Şəhər və rayonlarda bütün direktor, müəllim, texniki işçilər işə çağırıla bilər

Təhsil eksperti Kamran Əsədov Təhsil naziri Ceyhun Bayramovun 5 may tarixdə təhsil işçilərinin yeni iş rejimi ilə bağlı imzaladığı qərarı şərh edib.
O, bir sıra bölgələrdə təhsil sahəsində çalışanların işə çıxa biləcəyini söyləyib:
“Yeni qərara əsasən Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla rayon təhsil şöbələrin işçilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur.
Yəni yuxarıdakı şəhərlər istisna olmaqla yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər.
Amma ola bilər ki, tam şəkildə işə icazə verilən rayonlarda yerləşən məktəblərdə çalışan amma karantin rejimi davam edən şəhərlərdə yaşayanlar üçün rayon təhsil şöbəsi və ya məktəb direktoru icaze.gov.az-dan icazə almalıdır ki, o şəxs postu keçib gedə bilsin”.
K.Əsədov karantin tətbiq olunması ilə əlaqədar vəziyyətin bir qədər fərqli olduğunu bildirib:
“Karantin tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda təhsil müəssisəsi çalışan işçilərin 30%-ni işə cəlb edə bilər. Bunu təhsil müəssisəsinin rəhbəri özü müəyyən edir. Amma öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən, yaşı 60-dan yuxarı olan işçiləri yox, şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilməlidir. Yəni rayonlarda təhsil müəssisələri tam şəkildə bütün əməkdaşları, hətta müəllimləri də, kitabxanaçını da, laborantı da, dalandarı da işə cəlb edə bilər. Karantin rejimi davam edən şəhərlərdə isə təhsil müəssisənin rəhbəri yalnız 30% işçi işə cəlb edir. Bu zaman isə öz insiativini əsas götürür. Hansı əməkdaşı işə cəlb etmək onun öz qərarıdır.
Şərt o deyil ki, rayonlarda 100%-i işə cəlb edilsin və ya karantin rejimi olan yerlərdə 30% cəlb olunsun. Bu, maksimum həddir. Müəssisə rəhbəri o faizə qədər istənilən sayda işçini işə cəlb edə bilər”.
K.Əsədovun sözlərinə görə, qərar təkcə orta məktəblərdə çalışanlara deyil, universitet, kollec, peşə təhsili müəssisələrinə də aiddir: “Yəni bütün növ və pillə təhsil müəssisələrində 4-31 mayda iş prosesi qaydalar çərçivəsində bərpa olunur. Təhsil sistemində çalışan işçilər işə cəlb olunurlar. Yeganə olaraq bu qərar uşaq bağçalarına aid deyil.
Karantin rejimi olmayan şəhər və rayonlarda təhsil şöbələri, Ərazi Maliyyə Hesablaşma Mərkəzlər, universitet və məktəblərin əməkdaşları 8103-ə icazə SMS-i yazmadan, icaze.gov.az-dan qeydiyyatdan keçmədən bütün çalışanlar işə cəlb oluna bilər. Amma karantin tətbiq olunan şəhərlərdə çalışanların işə cəlb olunması işçilərin maksimum 30%-dir və onlar işə gəlmək üçün ya 8103-ə icazə SMS-i almalı (3 saatlıq) və ya rəhbərləri onlar üçün icaze.gov.az-dan icazə almalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.