalıqla köməkliyini əsirgəmədi. Onun səhnədə olan xeyirxahlığını heç zaman unuda bilmərəm”.

Əgər  dramaturq süjetin quruluşunda təzahür edilməyən xarakter cizgilərini göstərmək məqsədilə üzvü surərdə inkişaf edən konfliktlərdən kənar xüsusi, ayrıca bir səhnə yaradırdısa o zaman dramın ümumi kompozisiyasını pozmamaq şərti ilə səhnədə Rza Nadirov bunu dəqiqliklə duyur və tamaşaçıya müxtəlif səhnə çalarları ilə təqdim edə bilirdi. Bu da aktyorun ustalıqla və səhnə texnikasından irəli gəlməklə böyük sənət məktəbindən xəbər verirdi. Bununla da Rza Nadirovun səhnədə yaratdığı hər bir obraz öz xarakterik konfliktini, inkişafını müəyyənləşdirirdi. Onun səhnə məziyyətlərində realizm tipik şəraitlərdə tipik xarakterlərin əksi olaraq təqdim edilirdi. Onun ifasında hətta mövcud cəmiyyətdə geniş yayılan hadisələr deyil, həm də hələlik geniş yayılmayan, amma artıq kök salan xarakterik hadisələr dətipikləşdirilirdi. Səhnədə hər zaman xarakterin aktyor ifasında bədii tipikləşdirilməsi Rza Nadirovun müşahidələri əsasında baş verirdi.

Çağdaş Azərbaycan dramatuqlarının pyeslərinin səhnə təfsirindəyaratdığı İ. Əfəndiyevin “Üçatılan”da Hakim, “Atayevlər ailəsi”də Cahangir, İ. Səfərlinin “Göz həkimi”də Fərəc əmi, M. Təhmasibin “Çiçəkli dağ”da Simnar xan, Q. Rəsulovun “Əlvida Hindistan!”da Böyük Ramo, Ə. Məmmədxanlının “Şərqin səhəri”də Mayor Ed-Braun, B. Vahabzadənin “Vicdan”da Əşrəf, Y. Əzimzadənin “Nəsrəddin”də Əhməd kişi, “Anacan”da İmran, N. Gəncəlinin “Düşmənlər içində”də Zənci Ceyms, “Məhəbbət körpüsündə”də Kozlov, A. Zeynallının “Nəriman ata”da Əli Bayramov, K. Ağayevanın “Məhsəti Gəncəvi”də Gəncə hökümdarı, İ. Qasımovun və H. Seyidbəylinin “Uzaq sahillərdə”də Tinti, “Böyük ürək”də Muradov, İ. Şıxlının “Dəli Kür”də Həsən əmi, “Odlu çarpazlar”da Polkovnik Ulçenko, N. Həsənzadənin “Atabəylər”də Əcəmi surətləri aktyorun həyat müşahidələrinin böyük ustalıqla yaradılan səhnə bəhrəsi idi.

Mübağiləsiz qeyd etmək lazımdır ki, Rza Nadirovun səhnə ifasında tamaşaçıya təqdim olunan xarakterləri onun ayrı-ayrı təzahürləri ilə müəyyənləşərək ifanın böyük ustalıqla anlanacaq formada bütöv təqdimini nümayiş etdirirdi. Aktyor bununla da həmdə səhnədə dram qəhrəmanının ayrı-ayrı hərəkətlərini onun xarakteristikasını müəyyənləşdirə bilirdi. Onun hər bir obraza müraciəti və tamaşaçıya təqdimi dramın qəhrəmanı olaraq bizim qarşımızda məqsədli, iradəli cəhdin fasiləsiz axınında dayanırdı. Səhnədə onun obrazlarının ayrı-ayrı replika və hərəkətləti vahid hərəkətin vahid xəttinə qovuşurdu. Bununla da Rza Nadirovun səhnə texnikası dramatik qəhrəmanın xarakterindən asılı olaraq özünün vahid hərəkəti ilə məhdudlaşırdı. Bilirik ki, xarakteristika konkret təzahürlərlə təhrif edilməməlidir.Obraz-xarakter özünün dramatik inkişafında bütöv qalmalıdır. Rza Nadirovun səhnə ustalığında da vahid hərəkət obrazın və xarakterin əsası olaraq təqdiminə çalışılırdı.

Bu gün Rza Nadirov yaradıcılığından söhbət düşərkən sənətşünaslıq üzrə fəlsəfə doktoru, respublikanın əməkdar artisti Xəzər Gəncəli deyir: “Atam Novruz Gəncəli hər zaman Gəncə Dövlət Dram Teatrı ilə sıx əlaqə saxlamaqla pyeslərinin hazırlanması üçün müraciətlər edərdi. Yaxşı xatırlayıram ki, atam Novruz Gəncəli öz xatirələrini biz övladlarına söyləyən zaman deyərdi ki, 1951-ci ildə qəlmə aldığı “Düşmənlər içində” adlı pyesini ilk dəfə olaraq Gəncə Dövlət Dram Teatrına təqim edib. Bu tamaşanın quruluşçu rejissoru Yusif Yulduz, rəssamı isə Süleyman Hacıyev olublar. O zaman Respublikanın əməkdar artisti Rza Nadirov bu pyesdə orjinal bir surət yaratmağa müvəffəq olub. Onun ifasında Zənci Ceyms obrazı maraqla baxılan surətlərindən biri hesab edilirdi. Daha sonra atam Novruz Gəncəli 1970-ci ildə “Məhəbbət körpüsü” adlı pyesini qələmə aldı. Bu pyes də Gəncə Dövlət Dram Teatrının səhnəsində 1970-ci ildə xalq artisti Vaqif Şərifov tərəfindən böyük ustalıqla səhnəyə qoyulub. Rza Nadirov bu tamaşada Kozlov obrazında çıxış edib. Mən o illərdə Rza Nadirovun böyük istedad sahibi olduğunun şahidi oldum. Aktyor ona tapşırılan hər iki obrazı böyük ustalıqla, məharətlə və rejissor traktofkasından irəli gələrək dəqiq mizanlarla təqdim etməyə müvəffəq ola bilirdi”.

Evripidin “Medeya”da Egey, Sofoklun “Antiqona”da Tiresi, U. Şekspirin “III Riçard”da Londonun Lord-meri, “Otello”da Lodoviqo, A. Ostrovskinin “Quduz pullar”da Yeqor Dmitriç Qlumov, M. Qorkinin “Qoca”da Stepaniç, G. Fiqeyeredonun “Tülkü və üzüm”də (Ezop) Aqnostos, B. Brextin “Üç qəpiklik opera”da Matiteas, N. Hikmətin “Kəllə”də Pedro, K. Buaçidzenin “Həyətdə qapan it var”da Leo Landiya, İ. Mosaşvilinin “Qərq edilmiş daşlar”da Osman, A. Salınskinin “Təbilçi qız”da Kulnyev, R. Həmzətovun “Dağlı qız”da Salman, M. Şatrovun “İnqilabi etüd”də Nümayəndə, M. Kərimin “Odu atma, Prometey!”də Gefest, E. Radzinskinin “Sokratla söhbətlər”də Korifey surətləri respublikanın əməkdar artisti Rza Nadirovun Gəncə Dövlət Dram Teatrının səhnəsində dünya klassiklərinin eləcə də əcnəbi müəlliflərin müxtəlif janrlı pyeslərində yaratdığı bitgin obrazlar silsiləsinin bir qismi olaraq diqqəti cəlb edir.

Aktyorun səhnə fəaliyyəti hər zaman diqqət mərkəzində saxlanılıb. Belə ki, o, 24 dekabr 1981-ci ildə Respublikanın əməkdar artisti fəxri adı ilə təltif olunub. Rza Nadirov 15 dekabr 1995-ci ildə Gəncədə vəfat edib və Yeni Səbirskar qəbirstanlığındakı Fəxri xiyabanda dəfn olunub.

Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Respublikanın əməkdar artisti Rza Nadirovun vəfatından 24 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda yazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir addım belə atılmayıb. Bu gün Gəncədə nə adına bir küçə, nə də ki, yaşayıb-yaratdığı ünvanında xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

Anar Bürcəliyev

Teatrşünas      

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.