1989-cu ilin fevral ayının 27-də Alməmmədov Akif Kamil oğlunun ailəsində bir oğlan dünyaya gəlir. Gəlişi ilə ailəsinə sevinc gətirən bu oğlana valideyinləri Emin adını qoyurlar.
Anası Xədicə Alməmmədova onun gəlişini belə xatırlayır: “Emin gəlişi ilə bizi çox sevindirdi. Sanki soyuq qış ayında evimizdə günəş doğmuşdu. İsti, nurlu bir günəş, o günəş ki, həyatımızı aydınlandırdı.”
“Sadə və zəhmətkeş bir ailədə doğulub böyüməsi onun davranışlarında əks olunurdu. O, çox ağıllı, olduqca tərbiyyəli uşaq idi.” Bu fikirlər onun təhsil aldığı Şəmkir şəhəri Cahangir Rüsdəmov adına tam orta məkdəbin müəllimləri tərəfindən bildirilir.
Eminin orta məktəbdə təhsil alarkən elmi biliklərələ bərabər vətəni, milləti sevməyi öyrənir.
Sinif yoldaşlarının dediklərinə görə, Emin hələ uşaq ikən Azərbaycan himnini oxumağı çox sevib. Demək olar ki, himnin sözlərini əzbərdən bilib. Hətta o, sinif yoldaşlarının bəzilərinə və özündən aşağı sinflərin şagirdlərinə də himnin sözlərini öyrətməyi çox sevirmiş.
Anası Xədicə xanımdan xahiş etdim ki, Eminin məktəb həyatı barədə danışsın. O, bunu eşidən kimi oturduğu stulda ayağa qalxdı. Tələsərək arxa otağa geçdi. Qayıdanda isə təhsil haqqında şəhadətnaməni mənə uzatdı. Mən şəhadətnaməni götürüb qeydlərə nəzər yetirməyə başladım. Bu Eminin təhsil haqqında şəhadətnaməsi idi. Qiymətlər isə ancaq, 4 və 5 idi. Şəhadətnaməni mənə uzadarkən Xədicə ananın gözlərindəki qürur ifadəsininin səbəbini anladım. O, oğlunun əla qiymətlərindən fərəh hissi keçirirdi. Xədicə ana bunu hiss etdiyimi sezərək bildirdi ki, atası da onun bu nailiyyətləri ilə qürur duyurdu.
2007-ci ildə orta məktəbi bitirən Emin ali məktəbə hazırlaşmağa qərar verir. O gecə-gündüz yorulmadan çalışır. Lakin həmin il atasını itirir. Atasının yoxluğu ailənin maddi vəziyyətini çətinləşdirir. Bu çətinlik Eminin ali təhsi almaq istəyinə ciddi təsir edir. O, arzularının üzərindən xətt çəkir və ailəsinə dəstək olmağa qərar verir. Emin ailənin maddi rifahı naminə müxtəlif işlərdə çalışmağa başlayır. Onun bu qayğıkeşliyi və kiçik qardaşına ata əvəzi olması bütün tanıyanlarının ona olan hörmətini birə beş artırır. Anası qeyd edir ki, Emin atasının yoxluğunu qardaşına hiss etdirməyib. Demək ki, zəhmətkeş ailə başçısı rolunu alması onu gənc yaşlarında müdrikləşməsinə səbəb oçub. Bu onun insanlarla rəftarında da öz əksini tapıb. Dostları bildir ki, Emin hər zaman bizə öyüd-nəsihət verib, doğru yolu göstərib.
2008-ci ildə Eminin əsgərlik həyatı başlayır. O, hərbi xidmətə yola düşür.
Artıq onun həyati təcrübəsi, müdrik zəkası burada da ona rəğbət qazandırır. Emin hərbi təlimləri mənimsəyir, verilən tapşırıqları qüsursuz yerinə yetirir. Onun bacarıqlı əsgər olması bu gün də xidmət çəkdiyi hərbi hissədə xatırlanır. Hətta, o hərbi xidməti başa vurub evə qayıdarkən komandiri onun gələcəkdə bu sahədə uğur qazanacağına inandığı üçün ona qalıb işləməyi təklif edir. Emin ürəyincə olan bu təklifə qarşı da anasının onun qayğısına ehtiyacı olduğunu səbəb göstərir.
Emin hərbi xiddmətini başa vurub evə qaydır.
2010-cu ildə Mələk adlı qızla ailə həyatı qurur. Bu evlilikdən Eminin iki övladı-oğlu Əbəlfəz və qızı Xədicə dünyaya gəlir.
Eminin həyat yoldaşı Mələk Alməmmədova ailə həyatı barəsindən belə bəhs edir: “Mən çox xoşbəxt idim ki, Emin kimi düşüncəli və ailəcanlı bir insanla həyat qurmuşam. O, çox sadə və qayğıkeş insan idi. Həm övladlarına qarşı, həm də anasına qarşı çox diqqəçil idi.”
Emin atasının yoxluğundan təsirləndiyi və hərzaman ata nəvazişinə ehtiyac duyduğu üçün öz övladlarına atalıq navazişini daha çox hiss etdirib. Həyat yoldaşı qeyd edir ki, onu işdən evə gələrkən uşaqlardan ayırıb süfrə başına gətirmək çətin idi.
Zaman keçsə də Eminin hərbiçi olmaq istəyi dəyişməz qalır. 2013-cü ildə yenidən hərbiçi həyatına qədəm basan Emin “N” saylı hərbi hissələrin birində işləməyə başlayır.
Emin qısa zaman ərzində bacarıqlı hərbiçi kimi bir çox nailiyyətlər əldə edir. O, kiçik çavuş rütbəsindən böyük çavuş rütbəsinə yüksəlir. Öz üzərində durmadan işləyən Emin Azarbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində İdarəetmə maşın heyyəti rəisi ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir.
O, bir sıra hərbi təlimlərdə yüksək nəticələr göstərərək fəxri fərmanlarla mükafatlandırılır.
Hərbiçi yoldaşları qeyd edir ki, o şəxsi heyətə qarşı olan qayğısı və diqqəti ilə fərqlənirdi. Onlar bildirir ki, əsgərlərin ad günlərində valideyinlərindən ayrı düşdükləri üçün evdən tort bişitdirib gətirirmiş. Çalışırmış ki, onlar valideyinlərinin yoxluğunu hiss etməsinlər.
Emin Alməmmədov bir çox rayonlarda- Şəmkir, Tovuz, Akstafa, Goranboy və Daşkəsən istqamətlərində xidmət keçir.
Həyat yoldaşı bildirir ki, iyul döyüşləri zamanı Emin Daşkəsəndə xidmət etdiyi üçün orada yaşayırdıq. O, General Polad Həşimovun şəhid olması xəbərini eşitdiyi barədə danışaraq bildirdi: “Emin dağlıq ərazidə idi, mən isə uşaqlarla evdə idim. Eşitdim ki, generalımız Polad Həşimov şəhid olub. Bundan sarsıntı keçirdim.
Həyat yoldaşı müharibə başlayanda keçirdiyi hisləri belə təsvir edir. Müharibənin başladığını eşitdim. Emindən nigarançılığım artmağa başladı. O, iş bitəndən sonra evə qayıtdı. Hiss etdim ki, olanlardan onun xəbəri yoxdur. Çünki dağlıq ərazidə olduğu üçün telefondan istifadə etmək mümkünsüz idi. Mən də cürət etmədim bu xəbəri söyləməkdə. Bilurdim ki, çox məyus olacaq.”
Həyat yoldaşı bu üzücü xəbəri ona deməyə cəsarət etmir və gözləyir.
Lakin çox keçmədən Eminin mobil telefonuna zəng gəlir. O, telefonu açır.
Həyat yoldaşı o anı belə təsvir edir: “O, telefonu açıb qulağına tutdu. Hiss etdim ki, nəsə ürəyincə deyildi. Mən hiss etməyim deyə alçaq səslə danışa-danışa arxa otağa keçdi. Çünki o elə bildi ki, mənim olanlardan xəbərim yoxdur. Bir neçə dəqiqə keçdikdən sonra onun yanına getdim. Gördüm ki, telefon əlində durub, gözlərindən də yaş axır. Sorşdum ki, nə olub? O, qəhərdən cavab verə bilmədi.”
Sən demə Emin Polad Həşimovu əsgərlik həyatından tanıyırmış. O, Eminin komandiri olubmuş.
Vətən müharibəsi başlamazdan bir neçə gün əvvəl Emin həyat yoldaşı və uşaqları ilə birlikdə Şəmkirə, anasının yanına gəlir.
Həyat yoldaşı bildirir ki, sanki onun ürəyinə şəhid olacağı dammışdı.
Çünki, Emin anasıgildə olarkən bütün dostlarını da çağlrmışdı. Elə bil vidalaşmaq istəyirdi.
Həyat yoldaşı qeyd edir ki, Emini son dəfə sentyabrın 15-də görüb. Həmin gün Emin bir saatlıq işdən icazə alaraq evə gəlib. Ailə üzvüləri ilə görüşdükdən sobra oğlunu məktəbə aparıb və oradan da işə qayıdıb.
Həmin gün məktəbdən evə qayıdan balaca Əbəlfəz anasına bildirib ki, atam məni qoyub getmək istədi, sonra yarı yoldan qayıdıb məni möhkəm qucaqladı.
Ana oğlunun bu sözlərini eşidən kimi ciddi narahatçılıq keçirir. Dəfələrlə Eminlə əlaqə qurmaq istəsə də buna nail ola bilmir. Bir neçə gün keçir və nəhayət Emin həyat yoldaşına görüntülü zəng edir.
Həyat yoldaşı Mələk Alməmmədova o günü belə xatırlayır: “Sentyabrın 26-ı, saat 20:21-də telefonuma zəng gəldi. Gördüm ki, Emin görüntülü zəng edir. Cəld açdım. Açan kimi mənim göz yaşlarımı görüb narahat olma, hər şey yaxşıdır dedi. Sonra yavaş səslə üçünüz də kameranın qarşısında durun və səsinizi çıxarmayın sadəcə sizə baxmaq istəyirəm dedi.”
Sanki onun şəhid olacağı ürəyinə danıbmış. Görüntülü zəng bir iki dəqiqə davam editdikdən sonra əlaqə kəsilir. Ardından bir sms gəlir: “Hər şeyə möhkəm və səbirli ol!
Uşaqları sənə, səni də Allaha əmanət edirəm!”
Həmin gecəni narahatçılıqdan yata bilmədiyini bildirən Mələk Alməmmədova eşitdiyi atışma və təcili yardım maşınlarının səslərindən daha da tədirgin olur. O, durmadan Eminə zəng edir. Lakin telefonu bağlı olduğundan əlaqə yarada bilmir. Əlacsız şəkildə sabahın açılmasını gözləyib. Sonra süb tezdən uşaqları da götürüb Dəşkəsən rayon Mərkəzi Xəstaxanasına gedir. Orada gördüyü dəhşətli mənzərədən sarsıntı keçirir.
Mən çətin də olsa orada baş verənləri soruşmağa cəhd etdim. O, danışmaq istəsə də qəhərdən boğulmağa başladı. Bir neçə dəqiqə sukut höküm sürdü. Mən yenidən cəhd etdim. Orada nə baş verdiyini soruşdum. O, özünü toparlayıb göz yaşları içində danışmağa başladı.
O, dedi: – “Xəstəxanaya çatanda təcili yardım maşınları ilə gətirilən yaralalıları gördüm. Əl-ayağım tutulmuşdu. Mən donmuş şəkildə qalmışdım. Az zaman keçdikdən sonra özümü toplayaraq gətirilənlər arasında Emini axtarmağa başladım.”
Bir saata yaxın axtarışdan sonra Eminin orada olmadığına əmin olduqdan sonra Mələk Alməmmədova əlini cibinə aparır ki, telefonu götürsün. Lakin telefon üstündə olmur. Sən demə, o evdən həyacanla çıxdığı üçün telefonu götürməyi unudubmuş. Tələsik evə gəlir. Yol boyu düşünür ki, yəqin Emin zəng edib. O, evə çatan kimi telefonu tapır. Ancaq telefona heç bir zəngin gəlmədiyini görür. O, yenə Eminlə əlaqə qurmaq üçün bir neçə dəfə zəng edir. Eminin telefonu yenə də sönülü olur. O, təlaş içində Eminin anasına zəng edir. Olanlar barədə ona danışıb narahat olduğunu bildirir və gəlməsini xahiş edir.
Təlaşa düşən ana nə edəcəyini bilmir. Əlacsız qalıb küçəyə çıxır ki, cəbhədə olanlar barədə nəsə eşitsin. O, qonşuların dilindən cəbhədə müharibənin başlanması xəbərini eşidir. Narahatçılıq keçirir və Dəşkəsənə getməyə çalışır.
Ana oğlunun yanına gedərkən artıq Şəmkirdə eminin şəhid olması xəbəri yayılır. Lakin ailəsinin bundan xəbəri olmur.
Döyüş yoldaşları qeyd edir ki, Emin Kəlbəcər istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. O, həmin döyüşlərdə böyük şücaət göstərib. Hətta işğaldan azad edilən bir neçə posta Azərbaycan Respublikasının üç rəngli bayrağını öz əlləri ilə dalğalandırıb.
Bütün döyüş yoldaşları onun cəsarətinə heyran olduqlarını bildirirlər.
Emin elə Kəlbəcər istiqamətində gedən döyüşlərin birində, sentyabrın 27-də qəhrəmancasına həlak olur.
Sentyabrın 29-da Vətən müharibəsində Şəmkirin ilk şəhidi olan Emin Alməmmədovun nəşi böyük izdihamın iştirakı ilə doğulduğu torpaqda dəfn edilir.
Emin Alməmmədov vətən Müharibəsində gösdərdiyi şücayət və Qəhramanlığa görə Azarbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərinə görə” medalları ilə təltif olnur.
Bundan başqa, şəhidin adının əbədiləşdirilməsi və qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılması məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Şəmkir şəhərində küçələrin birinə şəhidin adı verilir, onun barəsində film çəkilir və jurnal dərc edilir.
TURAL ƏLİYEV
Şəmkir



