Respublikanın Qabaqcıl təhsil işçiləri – Nazim Həsənov

Bu gün orta təhsil müəssisələrində gənc nəslin  təlim-tərbiyəsində  müasir  elmi-pedaqoji  əsaslara  söykənən  və orta  məktəblərdə  çalışdığı sahədə təhsil prosesinin  nəzəriyyə  və metodikasını  dərindən bilən  fənn müəllimlərinə böyük ehtiyac vardır.

Bu müəllimlər öz  işinin  səmərəliliyini  artırmaq  üçün ilkin olaraq, elmi-pedaqoji biliyinə  və metodiki  bacarıq  və təcrübələrinə  arxalanırlar. Onlar, öz işinə  diqqət və qayğı ilə, uşaqlarla iş üsullarının  forma  və metodlarının  bütün üstün cəhətlərindən  istifadə etməklə yaradıcı yanaşırlar. Bu planda, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən pedaqoqlar öz işində özünəməxsusluğu ilə xüsusilə seçilirlər.

Öz işini təhsil islahatının tələbləri səviyyəsində quran, şagirdlərə elmlərin əsaslarını mənimsətməklə yanaşı, onların hərtərəfli inkişafını, yüksək əxlaqi keyfiyyətlərə malik vətən­daş kimi formalaşdırmasını təmin edən Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən biri də Gəncə şəhər 27 nömrəli məktəb-liseyin müəllimi Nazim Həsənovdur.

Nazim Həsənov 1957-ci ildə Ermənistan Respublikası, Masis (Zəngibasar) rayonu, Mehmandar kəndində anadan olub. 1976-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsinə daxil olub və və 1980-ci ildə institutu bitirib. Həmin ildə Mehmandar kənd orta məktəbində, 1989-cu ildə A.S. Puşkin adına 9 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2010-2012-ci illərdə Gəncə Təhsil İdarəsinin Metodik Mərkəzində metodist vəzifəsində, 2015-ci ildən indiyə qədər İ. Məmmədov adına 27 nömrəli məktəb- liseydə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışır.

Nazim müəllim öz işinə həmişə ciddi yanaşır. Bu illər ərzində bir müəllim kimi  fəaliyyəti daim səmərəli olmuş, o, Azərbaycan dilinin incəliklərini, ədəbiyyatımızın zənginliyini şagirdlərinə öyrətməyə və sevdirməyə çalışmış və buna nail ola bilmişdir. O, çalışdığı sahədə öz bacarıq və qabi­liy­yəti, savadı ilə seçilən müəllimlərdəndir. O, uzun illər ərzində əldə etdiyi təcrübədən səmərəli istifadə edir, şagirdlərlə iş prinsipi və qaydalarını seçir və şagirdlərin bu bacarıqlara daha tez və effektli yanaşmasına çalışır.Nazim müəllim dərslərini həmişə savadlı qurur. Bu dərslər adətən şagirdlərin dünyagörüşünə təkan verir, forma­laş­dırır, onların bilik səviyyəsinin daha da artırilmasına və inkişaf etdirilməsinə zəmin yaradır.

Nazim müəllim həm də məktəbdə fəal ictimaiyyətçi kimi tanınır. Tədris ili boyunca məktəbdə hazırlanan tədbirlər­də onun da özünəməxsus rolu vardır. O, dərs dediyi şagirdlə­rin təşkil olunmuş bu təbirlərdə fəal iştirakına çalışır, bu təd­birlərin böyük təhsilverici, tərbiyəedici funksiyalarına böyük diqqət yetirir.

Nazim müəllim həm də yaradıcı bir şəxsdir.  Böyük Azərbaycan şairi M. Şəhriyarın anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley tədbirini hazırlamış və bu işi Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

O, 1994-cü ildən- təxminən 20 il müddətində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiada suallarını hazırlamış və şəhər mərhələsini keçirmişdir.  1994-cü ildən indiyə qədər Azərbaycan dili və ədəbiyyat fənləri üzrə proqram materiallarını hazırlamış və müəllimlərə metodiki tövsiyələr vermişdir. Rəhim Qurbaninin 2013-cü ildə nəşr olunmuş “Göyçə yaraları” kitabının ön sözünün (10 səhifədən ibarətdir), VI siniflər üçün Azərbaycan dili test tapşırıqlarının ( yeni təhsil proqramı- kurikulum üzrə) rəyinin müəllifidir. Aybəniz İbrahimovanın I-IV siniflər üzrə Azərbaycan dili vəsaitinin korrektoru Nazim Həsənovdur.

Nazim müəllim həm də  ”Ədəbiyyat biliciləri” müsabiqəsində münsiflər heyətinin üzvüdür.

Pedaqoq kimi fəaliyyət göstərdiyi bu illər ərzində Nazim müəllim çoxlu sayda mükafatlara layiq görülmüşdür. Onun şagirdləri şəhər və respublika səviyyəsində keçirilən müsabiqələrin qalibi olmuşlar. Şagirdləri keçirilən inşa müsabiqələrində I yerə çıxdığına görə tək Gəncə şəhər Təhsil İdarəsinin 20-dən artıq Fəxri fərmanı ilə təltif olunmuşdur.

Bundan başqa, Gəncə şəhər ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə keçirilmiş “Fənn aylığı”nın qalibi olmuş və Təhsil İdarəsinin Fəxri fərmanına layiq görülmüşdür.  Ümumiyyətlə o, müəllimlik fəaliyyətilə əlaqədar olaraq məktəb rəhbərliyi və  Gəncə şəhər Təhsil İdarəsi tərəfindən 30-a qədər Fəxri Fərmanla təltif olunmuşdur.

Nazim Həsənov artıq respublika səviyyəsində tanınan və qiymətləndirilən pedaqoqlardandır. Onun səmərəli pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif olunmuşdur.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.