Şəhid ailələrinə və qazilərə qayğı göstərilir

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində  müzəffər Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda iştirak etmək üçün, minlərlə Vətən övladı ilə bərabər, mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılmış və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunmuşdu.

Tarixi Zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Azərbaycan mədəniyyətinə xidmət etmiş bu igidlər Vətən yolunda canlarından keçərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazıblar.

Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Bir daha Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Şəhid ailələri və qazilərimizə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.