Şəhidlərimizin xatirəsini hörmət və ehtiram hissi ilə yad edirik- Məktəb direktoru

Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Hər bir xalqın, millətin dayağı və güvənc yeri onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarıdır. Məhz bu oğulların sayəsində Azərbaycan xalqı doğma Qarabağı düşmən əsarətindən xilas edə bildi. Onlarla fəxr duyuruq!

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram bəsləyir. Bu ehtiram hər birimizin əməlində, əməyində, duyğularında özünü biruzə verir.

Bu gün tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlərinin formalaşmasında, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizdə doğma yurda sonsuz məhəbbət ruhunun aşılanmasında respublikamızda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rolu böyükdür. Gənc nəslin milli mənlik şüurunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq üçün Qarabağ savaşında və düşmənlə təmas xəttində yerləşən ərazilərimizin müdafiəsində, erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş qəhrəmanlarımız təbliğ edilir, mütəmadi olaraq şəhidlərimizin anımına həsr olunan tədbirlər keçirilir, onların məzarları ziyarət olunur. Biz şagirdlərə hər bir qəhrəman vətən övladını tanıtmalı, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri öyrətməliyik. Çünki qəhrəmanlarımızın həyat yolu gənclərimiz üçün örnəkdir! Nə qədər ki, Vətənin taleyini öz taleyindən üstün tutan mərd, ölümün gözünə dik baxan, rəşadətli oğullarımız var, heç bir qüvvə, heç bir ordu bizə qalib gələ bilməz.

Belə qəhrəmanlardan biri də gəncəli şəhid müəllim Rabil  İsmayılovdur.

İsmayılov Rabil Elbrus oğlu 12 fevral 1980-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1987-ci ildə Gəncə şəhəri M. Müşfiq adına 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1997-ci ildə orta təhsilini başa vurmuşdur. 1997-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olmuş, 2001-ci ildə ali təhsilini başa vurmuşdur. 2001-2003-cü illərdə Gəncə Dövlət Universitetində magistratura təhsili almışdır.

2003-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidməti borcunu yerinə yetirmişdir.

2017-2020-ci illərdə Gəncə şəhər M.Müşfiq adına 14 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rabil İsmayılov 16 oktyabr 2020-ci il tarixdə yenidən hərbi xidmətə çağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuşdur.

2 noyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

3 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

İsmayılov Rabil Elburus oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Məktəbimizdə Rabil İsmayılov adına sinif olacaq – Gülşən Həsənova, Gəncə şəhəri M.Müşfiq adına tam orta məktəbin direktoru.

 

Rabil İsmayılov Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq, işə qəbul olunmuşdu. Məktəbin direktoru Gülşən Həsənova 2018-ci ildə məktəbə direktor təyin ediləndən sonra tanıdığı və istedadının dərhal fərqinə vardığı Rabil müəllim haqqında xatirələrindən danışıb: “Bu məktəbin məzunuyam. Direktor təyin olunandan sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən və məktəbimizdə müəllim işləmək hüququ qazanan müəllimlərlə ayrıca görüşdüm. Rabil müəllimin istedadını elə ilk görüşümüzdə anladım. Onu fərqləndirən cəhətlər çox idi. Qısa müddət sonra yanılmadığımı gördüm. Özü istedadlı olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Yetirmələri də özü kimi fərqlənirdi. Etiraf edim ki, riyaziyyat fənni üzrə məktəbimizin nəticələri həmişə aşağı olub. Elə mən oxuduğum dövrdə də şagirdlərimiz daha çox humanitar fənlərə meyil göstərirdilər.  Ancaq Rabil müəllimin fəaliyyəti tezliklə bəhrəsini verdi. 2019-cu ildə həm də Rabil İsmayılovun işinin nəticəsi olaraq 11A  sinfinin 21 şagirdindən 19-u ali məktəbə daxil oldu.  Rabil müəllimi “Riyaziyyatın atası” sayır və bunu özünə də deyirdim. Bu il riyaziyyat üzrə uşaqları olimpiadaya hazırlayacağına, hətta mütləq bir medal gətirəcəklərinə söz vermişdi. Medal gətirdi, amma qəhrəmanlıq medalı oldu bu”.

“Dərsdə heç vaxt oturmur, ya  partaların arasında, ya da əlində təbaşirlə lövhənin önündə olurdu” –  deyən G.Həsənovanın sözlərinə görə, bu il məktəbin qalib olduğu qrant layihəsinin müəllifi də məhz R.İsmayılov olub. G.Həsənova bu itkinin məktəb kollektivi, xüsusən Rabil müəllimin şagirdlərində dərin iz buraxdığını da vurğulayıb: “Şagirdlər çox təsirləndi onun şəhadət xəbərindən. Xüsusən 7A sinfinin şagirdləri özlərinə gələ bilmirlər. Onunla bağlı paylaşımlar edib, dəftərlərində Rabil müəllimin qeydlərini xatirə olaraq saxlayacaqlarını yazıblar. Siniflərə qəhrəman müəllimlərimizin adlarını verəcəyik. Rabil müəllimin adını da sevimlisi 7 A sinfinə verməyi düşünürük. Tədris ili başlayanda məktəbimizdə Rabil İsmayılov adına bir sinif olacaq. Onun xatirəsi hər zaman bizimlə qalacaq”.

Məktəb direktoru Kəlbəcər rayonundan olan Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal müəllimlə aralarında keçən bir yazışmanı da xatırlayıb: “Vüsal müəllim bizim Rabil müəllim döyüşlərə qatılanda onunla hal-əhval tutub. Ona “harda görüşək” – yazıb. Rabil müəllim də yazıb ki, Kəlbəcərdə. Vüsal müəllim ona Kəlbəcərin cənnət olduğunu deyəndə Rabil müəllim ona yazıb: “Onda cənnətdə görüşərik”. Bu gün onun cənnətdə olduğunu nəzərə alsaq, düşünürəm ki, təsadüfən də olsa, o, məhz məkanını söyləyib həmkarına”.

Vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin, Milli qəhrəmanlarımızın keçdikləri rəşadətli həyat yollarının, döyüşlərdə göstərdikləri igidliklərinin təbliği gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminin daha da qüvvətlənməsinə xidmət edir. Gəncə şəhəri 14 saylı tam orta məktəbdə bu işə xüsusilə diqqət yetirilir.

Gülşən müəllimə şəhidlərinin xatirəsinin anım tədbirlərinin nümunəvi vətəndaşın yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyətə malik olduğunu və bu işin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayır. Məktəbdə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla yad olunur. Azərbaycanın hərb tarixində mühüm yer tutan 44 günlük Vətən müharibəsinin qazi və iştirakçılarının bu tədbirə qatılmaları da məktəblilərin hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəlməsində önəmli rol oynayır.

Gülşən Həsənova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində  Gəncənin orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib. Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edir, şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirir.

Şəhidlər ilə bağlı tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvərlik və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə kömək edir. M.Müşfiq adına Gəncə şəhər 14 saylı orta məktəb tədris ili ərzində çoxlu sayda belə tədbirlər imza atmışdır. Distant təhsil dövründə belə bu iş daim diqqət mərkəzində olmuş, məktəbin şagird və müəllim kollektivi bu işə həvəslə qatılmışdır.

Məktəbin kollektivi şəhid müəllim Rabil İsmayılovun ailəsi ilə daim əlaqə saxlayır. Bayram günlərində, şəhidin doğum və anım günündə məktəbin kollektivi həmişə bu ailənin qonağı olur.

Məktəbin kollektivi ailənin üzvlərini bayram günləri münasibəti ilə təbrik edir, şəhid Rabil İsmayılovun həmişə insanların qəlbində yaşayacağını bildirir, onlara səbr, təmkin və dözüm arzulayırlar.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.