Salam, şaxta baba. nətərsən? Anam dedi ki, bu il gəlməyəcən. Bunun da səbəbini bilirəm. Çünki bu il şəhidlərimiz çoxdu. Bunlardan biri də mənim atamdır. Bu il səndən bir şey istəyəcəm. Bilirəm atamı qaytara bilməyəcəksən. Çünki atam şəhidlik zirvəsinə ucalıb. Atam çoxdandır yuxuma gəlmir. Əziz şaxta baba sənin maralların var, hətta uça bilirlər. Atama de ki, böyük qızının səndən xahişi var. Qızın dedi ki, atam yuxuma gəlsin. Bunu atama deyərsiz. Hələlik.
Söz: Eltun Türkel.
Səs: Mehparə Ümid.
Şaxta baba, bu yeni il,
Məni yada salma, qayıt.
Sığal çəkib saçlarıma,
Ürəyimi alma, qayıt.
Gəlmə, gəlsən azacaqsan,
Ümidimin tüstüsündə.
Əriyəcək qar bədənin,
Göz yaşımın istisində.
Küknar qurma bizim evdə,
Qan damlıyar budağından.
Utanmırsan heç atamın,
Tənha qalan otağından?
Gəlməmişdən əvvəl oxu,
Məktubumu sətir-sətir.
Bacarırsan ata adlı,
Hədiyyəmi mənə gətir!
Eltun Türkel,
31-12-2020.