Azərbaycan həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə anlaşmanın pozulacağı təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib”.
Etmtv. news Teleqraf. com -a istinadən xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
“Görünən budur ki, Rusiya Qələbə paradında Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikalarının nümayişini həzm edə bilmir. Gündə bir “xəritə” çəkib dövriyyəyə buraxmaq səlahiyyətini Rusiyaya kim verib? Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib”, – ekspert bildirib.
Yeganə Hacıyeva qeyd edib ki, keçirilmiş əməliyyatlar nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir:
“Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəaliyyətini üzərinə götürdüyü öhdəlikləri çərçivəsində qurmalıdır.
Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu bölgədəki fəaliyyətində Rusiya Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Biz Gəncə, Bərdə və Tərtər şəhərlərinin, mülki əhalinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu xatırlayırıq. Rusiya Nikol Paşınyanı, hakimiyyətini Azərbaycanda onsuz da ona qarşı kövrək olan güvənin tam itməsi hesabına qorumamalıdır.
Rusiya Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd belə etməsin. Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicini yerlə bir edəcək və nəticədə biz sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəyik”.