Bu gün respublikamızın bütün ali təhsil ocaqlarında qış imtahan sessiyası öz startını almışdır. İmtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir, ali təhsil ocaqlarında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı təmin edilir. Gəncə Dövlət Universiteti də belə təhsil ocaqlarındandır. Yanvarın 3-dən GDU-da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası başlamışdır. Burada imtahanlar yüksək səviyyədə təşkil olunmuşdur. İmtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunur, baş verə biləcək bütün mənfi halların qarşısının vaxtında alınması üçün bütün lazımi tədbirlər görülür. Bu, əlbəttə ki, ictimaiyyət tərəfindən rəğbət və hörmətlə qarşılanır.
Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yaradıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 80 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov.
Bu sətirlər GDU-nun rəsmi səhifəsindən götürülmüşdür. Və sitat kimi verilməsi heç də hörmətli rektorun işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşımır. Əksinə, imtahan sessiyası kimi vacib bir prosesə rüşvətsiz, korrupsiyasız qatılan bir ali təhsil ocağına başçılıq edən bu şəxsin sözlərindən sitat gətirməklə, bir növ ona öz ehtiramımızı bildiririk.
Əlbəttə ki, oxucu bu səpkili materialın niyə əvvəllər də yazılmadığını soruşacaqdır. Onu da bildirək ki, əvvəllər Gəncə şəhərində fəaliyyət göstərən universitetlər arasında GDU-dan çox tənqid olunan ali təhsil ocağı olmamışdır. Bu təhsil ocağını nədə tənqid etmirdilər. Korrupsiya, rüşvətxorluq, yerlibazlıq, plagiat əsərlər, yerlipərəst məmurlar…nələr. nələr! Yarı əfsanəvi. yarı gerçək, eşidilən bütün məlumatlar mətbuatın süzgəcindən keçmişdir. Bu şəhərin sakini və bu təhsil ocağı ilə bir neçə on illiklər ərzində bağlılığımı nəzərə alaraq, onu da bildirim ki, bu səpkili məlumatlar çox vaxt öz əsasını tapmamışdır. Lakin, od olmayan yerdən tüstü çıxmaz, deyiblər. Nə qədər olmasa da, məlumatın müəyyən qismi danılmaz faktlar olmuşdur. Bəziləri öz həllini tapmışdır, bəziləri hələ də öz həllini gözləyir. Bəzi dekanlıq təhsilin, tədrisin inkişafı üçün var qüvvəsini həsr etmişdir, bəzi dekanlıq isə təhsilin, tədrisin inkişafında heç də maraqlı olmamışdır. Məsələn, bütün dünyanın hüquqşünasları yığışıb bir məhkəmədə mənə sübut etməyə çalışsa ki, Xarici dillər dekanlığı bu illər ərzində tədrisin, təlim-tərbiyənin və təhsilin inkişafı üçün var qüvvəsini əsirgəməmişdir, mən onları sadəcə, yalnız dəli adlandırardım.
Bu fakültədə övladı təhsil almış bir valideyn kimi məni artıq bu məsələ o qədər də maraqlandırmır. Əvəzində, uzun illər ərzində bəzən hər şeydən çox maraqlandıran, üzən bir sual hələ də mənə rahatlıq vermir: – Görəsən, dekan Əjdər Əsgərovun illər ərzində törətdiyi əməllər cinayət məcəlləsinin hansı maddələri ilə tənzimlənirmiş, yaxud hansı maddələrə daha çox uyğun imiş? Bu səbəbdən, korrupsiya və rüşvətxorluqla bağlı KİV səhifələrində yer almış yazılara müraciət etməklə, bu suala cavab axtarışına çıxmalı olduq. Mövzunun çoxşahəli olduğunu nəzərə alaraq, hansı qənaətə gəlməyi elə oxucunun öz ixtiyarına buraxırıq. Şəxsən mən hansı qənaətə gəlməyi hələ qərara almamışam.
Bu yazıları diqqətinizə çatdırırq. Beləliklə…
Korrupsiya: ölkənin inkişafına və milli təhlükəsizliyə mane olan əsas problem haqda nə bilirik?
Korrupsiyaya qarşı mübarizə hər bir dövlətin həm qəbul etdiyi qanunvericilik aktları, həm də qoşulduğu beynəlxalq konvensiyalar və digər öhdəçiliklərlə tənzimlənir. Bəs korrupsiya nədir?
Korrupsiya latın sözü (“corrupio”) olub, “rüşvətlə satınalma” mənasını daşıyır.
Bu isə bilavasitə müvafiq səlahiyyəti olan vəzifəli şəxsin tutduğu vəzifəyə görə ona verilən hüquqlardan sui-istifadə etməsi nəticəsində varlanması, dövlətə, hüquqi və fiziki şəxslərə ziyan vurması kimi başa düşülür. (Strateq.az)
Korrupsiya ilə Rüşvətin fərqi nədir?
Çoxlarını düşündürən bu suala cavab: rüşvət daha kiçik anlayış olub, korrupsiyanın içində yer alır. Əslində, məsələ necədir?
Korrupsiya, hər hansı dövlət orqanında səlahiyyətli şəxs və ya şəxslərin qanunun maddə və alt maddələrində kiçik dəyişikliklər həyata keçirərək irimiqyaslı cinayətkarlara, cinayət əməllərinə ortaq olmalarıdır. Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsəslələrin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış rüşvətdir. Korrupsiya hər hansı imtiyaz və ya statusdan istifadə nəticəsində həyata keçirilən cinayətdir. (Banco.az)
Korrupsiya nədir?
Kampaniya çərçivəsində görülən işlərin mahiyyətinə varmadan, yalnız korrupsiya və rüşvətin nə olmasına diqqət yetirməyi vacib bildik. Çünki bəzən bir bələdiyyə üzvünü, şirkətin işçisini həbs edib onun korrupsiyada ittiham olunduğunu bildirirlər. Hüquqi nihilizmin hökm sürdüyü Azərbaycanda insanlara bu cür təqdimatlar etmək mümkündür.
Hüquqşünaslarla söhbətimizdən və müvafiq qanunları, ədəbiyyatı araşdırdıqda bəlli oldu ki, korrupsiya dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmenin əməli rüşvət cinayətinə aiddir.
Korrupsiya isə yuxarıda qeyd edildiyi kimi, yalnız rüşvət, yəni konkret pul, bahalı əşya və s. alma anlamına gəlmir. Məsələn, hansısa nazir müavini müəyyən maraqlar naminə inhisarçı, cinayətkar qruplaşmanın xeyrinə qanundankənar hansısa göstəriş verirsə və bu göstəriş nəticəsində sadə insanlar zərər çəkirsə, bu artıq korrupsiya cinayətidir. Yaxud yüksək vəzifəli, siyasi rəhbərliyə aid olan şəxsin başçılığı altında dövlət vəsaitlərinin mütəşəkkil qrup halında talan edilməsi, mənimsənilməsi də korrupsiyaya aiddir.
Adətən əhalimizin əksəriyyəti korrupsiyanı məmurlara rüşvət verilməsi və ya məmurların rüşvət alması kimi başa düşür. Bəziləri korrupsiyanı oğurluq, dövlət pulunun və ya malının mənimsənilməsi və ya fərdin tutduğu vəzifəsindən şəxsi mənfəəti üçün sui-istifadə etməsi kimi təsəvvür edir. Rüşvət korrupsiya kateqoriyasına aid cinayət olsa da, o hələ korrupsioner demək deyil. Rüşvəti dövlət qulluqçusu olmayan adam da ala bilər. Məsələn, hansısa şirkətə işə düzəlmək üçün dövlət qulluqçusu olmayan, bələdiyyə üzvü olan, yaxud heç bir yerdə işləməyən, ictimai fəaliyyətlə məşğul olan adam da. Cinayət Məcəlləsində rüşvətalma 311-ci maddədə əksini tapır.
Maddə 311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya almasıdır…
Sonda müqəddəs kitabımızdan bir sitat gətirək. Qurani-Kərimdə buyurulur: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!” (Müsavat.com_ 08.03.2011
Korrupsiya nədir?
Korrupsiya etimad edilmiş səlahiyyətlərin şəxsi mənafe naminə sui-istifadə edilməsidir. Cəmiyyət arasında korrupsiya ilə bağlı mövcud olan məhdud təsəvvürlərdən biri korrupsiyanın sırf dövlət qurumlarının əmək fəaliyyəti ilə bağlı olmasıdır. Halbuki ictimai maraqların mövcud olduğu bütün sektorlarda (özəl sektor, vətəndaş cəmiyyəti, KİV və s.) insanlar tərəfindən konkret şəxslərə etimad edilmiş müəyyən səlahiyyətlər mövcuddur və bunların sui-istifadə edilməsi ehtimalı var.
Korrupsiya ilə bağlı digər məhdud təsəvvür isə onun formaları ilə bağlıdır. Əksər insanlar korrupsiyanı sadəcə rüşvət olaraq qavrayır. Lakin maddi və qeyri-maddi vasitələrlə törədilməklə korrupsiyanın bir sıra növləri – təzahür formaları mövcuddur. Cəmiyyət arasında ən tanınmış korrupsiya növü rüşvətdir. Bununla belə, korrupsiyanın nepotizm, hədiyyə vermə, mənimsəmə, nüfuzdan istifadə etmə, geri pay alma (откат) və digər növləri var. Miqyasına (kiçik korrupsiya (petty corruption) və böyük korrupsiya (grand corruption) və baş vermə tezliyinə (sistemi korrupsiya və qeyri-mütəşəkkil korrupsiya) görə də korrupsiyanın təsnifatı mövcuddur. ( Academu.az)
Mövzuya qayıdacağıq.
Ruhulla Zahidov, yazıçı-jurnalist.