Sumqayıtda işdən azad olunmuş direktora başqa vəzifə verilməyib.
Abşeron-Xızı Regional Təhsil İdarəsi bu barədə məlumat paylaşıb.
Bildirilir ki, sosial şəbəkələrdə səs yazısı yayılmış İbrahimova Esmira Famil qızının məktəb direktoru vəzifəsindən azad edilərək, Abşeron-Xızı Regional Təhsil İdarəsinə metodist vəzifəsinə təyin edilməsi haqqında deyilənlər həqiqəti əks etdirmir.
“Belə ki, adı çəkilən şəxs 2012-ci ildən keçmiş Sumqayıt şəhər Təhsil Şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində çalışır. Həmçinin E.İbrahimova bir neçə il öncə vakant olan Sumqayıt şəhəri H.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində yerləşən 32 nömrəli tam orta məktəbə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən müvəqqəti direktor əvəzi vəzifəsinə təyin edilib.
Bu müddət ərzində həmin məktəbin direktor vəzifəsi müntəzəm olaraq direktorların işə qəbulu müsabiqəsinə vakant yer kimi elan edilib, lakin vəzifə tutulmadığından E.İbrahimova direktor səlahiyyətlərinin müvəqqəti icrasını davam etdirib.
Cari ilin sentyabr ayında məlum səs yazısı aşkara çıxdıqdan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb və 19.09.2022-ci il tarixli K-239 nömrəli əmrlə direktor vəzifəsinin həvaləsi E.İbrahimovadan götürülüb”,- məlumatda qeyd olunub.
Həmçinin o da vurğulanıb ki, məsələ ilə əlaqədar şəhər Prokurorluğunda araşdırma başlanılıb:
“Araşdırmanın nəticəsinə əsasən, E.İbrahimova barəsində müvafiq tədbir görüləcək”.