“Repetitorluğu ləğv etmək üçün qanunlar sərtləşdirilməli, direktorlar prosesə cəlb olunmalıdır” – Ekspert

“Milli Məclisin Elm və təhsil komitəsinin iclasında akademik İsa Həbibbəylinin irəli sürdüyü fikir təqdirə layiqdir. Amma, bu fikir məsələnin həlli yolu deyil. Repetitorluq fəaliyyəti tarixən olub, olur və olacaq. Ötən əsrin 1970-80-ci illərində repetitorluq dizləri üstündə yeriyirdisə, test üsulundan sonra ayaq açmağa, son dövrlərdə isə avtomobillə hərəkət etməyə başladı. Düşünürəm ki, bu davam edəcək. Ta o zamana kimi ki, şagird orta məktəbdə aldığı təhsillə kifayətlənsin”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, repetitorluq institutunun ləğv olunması üçün şagird gərək alternativ axtarışında olmasın:  “İsa Həbibbəylinin irəli sürdüyü fikir təqdirəlayiqdir. Amma bu fikir məsələnin həlli yolu deyil. Repetitorluq fəaliyyəti tarixən olub, olur və olacaq. Ötən əsrin 1970-80-ci illərində repetitorluq dizləri üstündə yeriyirdisə, test üsulundan sonra ayaq açmağa, son dövrlərdə isə avtomobillə hərəkət etməyə başladı. Düşünürəm ki, bu davam edəcək. Ta o zamana kimi ki, şagird orta məktəbdə aldığı təhsillə kifayətlənsin. Əks halda,təmayülləşmə deyil, hər hansısa ad altında da bu işi görsən, keyfiyyət olmasa, nəticə əldə etmək də mümkün olmayacaq.

Əgər repetitorluq fəaliyyətini sıradan çıxarmağı qarşımıza məqsəd qoyuruqsa, o zaman bizim iki üsulumuz var: Birinci üsul repetitorluqla məşğul olanlarla bağlı xüsusi və sərtləşdirilmiş qaydada qanunlar işləyib hazırlamaq, onları prosesə cəlb etmək, yaxşı məvacib müqabilində orta məktəblər, liseylər və s. kimi müəssisələrdə işə dəvət etməkdir”.

Elçin Əfəndi ikinci üsul kimi təhsil müəssisələrində keyfiyyəti artırmalı, müəllimlərə nəzarəti gücləndirməli, əmək haqlarının nəzərə alınmalı olduğunu qeyd edib:

“Bunu tətbiq edən bir sıra məktəblər, liseylər var. Məsələn, akademik Zərifə Əliyeva adına lisey, Dəyanət liseyi və s. və ilaxır. Burada keyfiyyətli təhsil olduğu üçün şagirdlər repetitorluğa “yox” deyirlər. İstisna hal kimi, bir-iki şagird ola bilər ki, liseyin verdiyi təhsillə ayaqlaşmadıqları üçün, məhz repetitora üz tutsunlar. Orta məktəblərdə elə mühit formalaşıb ki, müəllim şagirdə onun yanına gedib hazırlaşmadığı üçün qiymət yazmır və yaxud, yazırsa da, bu, aşağı olur. Təsəvvür edin, bu cür düşüncəyə malik  “müəllim”lər nə qədərdir. Deməli, buradan belə nəticə çıxır ki, qanunlar sərtləşdirilməlidir. Məktəb direktorları prosesə cəlb edilməli, valideynlərlə daimi əlaqə saxlanılmalıdır. Keyfiyyət artırılmalıdır. Bu zaman repetitorluq 100% deyil, ən azı 80-90% sıradan çıxarıla bilər. Əks halda, təmayül, nə bilim “x” təmayül adı versək də, sərt nəzarət mexanizmi olmadığı halda repetitorluğun təyyarə ilə hərəkətini də görəcəyik”.

Qeyd edək ki, dünən Milli Məclisin Elm və təhsil komitəsinin iclasında akademik İsa Həbibbəyli maraqlı təkliflə çıxış edib. Onun sözlərinə görə, əgər təmayüllü qruplar repetitorluqdan daha keyfiyyətli təhsil verəcəksə, repetitorluq institutu ilə mübarizədən qalib çıxacaq və özünü qoruyub saxlayacaq.

Nəzrin Rüstəmova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.